AMADA Avropa Şurasında insan hüquqları ilə bağlı daha bir beynəlxalq layihəni uğurla həyata keçirib

AMADA Avropa Şurasında insan hüquqları ilə bağlı daha bir beynəlxalq layihəni uğurla həyata keçirib

 4 noyabr tarixində Avropa Şurasının İnsan Hüquqları üzrə Ekspertlər Qrupunun növbəti iclası keçirilib. AMADA-nın direktoru, Avropa Şurasının İnsan Hüquqları üzrə Ekspertlər Qrupunun sədr müavini Şəfəq Hüseynli iclasda iştirak edib.
Tədbirdə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən tövsiyə olunan Antidopinq icraatları zamanı ədalətli dinləmələrə dair ümumi prinsiplər müzakirə edilib. Müzakirələr zamanı sənədin daha da təkmilləşdirilməsi üçün müəyyən təkliflər verilib və yekun variantın hazırlanaraq Avropa Şurası Nazirlər Komitəsinə təqdim edilməsinə qərar verilib.
Tədbirdə çıxış edən Şəfəq Hüseynli müəllifi olduğu dünyada antidopinq icraatı zamanı idmançıların hüquqlarının təminatı ilə bağlı layihə barədə geniş təqdimat edib. Sözügedən layihə Şəfəq Hüseynli tərəfindən ötən ilin dekabrında Antidopinq Konvensiyası Monitorinq Qrupunun 52-ci iclasında təqdim edilmiş və Avropa Şurası tərəfindən dəstəklənmişdi. Antidopinq sahəsində idmançıların hüquqlarının təmin edilməsi üzrə ilk beynəlxalq irimiqyaslı araşdırma olan bu layihə Avropa, Asiya, Amerika, Afrika qitələrindən və Okeaniyadan olan 60-dan çox milli antidopinq təşkilatını əhatə edib. Şəfəq Hüseynli bildirib ki, bu araşdırma idmançı hüquqlarının təmin edilməsinin keyfiyyət və kəmiyyət baxımdan qiymətləndirilməsinə, mövcud təcrübələrin öyrənilməsinə və icraat zamanı mövcud olan boşluqları və uyğunsuzluqları müəyyənləşdirməyə imkan verir. Layihənin icrası zamanı ədalətli dinləmələrə dair ümumi prinsiplər nəzərə alınmaqla mövcud vəziyyət ətraflı təhlil edilib. Buna görə də layihə antidopinq icraatları zamanı ədalətli dinləmələrə dair ümumi prinsiplərin yekun variantının hazırlanmasına da töhfə vermiş olacaq. Layihənin yekunları ilə bağlı hazırlanan hesabat Avropa Şurası Monitorinq Qrupunun iclasında təqdim ediləcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020