GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ
Bu xəbəri paylaş
GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ
#korrupsiya Rüşvət alan xəstəxana direktorunun işi MƏHKƏMƏDƏ
“Ağcabədi rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləmiş Fövzi Tahirovun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Bu barədə Baş Prokurorluqdan verilən məlumatda bildirilib.
Məlumata görə, Fövzi Tahirovun qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2019-2020-ci illər ərzində xəstələrin sənədlərinin əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə aidiyyəti qurumlara göndərilməsi müqabilində hər bir şəxs üçün 500-2000 manat olmaqla ümumilikdə 24 şəxsdən 28 min 400 manat məbləğində pul vəsaitini xidməti otağında rüşvət qismində almasına əsaslı şübhələr müəyyənləşib.
Bundan başqa, istintaq zamanı Fövzi Tahirovun rəhbərlik etdiyi tibb müəssisəsinə işə qəbul olunmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərin qeyd olunan xəstəxanada işlə təmin olunması müqabilində 3 min manat pul vəsaitini xidməti otağında təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
========================================
#qəza Həftəsonu 9 nəfər yol qəzasında ölüb
İstirahət günlərində baş verən yol qəzalarının statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, son iki gün ərzində avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib.
Yol qəzalarında 9 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
=========================================
#sədr Sabiq sədr rüşvət müqabilində torpaq sahələrini satdı
Bərdə rayonu, Şorəlli kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, Şorəlli bələdiyyəsinin sabiq sədri Raqub Kərimov işlədiyi müddət ərzində öz qulluq səlahiyyətlərindən istifadə edərək vətəndaşdan rüşvət almaqla torpaq sahələrini geri tarixlərə sənədləşdirib rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, Raqub Kərimov qeyd olunan maddələrlə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.
=========================================
#icaze Xocavəndə icazəsiz keçmək istəyənlər saxlanıldı
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, oktyabr ayının 17-də rayonun Binə kəndi ərazisində təyin edilən nəzarət postunda Göygöl rayon sakini Ariz Abdullayevin idarə etdiyi “Kamaz” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb.
Yoxlama zamanı A.Abdullayevin sərnişinləri – Göygöl rayon sakini Qürbət Qocayev və Orxan Paşayev ilə birgə müvafiq icazələri olmadan rayon ərazisinə daxil olduqları müəyyən edilib.
Həmçinin avtomobilin yük yerinə baxış zamanı əlvan metallar da aşkar edilərək götürülüb.
Fatla bağlı araşdırma aparılır.
=========================================
#qətl İş yoldaşları arasında bıçaqlanma baş verdi
Oktyabrın 16-sı saat 22 radələrində Füzuli rayonu ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1981-ci il təvəllüdlü Zamin Mehdiyevin aralarında yaranmış mübahisə zamanı Şükür Əhmədova bıçaqla xəsarət yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Zamin Mehdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
=========================================
#məktəb 22 yaşlı oğlan məktəbin həyətində özünü asdı
Kürdəmirdə 22 yaşlı gənc intihar edib.
Rayonun Şahbəyli kənd sakini, 1999-cu il təvəllüdlü Səfərov Əli Habil oğlu özünü kənd məktəbinin həyətində asıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
==========================================
#yanmaq Zaqatalada vəkilin avtomobili yandı
Zaqatalada Vəkillər Kollegiyasının üzvü, vəkil Azər İsmayılova məxsus avtomobil yandırılıb.
Bu barədə Unikal.org-a vəkil özü məlumat verib.
O qeyd edib ki, avtomobili yandırmaqda şübhəli bildiyi şəxs var:
"Hadisə yaşadığım binanın həyətində baş verib. Maşını benzinlə yandırıblar. Həmin şəxsin adını açıqlamaq istəmirəm, ancaq hesab edirəm ki, bunu edən şəxs mənim müdafiə etdiyim şəxsin işi üzrə qarşı tərəfdir".
=========================================
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)