Milli Məclisin sədri Sahibə Qafarovanın Milli Məclisin iclasında çıxışı

Milli Məclisin sədri Sahibə Qafarovanın Milli Məclisin iclasında çıxışı

Noyabrın 5-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu iclas Azərbaycan tarixinin şanlı bir hadisəsi ərəfəsində keçirilir. Noyabrın 8-də xalqımız 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizi  təcəssüm etdirən Zəfər Gününü qeyd edəcəkdir.


Milli Məclisin sədri  bu Zəfəri Azərbaycana bəxş etmiş möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizin cəsur əsgər və zabitlərinə, qazilərimizə Milli Məclis adından minnətdarlığını bildirib və onları ürəkdən təbrik edib. Spikerin sözləri alqışlarla qarşılanıb.


Spikerin təklifi ilə Zəfər Günü münasibəti ilə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlanaraq Azərbaycan xalqının və dövlətinin rifahı və yüksəlişi naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulanıb. Təklif alqışlarla qarşılanıb.


Sonra Sahibə Qafarova diqqətə çatdırıb ki, təəssüf ki, heç bir müharibə itkisiz olmur. Bizim də bu müharibədə şəhidlərimiz var.   


İclasda həm 44 günlük Vətən müharibəsində, həm də ondan əvvəl, birinci Qarabağ müharibəsində, digər döyüşlərdə Vətən və xalq yolunda canını fəda etmiş şəhidlərimizin, Ermənistanın törətdiyi soyqırım və dövlət terrorizmi aktları nəticəsində dinc şəhər və kəndlərimizdə dünyasını dəyişmiş insanlarımızın – mülki şəxslərin  xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.


Sonra Milli Məclisin sədri bildirib ki, bugünkü iclasın gündəliyinə 10 məsələ daxildir. Birinci məsələ  8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı ilə bağlıdır.


Spiker diqqətə çatdırıb ki, 1 il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimizin əldə etdiyi hərbi zəfər Azərbaycanın müstəqillik tarixinin müstəsna əhəmiyyətli hadisələrindən biridir. Tarixə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirilib, Azərbaycan torpaqlarının böyük bir hissəsi işğaldan azad olunub. Döyüş meydanında qazanılan böyük zəfər siyasi-diplomatik müstəvidə də təsdiq edilmiş, Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla Azərbaycana qaytarılması nəticəsində tarixi ədalət bərpa edilib. Azərbaycan BMT-nin, digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin edib, uzun illər ərzində dövlətimizin inkişafına mane olan Ermənistan–Azərbaycan münaqişəsinə son qoyub.


Sahibə Qafarova qeyd edib ki, təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar açmış bu şanlı qələbənin əldə edilməsi bir neçə amillə bağlıdır. Əlbəttə, ən mühüm amil son 28 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomenidir. 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra Ulu öndər Heydər Əliyevin həyata keçirməyə başladığı, daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaradıcı surətdə davam etdirdiyi quruculuq və inkişaf strategiyası Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə və geniş bir bölgədə söz sahibinə çevirib. Xalqın maraqları və tələbatı üzərində qurulan dövlət siyasəti qarşıya qoyulan hər bir vəzifəni uğurla yerinə yetirməyə imkan verir.


Qələbənin daha bir amili ölkəmizin nəhəng siyasi, iqtisadi və hərbi potensialının  yaradılması, müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələrin formalaşdırılması olub. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında layiqli yer tutur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanında nəyə qadir olduğunu bütün dünya görüb yəqin etmişdir. Misilsiz fədakarlıq və əzmkarlıq sayəsində Şuşanı, digər şəhər və kəndlərimizi düşməndən təmizləyən əsgər və zabitlərimizin qəhrəmanlığı bizim qürur mənbəyimizdir. Bu gün Azərbaycan Ordusunun döyüş taktikası dünyanın bir çox ölkələrinin hərbi məktəblərində öyrənilir.


Böyük Zəfərin bir amili də ölkəmizdə mövcud olan milli birlikdir. Müharibə günlərində xalqımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşmişdi. Azərbaycan xalqının bütövlüyünün rəmzinə çevrilən bu yumruq düşmənə endirilən ağır zərbələrin ifadəsi idi. Bu birliyin və qüvvətin qarşısında düşmən duruş gətirə bilməzdi və gətirə də bilmədi.


Möhtərəm Prezidentimizin dediyi kimi, “İkinci Qarabağ müharibəsində Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq”.


Sahibə Qafarova vurğulayıb ki, bu gün Azərbaycan bayrağı Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır. Erməni vandalları tərəfindən viran qoyulmuş şəhər və kəndlərimizin bərpası ilə bağlı iri miqyaslı layihələr icra olunur. Bütün layihələrin həyata keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva gündəlik diqqət göstərir və nəzarət edirlər.


Spiker diqqətə çatdırıb ki, bölgənin bərpası planlarının həyata keçirilməsinə Vətən müharibəsində bizə mənəvi dəstək vermiş dost və qardaş ölkələr də cəlb edilir. Bu yaxınlarda biz Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzulidə beynəlxalq hava limanını açmalarını, Zəngilanda Zəngəzur dəhlizinin təməlini qoymalarını, digər böyük layihələrin icrasına xeyir-dua vermələrini böyük sevinc hissi ilə izlədik. Əminliklə söyləyə bilərik ki, Qarabağın və Şərqi Zəngəzurun iqtisadi dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgə Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.


 Biz sonsuz qürur hissi ilə yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qaytardıqlarına görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə əbədi minnətdarlıq borcumuz var. Odur ki, biz qürurla söyləyirik: Müdrik rəhbərimizə, qəhrəman ordumuza, mətin xalqımıza eşq olsun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!  Spikerin çıxışı alqışlarla qarşılanıb.


Milli Məclisin sədri xüsusi qeyd edib ki, Zəfər günü münasibəti ilə Milli Məclisə bir sıra ölkələrin parlamentlərindən və beynəlxalq parlament təşkilatlarından çoxsaylı təbrik məktubları göndərilib və məktublar gəlməkdə davam edir.


Sonra iclasda müzakirələr başlayıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020