Dr.Telman Aytayev "Payız-qış mövsümünün infeksion xəstəliyi - su çiçəyi və ondan qorunma yolları hansılardır" sualını cavablandırıb

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Dr.Telman Aytayev “Payız-qış mövsümünün infeksion xəstəliyi - su çiçəyi və ondan qorunma yolları hansılardır” sualını cavablandırıb.


Payızın ikinci yarısı ilin o dövrüdür ki, bu zaman nəinki xroniki xəstəliklər kəskinləşir, həm də müxtəlif virus infeksiyalarına yoluxma riskləri artır. Bu infeksiyalardan biri də su çiçəyidir. Su çiçəyinin xarakterik yayılma vaxtı payız-qış mövsümüdür. Bu günə su çiçəyi dünyada ən çox yayılmış infeksiyadır. Onu törədən virus - Herpes viruslar ailəsinə aid olan Varisella-Zosterdir. Yalnız insanlarda xəstəlik törədir və hava-damcı yolu ilə, nadir hallarda isə anadan bətnində olan uşağa ötürülür.


Su çiçəyi virusu çox yoluxdurucudur, əgər kollektivdə kimsə bu virusa yoluxubsa, çox ehtimal ki, əvvəllər bu xəstəliyi keçirməyən qalan əməkdaşlar da (95%) yoluxacaq. Su çiçəyi xəstəliyinə daha çox 2 yaşdan yuxarı uşaqlar tutulur. Bəzən uşaq kollektivlərində bu infeksiya sürətlə yayıla bilir. Bu zaman virus həmin müəssisədə kiçik məsafələrlə (otaqdan otağa) deyil, böyük məsafələrlə də (bir mərtəbədən o biri mərtəbəyə) sürətlə yayıla bilir.


Xəstəliyin ağırlaşması zamanı çox ciddi fəsadlar olur və bəzən hətta ölüm həddinə qədər gətirib çıxara bilir. Ona görə də bu xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz. Düzdür, su çiçəyindən sonra insanda immunitet yaranır. Amma bu xəstəliyi keçirən şəxslər bəzən fikir vermədikdə, dəridə xəstəliyin əlamətləri uzun müddət qala bilir. Su çiçəyinə sadə infeksiya kimi yanaşmaq olmaz. Bu xəstəliyə yoluxmuş şəxs mütləq yataq rejimində olmalıdır. Soyuqdəymə və digər infeksiyalardan mütləq qorunmaq lazımdır.
Su çiçəyinə yoluxmuş xəstələrin əksəriyyəti onu yüngül keçirir, lakin immuniteti zəif olan yenidoğulmuşlar, yeniyetmələr və bəzi yaşlı insanlar üçün su çiçəyi ağır xəstəlik olub, fəsadlar yarada bilir. Virus orqanizmə yuxarı tənəffüs yolları vasitəsilə daxil olur. Bədənin temperaturu qalxan zaman səpkilər yaranmağa başlayır. Səpki əvvəlcə üzdə, başın tüklü hissəsində yaranır, sonra bədənin başqa yerlərinə yayılır. Bu səpki yox oluncaya qədər vanna qəbul etmək olmaz. Su çiçəyindən qorunmağın ən yaxşı yolu – peyvənddir.


Su çiçəyinə qarşı peyvəndin vurulmasının məqsədi – infeksiyanın ağır keçmsinin profilaktikası və immuniteti formalaşdırmaqdır.  Uşaqlara 1 yaşdan sonra vaksinasiya icazə verilib. Hamiləlik planlaşdırıldıqda da, bu qadınlar peyvənd oluna bilər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020