Peru mətbuatı işğaldan azad olunmuş Azərbaycan ərazilərində müşahidə olunan erməni vandalizmi və müharibə cinayətləri barədə yazıb
Bu xəbəri paylaş
Perunun nüfuzlu “La Razon” xəbər portalında azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Karlos Linaresin bölgədə şahidi olduğu erməni vandalizmi, kütləvi dağıntılar, ərazilərin minalanması və erməni müharibə cinayətləri haqda “Ölüm və xərabəlik: Azərbaycanla Ermənistan arasında müharibənin yara izləri” başlıqlı məqaləsi dərc olunub.
Yazıda ilk olaraq, Qarabağ bölgəsi və ətraf rayonların beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanındığı, ancaq bu ərazilərin 28 il ərzində Ermənistan tərəfindən hərbi işğalda saxlanıldığı və ötən il baş vermiş 44 günlük müharibə nəticəsində Azərbaycan ordusu tərəfindən azad ediliyi məlumat verilir.
Cəbrayıl, Fizuli, Ağdam və Şuşa şəhərlərində şahidi olduğu vəziyyəti qələmə alan müəllif, “yerlə-yeksan” siyasəti yürüdən Ermənistanın adıçəkilən əraziləri “kabus şəhərlər”ə çevirdiyi, burada mövcud olmuş yaşayış infrastrukturunu tamamilə məhv etdiyi, bölgəni kütləvi şəkildə minaladığı, bu partlayıcı qurğuların tərəflər arasında imzalanmış 10 noyabr 2020-ci il bəyanatından keçən vaxt ərzində 100-dən çox azərbaycanlının həlak olması və xəsarət alması ilə nəticələndiyini bildirir və XİN-in mətbuat katibi Leyla Abdullayevaya istinadən Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyi və beynəlxalq ictimaiyyətin bu xüsusda rəsmi İrəvana təsir etməli olduğunu qeyd edir.
Bununla yanaşı, bölgədə tarixi-memarlıq abidələrinin, məscid və sarayların, ümumilikdə Azərbaycana məxsus tarixi-mədəni irsin Ermənistan tərəfindən məqsədyönlü şəkildə məhv edildiyi bildirilir və Xarici İşlər nazirinin müavini Elnur Məmmədova istinadən erməni tərəfinin törətdiyi bu müharibə cinayətlərinə görə Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcəyi qeyd olunur.
Azad olunmuş ərazilərlə yanaşı, Gəncə şəhərini ziyarət edən müəllif, hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən bir sıra Azərbaycan şəhərlərinin, o cümlədən ölkənin ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan tərəfindən gecə saatlarında, humanitar atəşkəs zamanı ballistik raket zərbələrinə məruz qoyulduğu, bu zaman arasında azyaşlı uşaq və qadınlar da olmaqla onlarla mülkü azərbaycanlının həlak olduğu və yaralandığını məlumat verir.
Sonda bölgədə davamlı sülhün təmin edilməsinin vacibliyi qeyd olunur və bu məqsədə nail olunması üçün Azərbaycanın Ermənistandan onun ərazi bütövlyünü tanımasını, öz təcavüzkar siyasətindən əl çəkməsini, sərhədlərin demarkasiyası və yekun sülh sazişinin razılaşdırılması işinə başlamasını tələb etdiyi deyilir.
https://larazon.pe/muerte-y-desolacion-cicatrices-de-la-guerra-entre-azerbaiyan-y-armenia/
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)