Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş məqalələr
Bu xəbəri paylaş
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş məqalələr
Azərbaycan Dövlət Konservartoriyası – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası -100
Aybəniz Növrəsli
Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru
XX əsrin əvvəllərində Azərbaycan ictimaiyyətində baş verən mühüm dəyişikliklər – təhsil, mədəniyyət kimi sahələrdə həyati əhəmiyyətli, tarixi hadisələrin yaranmasına təkan verdi. Azərbaycan təhsilinin, xüsusi ilə musiqi mədəniyyətinin yüksək səviyyəyə qaldırılması, Şərqin ilk ali musiqi tədris ocağının əsasının qoyulması dünya xəritəsində kiçik yer almış bir ölkənin nəyə qadir olacağına tutarlı bir işarə idi. Əlbəttə, baş verən bütün bu məsələlərin intensivləşməsi idarəçilikdə olan şəxsiyyətlərin kimliyi ilə birbaşa əlaqəli idi. Dərin və aydın zəka sahibləri doğma Vətən üçün nəyin vacib olduğunu çox gözəl bilirdilər. Odur ki, musiqi ictimaiyyəti idarəçiliyinin təsadüf və ya zərurətdənmi Üzeyir bəy Hacıbəyli dühasına “rast gəlməsi” musiqi və daha geniş götürülərsə, incəsənətimizin gələcək müqəddəratını həll etmiş oldu. Bu yolun inkişafı naminə təhsilin vacibliyini dərk edən Üzeyir bəy ölkəsi üçün qlobal əhəmiyyətli tarixi hadisəyə imza atmış oldu. Bu da, 1921–ci ildə Azərbaycan Dövlət Konservatoriyasının əsasının qoyulması ilə nəticələndi.
Neçə-neçə layiqli musiqiçi nəsillərinin formalaşması, onların dünya səviyyəsində qoyduqları əhəmiyyətli izlər, bir əsr ərzində baş verən hadisələr burulğanında Azərbaycanın tutduğu mövqeyini müəyyənləşdirib möhkəmləndirdi.
İlk olaraq yaranan Azərbaycan Dövlət Konservatoriyası sonradan banisinin adını daşımağa başlayaraq Bakı Musiqi Akademiyası kimi tanındı. İllərin sınağına baxmayaraq müəyyən dəyişiklik dövrləri yaşamış ali məktəb mürəkkəb bir sistemin özülünə çevrilmiş oldu. Çəkinmədən söyləyə bilərik ki, sonradan yaranmış olan və yarana biləcək istənilən musiqi yönümlü ali tədris mərkəzi bir əsrlik sütunun qarşısında aciz olmaqda davam edəcək. Çünki Azərbaycan mədəniyyətini öz çiyinlərində daşıyan, ona bu günə qədər gəlib çıxmaqda və illərin sınağından keçməkdə yardımçı olan şəxsiyyətlər, adları çəkiləndə belə insanın üzündə xoş bir təbəssüm, daxilində həyəcan və təlatüm yaradan simaların böyük əksəriyyəti məhz Azərbaycan Dövlət Konservatoriyasının, hazırkı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yetirmələri olmuşlar. Odur ki, böyük fəxarət və qürur hissi ilə deyə bilərik ki, biz də bu yaradıcılıq ümmanının bir damlasıyıq.
Hər bir şəxsin həyatında təhsil aldığı məkan və illər çox önəmli və xüsusi olur. Bu özəllik insanın həmin dövrdəki dünyanı dərketmə və yaş meyarından asılı ikən alına biləcək təəssüratın xüsusiliyindən irəli gəlir. Ölkəmizin təhsil sistemində fərqli və özəl bir dünya olan bizim ali məktəb, təkcə təlim –tədris abu havası ilə deyil, yaradıcı atmosferi və ideyaların reallaşması istiqamətində hər bir yetirməsinə dayaq olacaq məkandır.
