Lənkəran Dövlət Dram Teatrı özünün 131-ci mövsümünə başlayıb- (AZpressAZ-B.Ağaddin, +FOTO=15)

Lənkəran Dövlət Dram Teatrı özünün 131-ci mövsümünə başlayıb- (AZpressAZ-B.Ağaddin, +FOTO=15)

 

Oktyabrın 20-də Lənkəran Dövlət Dram Teatrı 131-ci mövsümünə start verib. Bu münasibətlə keçirilən tədbirdə teatrın direktoru Tofiq Heydərov çıxış edərək yeni mövsümdə yaradıcı kollektivin qarşısında duran vəzifələrdən və planlardan danışıb. AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, direktorun sözlərinə görə, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Qurbanovun rəhbərliyi ilə yaxın vaxtlarda teatrda osetin dramaturqu Georgi Xuqayevin “Varlı ev” tamaşasının məşqlərinə başlamaq nəzərdə tutulub. Gənc rejissor Tərlan Abdullayev isə Xanımana Əlibəylinin şeirləri əsasında səhnələşdirdiyi “Ləpələrin nağılı” tamaşasının son məşqlərini aparır. Bu səhnə əsəri noyabrın əvvəllərində azyaşlı tamaşaçıların ixtiyarına veriləcək.

 

Qeyd olunub ki, yeni mövsümdə sənətsevərlərə digər yeni səhnə əsərləri də təqdim olunacaq.
Açılış mərasimindən sonra klassik Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Vəfalı Səriyyə və ya göz yaşı içində gülüş” tamaşası nümayiş etdirilib. Ailə-məişət mövzusundan bəhs edən bu səhnə əsərində cəmiyyətin əsas mövcud problemləri, o cümlədən ictimai, əxlaqi-mənəvi inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun cəmiyyətə və əxlaqa göstərdiyi pozucu təsiri kəskin tənqid olunur.

 

Maraqla izlənilən tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir. Rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020