Azərbaycan könüllülərinin iştirakı ilə "Dəmir Yumruq" intellektual liqası keçirilib - FOTO
Bu xəbəri paylaş
Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 44 günlük Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş “Dəmir Yumruq” intellektual liqası keçirilib.
Könüllülərin intellektual bilik və bacarıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də təşkilatlar arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə keçirilən yarışda İttifaqa üzv təşkilatları təmsil edən 50 könüllüdən ibarət 10 komanda iştirak edib.
“Nə? Harada? Nə zaman?” formatında keçirilən müsabiqə sona qədər gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekunda “Miqrasiya Könüllüsü” İctimai Birliyini təmsil edən könüllülərdən ibarət komanda bütün rəqiblərini üstələyərək kubokun sahibi olub. Turizm Könüllüləri və Gənc Könüllüləri təmsil edən komandalar isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər. Müsabiqədən sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara kubok, medal və dəyərli hədiyyələr təqdim olunub.
AKTİ-nin fəaliyyəti çərçivəsində Azərbaycan könüllüləri arasında keçirilən intellektual oyun və idman yarışlarının növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)








