Könüllü qəhrəmanların "Açıq mikrofon" formatında görüşü baş tutub - FOTO
Bu xəbəri paylaş
Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə ölkənin dörd bir yanından qoşulan könüllülərin, üzv təşkilatların nümayəndələrinin və AKTİ katibliyinin iştirakı ilə “Könüllü qəhrəmanların oktyabr görüşü” adlı tədbir keçirilib.
Bakı Gənclər Mərkəzində hibrid formatında keçirilən görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Qonaq qismində dəvət olunmuş Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov açılış nitqində Azərbaycan könüllülərinin fəaliyyətlərinin ölkə rəhbərliyi tərəfindən olduqca yüksək qiymətləndirildiyini, onların istər fərdi, istərsə də peşəkar inkişafı istiqamətində görülən işlərin hər zaman xüsusi diqqət mərkəzində saxlandığını qeyd edib. Ölkə rifahının yaxşılaşdırılması istiqamətində könüllülərin göstərdikləri xidmətlərin əvəzsiz rol oynadığını bildirən Fərid Cəfərov, onlara gələcək fəaliyyətlərində də yeni nailiyyətlər və uğurlar arzu edib. Daha sonra, Vətən müharibəsi qazisi, “Nəqliyyat Könüllüləri” proqramının könüllüsü Orxan İsazadə çıxış edərək 44 günlük müharibədə keçdiyi döyüş yolu və qazanılan şanlı Zəfər barədə təəssüratlarını iştirakçılarla bölüşüb, arxa cəbhədə, informasiya müharibəsində yorulmadan mübarizə aparan könüllülərin əməyini xüsusi vurğulayıb.
İttifaqın sədri Yusif Vəliyev ötən iki ay ərzində Azərbaycan könüllülərinin iştirakı ilə görülən işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, AKTİ-nin fəaliyyəti çərçivəsində könüllülər müxtəlif təmizlik və maarifləndirmə aksiyalarında, eləcə də sosial tədbirlərdə yaxından iştirak ediblər. Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar olaraq 1600-dən çox könüllünün iştirakı ilə müxtəlif fləşmoblar, intellektual oyunlar və idman yarışları daxil olmaqla bir sıra kütləvi tədbirlər keçirilib. Bu xüsusda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən “Zəfər Liqası” futbol turnirinin növbəti ayda da davam edəcəyi qeyd olunub.
Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələri, işğaldan azad edilmiş torpaqlarda hazırkı mövcud vəziyyət, eləcə də şəhərin tarixi-mədəni irsi, görülən abadlıq-quruculuq işləri ilə tanışlıq məqsədilə Şuşa şəhərinə 50 könüllü və nümayəndə heyətinin iştirak etdiyi səfər təşkil edilib.
Əlavə olaraq, könüllülərin müxtəlif istiqamətlərdə nəzəri və praktiki təcrübə imkanlarının artırılması və karyera quruculuğunun formalaşdırılmasına dəstək məqsədilə Azərbaycan Könüllülərinin İnkişaf Proqramına start verilib. “Regional İnkişaf” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən “Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı” çərçivəsində isə könüllülərlə iş sahəsində çalışan əməkdaşların bu sahədə bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə 34 əməkdaşın iştirak etdiyi silsilə təlimlər keçirilib.
11 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş hərbi cinayətlər nəticəsində həlak olmuş mülki vətəndaşlarımızın xatirəsinin yad edilməsi məqsədilə Gəncə şəhərinə səfər təşkil edilib. Səfər çərçivəsində Azərbaycan könüllüləri tərəfindən 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar bəyanat səsləndirilib.
Qeyd olunub ki, növbəti aylarda da İttifaqın fəaliyyəti çərçicvəsində könüllülərin asudə vaxtının səmərəli və əyləncəli təşkili, müxtəlif istiqamətlərdə bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə inkişaf proqramları, dil kursları, təlimlər, intellektual və idman yarışlarının davam etdirilməsi nəzərdə tutulub.
Açıq mikrofon formatında davam edən tədbirdə İttifaqa üzv təşkilatları təmsil edən könüllülərin həyata keçirilən fəaliyyətlərlə bağlı fikirləri, təklifləri dinlənilib və növbəti aylarda görüləcək işlər müzakirə edilib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)