Hazırda yaşadığımız, dünya və ölkə məcrasında mürəkkəb kolliziyalarla dolu olan 2021 -ci il – yaranışı ilə tarixin vacib bir səhifəsinə çevrilmiş “Musiqi evimiz”in 100 illik yubileyidir. Bu məqsədlə, tələbələr, müəllimlər, məzunlar, bu ali məktəblə kiçik bir xatirəsi olan insanlar belə öz xüsusi münasibətini aşkarlamaq üçün əlindən gələni əsirgəmir, ifa etdikləri, yazıb yaratdıqları bütün nümunələri ona həsr edirlər. Doğma ocaq demişkən, bu ifadənin həqiqətdə nə dərəcədə əhəmiyyətliliyini bütün məzun olmuş musiqiçilər təsdiqləyər. Çünki Bakı Musiqi Akademiyasında təhsil alan hər tələbənin tədris müddəti orada keçirilən dərslərin çərçivəsi ilə yekunlaşmayaraq özünüinkişaf məqsədli olub, müddətsizdir. Dərs saatını bitirmiş hər bir tələbənin mütləq “öz dünyası”na çəkilərək yaradıcılıq abu –havasına qərq olması bizim Akademiya üçün təəccüblü hal deyil. Odur ki, belə düzənli həyatı bizlərə təlqin edən ali məktəbimizə sevgimizi və bağlılığımızı göstərməyin əsl zamanıdır.
Təqdim etdiyim yazı 100 illik ali musiqi tədrisi və təbliği tariximizə həsr olunan məqalələr silsiləsinin bir nümunəsidir. Belə ki, dövrü mətbuatda mütəmadi olaraq çap olunan və işıqlandırılması nəzərdə tutulan çoxsaylı yazılar, kitablar, çəkilən verilişlər vahid məbədə olan sevgimizin aşkar sübutudur. Bu məqsədlə hər kəsin özünə güvəninin olması və tutduğumuz yoldakı vacib nəsnələrin gündən -günə keyfiyyət və say etibarı ilə artması ali məktəbdə hökm sürən sabit olduğu qədər yenilikçi, rasional olduğu qədər yaradıcı mühitlə əlaqədardır.
Bu məqamda Azərbaycanda musiqi təhsilinin təməlini qoyan Üzeyir Hacıbəylidən başlayaraq hazırda onun yolu və şəcərəsini davam etdirən, cəsarətli və yenilikçi yanaşmaları daim dəyərli tutan rektorumuz Fərhad Bədəlbəylinin yüksək səviyyəli kadrlar yetişdirmək üçün atdığı addımlar, eyni zamanda özünün səmimilik və alicənablıq nümunəsinə çevrilməsi bir əsr boyu toplanan dəyərlər məcmusunun mükəmməliyini sübut edir.
Ali məktəbin idarəçi simalarının hər birinin bu istiqamətdə böyük rolu, əməyi, dəyərli imzası olmuşdur. Azərbaycan Dövlət Konservatoriyası, sonradan Bakı Musiqi Akademiyasının 100 illik tarixini idarəçilik quruluşu baxımından bir neçə dövrə bölmək olar. Bu mərhələlərdə rəhbər vəzifəni həm pianoçular (L.Pressman, İ.Aysberq, F.Bədəlbəyli), həm musiqişünaslar (B.Məmmədova, E.Abasova), həm də bəstəkarlar (xüsusilə, Ü.Hacıbəyli və Q.Qarayev, eləcə də, Ə.Abbasov, C.Hacıyev, S.Hacıbəyov) idarə etmişlər.
Akademiyada mövcud olan rektor – müəllim, rektor – tələbə münasibətləri məsələsini xüsusi önə çəkmək istərdim. Son onilliklərdə adət şəklini almış aşırı ciddi və zəhmli vücudlu, lakin qeyri –səmimi və ümidsizlik saçan rəhbər vəzifəlilərin obrazlarına artıq alışmaqda ikən, bizim ali məktəbdəki münasibət aliliyinin necəliyi kiçik müddətli müşahidədən belə bəlli olur. Fərhad müəllimin şəxsiyyətinə xas olan alicənablıq və sadəlik ona qarşı yaranan müsbət münasibətlər məcmusunun günü –gündən artmasına gətirib çıxarır. Rektorun binaya daxil olması müəllim və tələbə kütləsi arasında təlatümün deyil, əksinə, xoş təbəssüm və müsbət abu –havanın yaranmasına səbəb olur.
