Sevinc Abdullayeva: Strateji tərəfdaşlığın tükənməz perspektivi
Bu xəbəri paylaş
Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Son zamanlar baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz nümunədir. İkinci Qarabağ müharibəsindən sonra iki qardaş ölkənin münasibətlərinin inkişaf xarakteri və dinamikası bir daha göstərir ki, yeni tarixi şəraitdə onlar daha dərin və əhatəli əlaqələr səviyyəsinə keçməkdə qətiyyətlidirlər. Bu gün hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün çox böyük səy göstərirlər.
Qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Türkiyə arasında 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan Bəyannamə də artıq tarixi sənəd kimi qiymətləndirilir. Bəyannamədə iki müstəqil türk dövləti arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinin siyasi-hüquqi çərçivəsi və konseptual istiqamətləri dəqiq müəyyənləşdirilmişdir. Belə ki, sənəddə bir çox önəmli məsələlər öz əksini tapmışdır. Bütövlükdə sənədin tarixiliyini təmin edən məqamlardan biri məhz münasibətlərin hüquqi zəmində qurulması və inkişaf etdirilməsi ilə əlaqəlidir. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir.
Bütün dünya bu gün haqq mübarizəsi aparan Azərbaycanın yanında Türkiyə kimi böyük dövlətin olduğunu görür. Türkiyə Prezidentinin, dövlət rəsmilərinin, bütün türk cəmiyyətinin bizə verdiyi mənəvi və siyasi dəstək Azərbaycanın gücünü və qüdrətini daha da artırır. Bütün göstərilən bu dəstəyi Azərbaycan xalqı çox yüksək qiymətləndirir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində birgə iştirakı birliyin gücünün növbəti dəfə nümayişidir. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişdir. Ümumiyyətlə, Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Bütün işlərdə, o cümlədən işğaldan azad edilən torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir.
Zəngəzur dəhlizinin strateji əhəmiyyəti haqqında bildirmək istəyirəm ki, Qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsində böyük rol oynayacaqdır. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Bəli, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaqdır. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaqdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin işğaldan azad edilən ərazilərə səfərləri bu yerlərin həyatında yeni dövrün başlandığından xəbər verir. Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldular. Bu gün Ermənistanın işğal dövründə dağıtdığı, talan etdiyi şəhər və rayonlarımız Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə kompleks şəkildə bərpa olunur, yenidən qurulur. Əminik ki, dövlət başçısının rəhbərliyi ilə qısa bir zamanda Zəngilanın Ağalı kəndi də yeni görkəmdə bütün dünyaya təqdim olunacaqdır.
İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan qalib dövlət kimi daha da inkişaf edəcəkdir. Yaşasın Azərbaycan Xalqı!
Sevinc Abdullayeva, YAP üzvü
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)