"Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihəsi çərçivəsində şəhidlərin anım tədbiri keçirildi - VİDEO
Bu xəbəri paylaş
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın vəfatının ildönümünə həsr olunmuş anım tədbiri təşkil olunub. Qeyd edək ki, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsinin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına, ailələrinə xalq qayğısının daimi olacağını bir daha hiss etdirməkdir.
Anım tədbiri səhər saatlarında 2-ci Fəxri Xiyabandan start götürdü. Şəhid anaları və şəhid övladları ekskursiya avtobuslarında 2-ci Fəxri Xiyabana gəldilər. Şəhid övladları öz atalarının rəsmi həkk olunmuş geyimlərdə, digər uşaqlar isə subay şəhidlərimizin rəsmləri olan geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə tədbirə qatılmışdılar.
Anım tədbirinin ikinci hissəsi Bibiheybət məscidində davam etdi. Şəhid ailələri Fatimeyi-Suğranın məzarını ziyarət etdikdən sonra Azərbaycanın Xalq Artisti Alim Qasımov azan oxudu. Din xadimi Hacı Surxan şəhidlərimizin ruhuna dualar oxudu və hər kəsi namaza dəvət etdi. Şəhid valideynləri ibadət etdi, dualar oxudu.
Tədbirin rəsmi və bədii hissəsi isə “Mangal Steake House” restoranında baş tutdu. Qeyd edək ki, sözügedən məkanda şəhidlərin ruhuna ehsan verildi. Rəsmi hissədə 052 saylı hərbi hissənin qulluqçusu Aydın Eyyubov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov, General-mayor Polad
Həşimovun anası Səmayə Xanım, şəhid İbrahim İbrahimovun anası, Xüsusi Təyinatlı Qüvvələrin qazi zabiti çıxış etdi. Onlar şəhid adının müqəddəsliyindən danışaraq, mərd şəhid qardaşlarımızın daim bu xalqın yaddaşında əbədi yaşayacağını qeyd etdilər.
Anım tədbirinə qatılan sənət adamları Alim və Fərqanə Qasımovlar, Rasim Balayev, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Abbas Bağırov, Azər Zeynalov tədbirin bədii hissəsində çıxış etdilər.
Sonda sənət adamları şəhid anaları və şəhid övladları ilə birlikdə “Zəfər marşını” ifa etdi.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)