“Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktik konfrans
Bu xəbəri paylaş
“Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktik konfrans
21-22 oktyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq “İstiqlal” ordenli Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Azərbaycan Milli Xalça Muzeyində hibrid formatda (canlı və onlayn iştirak) keçiriləcək konfransın açılışı 21 oktyabr saat 10:00-da olacaq.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq konfransa Azərbaycan, Türkiyə, Yaponiya, Argentina, Ukrayna, Türkmənistan, Rusiya, Latviya, Avstriya, Almaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan 34 mütəxəssis qatılacaq. İkigünlük akademik sessiyada konfrans iştirakçıları “Xalçaçı rəssamlar ənənə çərçivəsində”, “Xalça müasir rəssamların yaradıcılığında”, “Müasir xalça sahəsində kurator layihələri”, “Azərbaycanın müasir xalça sənəti” mövzularını əhatə edən məruzələrlə çıxış edəcəklər. Pandemiya şəraiti ilə əlaqədar bir sıra ölkələrdən olan mütəxəssislər konfransa onlayn şəkildə qoşulacaqlar.
Konfrans çərçivəsində qonaqlar üçün mədəni proqram da nəzərdə tutulub. Onlar Azərbaycan MilliXalça Muzeyinin ekspozisiyası ilə tanış olacaqlar, “İçərişəhər” Muzey Mərkəzini, Heydər Əliyev Mərkəzini ziyarət edəcəklər.
Oktyabrın 22-də tədbir iştirakçıları Fəxri Xiyabana gələrək Xalq rəssamı Kamil Əliyevin məzarını ziyarət edəcək, sənətkarın xatirəsini ehtiramla yad edəcəklər
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)