Gənc rejissorun daha bir uğuru- (AZpress.AZ-B.Ağaddin +FOTO=6)

Gənc rejissorun daha bir uğuru- (AZpress.AZ-B.Ağaddin +FOTO=6)

 

Məlum olduğu kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərə həsr olunan “4.4 Qısa Tamaşalar Festivalı” keçirilib.

 

AZpress.AZ xəbər verir ki, noyabrın 1-dən 5-nə kimi davam edən tədbirin son günü mükafatlandırma və bağlanış mərasimi ilə yadda qalıb. Belə ki, Lənkəran Dövlət Dram Teatrının rejissoru Tərlan Abdullayevin müəllifi olduğu və quruluş verdiyi “Sonuncu görüş” tamaşası münsiflər heyətinin yekdil qərarı ilə üçüncü yerə layiq görülməklə 750 manat pul mükafatı qazanıb.

 

Qeyd edək ki, bu, gənc rejissor Tərlan Abdullayevin mötəbər sənət yarışmalarında qazandığı ilk uğur deyil. O, 2009 -cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasına qəbul olunub. 2011 ci ildə Qazaxıstan Respublikasının Alma-Ata şəhərində keçirilən tələbələrin Beynəlxalq Teatr Festivalında "Ağ-qara" tamaşası ilə iştirak edərək "Qran-Pri" mükafatına layiq görülüb. Həmin il vətənpərvərlik mövzusunda keçirilən Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Gənclərin I Teatr Festivalında "Günəşə doğru" pyesinin quruluşçu rejissoru olub. 2012 -ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Gənclərin II Teatr Festivalında müəllifi olduğu “Ağacın nəfəsi” pyesi ilə iştirak edərək eyni adlı pyesə rejissor kimi quruluş verib. Həmin tamaşa festivalın ən yaxşı aktyor və ən yaxşı aktrisa mükafatlarına layiq görülüb.

 

T.Abdullayev 2013-cü ildə T. Səfərlinin “Ağacın naləsi” hekayəsi əsasında diplom işi hazırlayıb və daha sonra bu hekayəni səhnələşdirib. 2014 -cü ildə Cənub Regional Televiziya Şirkətinin (Region TV İstehsalat Birliyində) Yaradıcı və Əyləncəli Proqramlar Departamentində rejissor kimi fəaliyyətə başlayıb. 2015 -ci ilin oktyabr ayında öz istəyilə həmin işdən ayrılıb. 2014 -cü ildən Lənkəran Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Fəaliyyəti ərzində Eduardo de Filipponun “Ruhlar” tamaşasında Rafaelle, Ağaddin Babayevin “Üç qardaş” nağıl-tamaşasında Məlikməmməd , Bəhram Beyzayinin “İlan Sultan” tamaşasında Darğa, Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” tamaşasında Pioner, ikinci kişi, M.F.Axundzadənin “Hacı Qara” tamaşasında Səfər bəy rollarında çıxış edib.
T.Abdullayev fəaliyyəti ərzində rejissor kimi “Tülkü, tülkü, tümbəki”, H.X.Andersonun “Qar kraliçası”, Ə.Qurbanovun “Ceyranın ad günü”, Ş.Perronun "Çəkməli pişik", Ağaddin Babayevin "Yeni il möcüzəsi" nağıl-tamaşalarına quruluş verib. Həmçinin müəllifi olduğu "Qaraca qız və Xallı ifritə", "Tilsimlənmiş qız", "Balaca qara qız", "Cırtdan və Yarasa qız" nağıl-pyeslərinin quruluşçu rejissorudur.

 

T.Abdullayev 2015-ci ildə narkomaniya mövzusunda Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Lənkəran Dövlət Dram Teatrının təşkilatı dəstəyi ilə “Yaşamaq istəyirəm” adlı küçə teatr tamaşasına rejissor kimi quruluş verib. 2016 -cı ildə isə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Lənkəran Dövlət Dram Teatrının təşkilatı dəstəyi ilə ssenari müəllifi olduğu “Ölüm səsi” adlı qısametrajlı film çəkib.

 

2019-cu ildən Lənkəran Dövlət Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışır.

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020