Bakıda 1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu keçirilib - FOTO

Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil olunan 1-ci Alman-Azərbaycan
Dayanıqlılıq Forumu 12 oktyabr 2021-ci il tarixində JW Marriott Absheron Baku
Hotelində baş tutub. Azərbaycan və Almaniyadan olan 150-yə yaxın yüksək vəzifəli biznes
nümayəndəsini bir araya gətirən tədbirdə “Azərbaycanda Su İnfrastrukturunun Dayanıqlı
İnkişafı” mövzusunda müzakirələr aparılıb.
 

Forumun əsas məqsədi yaşıl texnologiyalar sahəsinə maraq göstərən Alman və Azərbaycan
şirkətlərini, müvafiq iqtisadi və siyasi qurumların yüksək vəzifəli nümayəndələrini, o cümlədən
bu sahə üzrə mütəxəssisləri bir araya gətirərək aktiv təcrübə mübadiləsi üçün səmərəli bir
platforma yaratmaqdır. Bundan əlavə, tədbir panel müzakirələri, mütəxəssis çıxışları, seminarlar
və B2B görüşləri fonunda eksklüziv dövlət-özəl dialoq imkanları təklif edir.
 

Forum “Azərbaycanda Su İnfrastrukturunun Dayanıqlı İnkişafı” mövzusu üzrə  
Almaniya Federativ Respublikasının Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi
üzrə Federal Nazirliyi tərəfindən maliyyələşdirilən alman şirkət nümayəndələrinin Azərbaycana 4
günlük işgüzar səfəri çərçivəsində təşkil olunmuşdur.  
 

Tədbirin açılış nitqini AHK Azərbaycanın İcraçı direktoru, cənab Tobias Baumann edib və
görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Bunun ardınca, Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini cənab Rauf Hacıyev, Almaniyanın
Azərbaycandakı səfiri Dr Wolfgang Manig və AHK Azərbaycanın İdarə Heyətinin sədri cənab
Fərid İsayev tədbir iştirakçılarını açılış nitqi ilə salamlayıblar.  
 

Cənab Rauf Hacıyev, Azərbaycanda su təminatlarının yaxşılaşdırılması və su ehtiyatlarından
səmərəli istifadənin təmin edilməsi məqsədilə hökumət tərəfindən həyata keçirilən bir sıra
tədbirlər haqqında iştirakçılara məlumat verib. O, işğaldan azad edilmiş ərazilərin təbii
sərvətlərindən dayanıqlı və səmərəli istifadə etmək üçün hökumətin Qarabağ və Şərqi Zəngəzur
iqtisadi bölgəsindəki digər təşəbbüslərini və investisiya planlarını da təqdim edib. Nazir müavini,
AHK Azərbaycanın və Almaniya Federal Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi Nazirliyinin dəstəyi ilə ərsəyə gələn bu xüsusi platformanın, ölkənin müvafiq
sahədə istifadə olunmamış potensialının qiymətləndirilməsində çox mühüm rol oynadığını
bildirib.  
 

Almaniyanın xarici iqtisadi siyasətinin çox vacib bir sütunu olan AHK Azərbaycan haqqında
danışan Dr Wolfgang Manig, yerli bazar haqqında məlumatlılığı artırmaq üçün hər iki ölkənin
yüksək səviyyəli tərəflərini bir araya gətirməkdə və yeni əməkdaşlıqların təməllərinin atılmasında
Palatanın vacib rolunu vurğulayıb. Cənab Səfir, onu da qeyd edib ki, bu heyət səfərində yüksək
səviyyəli Alman KOBİ-lərinin iştirakı, Almaniyanın Azərbaycanda Dayanıqlı İnkişaf
Məqsədlərini (Məqsəd 6: Hamıya suyun və kanalizasiya xidmətlərinin əlçatanlığını təmin etmək)
reallaşdırmağa töhfə vermək istəyinin bariz nümunəsidir.  
 

Rəsmi açılışdan sonra nümayəndə heyəti iştirakçıları öz şirkətlərini və təklif etdikləri
texnologiyaları təqdim ediblər. Forum, hal-hazırda işini sənaye sahəsində suyun və tullantı
sularının idarə edilməsində və kənd təsərrüfatında dayanıqlılıq mövzularında panel müzakirələri,
interaktiv seminarlar və B2B görüşləri ilə davam etdirir.
 

Bu tədbir xüsusi karantin rejiminin bütün tələblərinə və Covid-19 qaydalarına tam uyğun olaraq
və təhlükəsizlik və sağlamlıq tədbirləri üzrə tövsiyələrə ciddi riayət edilməklə təşkil olunmuşdur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020