Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir
Bu xəbəri paylaş
Kaspersky-nin yeni qlobal sorğusuna görə, bütün dünya üzrə istifadəçilər sosial şəbəkələrdə orta hesabla saat yarım vaxt keçirir, üstəlik onların 29%-i bu cür xidmətlərdən işdə istifadə edirlər. Demək olar ki yarısı (44%) bu va ya digər blogeri izləyir və onların da təxminən yarısı (47%) qeyd edir ki, bu, onlara reallıqdan uzaqlaşmağa kömək edir. Hər onuncu şəxs isə bildirir ki, əgər fikir liderlərinin həyatı barədə xəbərlərdən kənarda qalsalar, özlərini sanki nəsə çatışmırmış kimi hiss edirlər.
İnfluenserlər, yəni blogerlər və ya sosial şəbəkədə böyük auditoriyaya malik ulduzlar öz izləyiсilərinə böyük təsir göstərirlər. Belə ki, sorğuda iştirak edənlərin 31%-i qeyd edib ki, bəzi məsələlərə münasibətlərini məhz tanınmış insanların sayəsində dəyişiblər, 38% isə etiraf edib ki, onların tərz və ya vərdişlərindən ilhamlanıblar. Maraqlıdır ki, respondetlərin 22%-i blogerlərə şəxsi mesaj göndərib və təxminən eyni sayda (21%) şəxs onlarla dostluq edə biləcəyinə inanır.
“Çoxları hələ də sosial şəbəkələrin mənfi və müsbət tərəfləri arasında balans axtarışındadır. Baxmayaraq ki, sosial şəbəkələr bu gün bir çox məsələlərdə cəmiyyətə müsbət təsir göstərir – bu fikri sorğuda iştirak edənlərin yarısı dəstəkləyir – təəssüf ki, bu cür platformalar fırıldaqçılıq, saxta xəbərlər və dipfeykin (deepfake – foto və ya videodakı şəxsin başqa birinin bənzərliyi ilə əvəz edilməsi) yayılması üçün tez-tez istifadə edilir. Təcavüzkarlar tez-tez fikirlərinə çoxlarının önəm verdiyi blogerlərin adından çıxış edirlər. Məhz buna görə də, tənqidi düşüncəni saxlamaq və internetdən gələn məlumatlara diqqətlə yanaşmaq lazımdır”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)