Bu da 1939-cu ildən rəhbərliyə keçən Üzeyir bəy ənənələrinin davamıdır. Məhz həmin ildə Konservatoriyaya xüsusi memarlıq nümunəsi olan bina verilir və bu günə qədər həmin bina minlərlə tələbə və milyonlarla yaradıcı hadisənin şahidinə çevrilir. Binanın müəllifləri Bakı şəhərinin düzənində xüsusi imzası olan memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov olmuşlar. Vəfat etdiyi ilə qədər (1948) rəhbər vəzifədə qalan Üzeyir bəyin heykəli 1960 –cı ildə Konservatoriyanın qarşısında Tokay Məmmədovun tuncdan tökülmüş sənət əsəri kimi təqdim edilir.
Bakı Musiqi Akademiyasının özəl cəhətlərindən biri sələflərə hörmət, xatirələrə sadiqlikdir. Belə ki, hər daşında bir tarix, bir iz donduran binanın xüsusiləşdirilmiş sinif otaqları var ki, onlarda hökm sürən (sirlilik) söz ilə izah olunmazdır. “Üzeyir bəyin otağı”, “Qarayevin sinfi” və s. kimi yaranmış ifadələr insanı başqa dünyaya aparır və həmin şəxsiyyətlərin varlığı bu məkanlarda daim duyulur. Bizlərsə, onların movcudiyyəti və yaradıcılığı qarşısında məsuliyyətimizin nə dərəcədə dərin olmasını dərk edirik.
Bakı Musiqi Akademiyasının quruluşunda heç bir fakültənin əhəmiyyətini azaltmadan, lakin xüsusi seçiciliklə tarix –nəzəriyyə fakültəsi və onun daxilindəki kafedraların rolunu vurğulamaq istərdim. Bu xüsusilik bəlkə də qeyri – ixtiyari olaraq həmin fakültənin yetirməsi olmağımdan irəli gəlir. Yarandığı gündən Konservatoriyanın və ölkəmizin mədəni həyatında vacib əhəmiyyətli olan bu fakültə musiqi tariximizin formalaşması üçün önəmli sütunlardan birinə çevrilmişdir. Belə ki, bəstəkar və musiqişünas nəsillərinin qətiləşməsi məhz bu fakültə sayəsində meydana gəlmişdir. İlk günlərdə azərbaycanlı müəllimlərin olmaması səbəbilə Üzeyir bəy layiqli ixtisasçı kadrların formalaşması üçün xarici müəllimlərə üz tutur və ya yerli tələbələrin təhsillərini mükəmməlləşdirmək üçün onların Moskva, Peterburq, Milan və s. konservatoriyalara getməsinə şərait yaradır. Zamanla bu addımların nə qədər doğru olduğu isbat edilmişdir. İlk illərdə tələbələr arasında azərbaycanlılar sayca azlıq təşkil etsələr də, getdikcə təbliğatçılıq ənənəsinin gücü sayəsində öz gənclərimiz də Azərbaycan Dövlət Konservatoriyasına üz tutur, fakültələrin sayı artır, tərkibi dəyişir.
Haqqında söhbət gedən “Tarix nəzəriyyə” fakültəsi hal –hazırda dəyərli musiqişünas, professor Gülzar xanım Mahmudovanın idarəçiliyi altında 5 kafedradan («Musiqi tarixi», “Musiqi nəzəriyyəsi”, “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyaları”, «Bəstəkarlıq», «Xor dirijorluq») ibarət olub musiqişünas, bəstəkar, xormeyster-dirijor, pedaqoq kimi yüksək səviyyəli ixtisasçılar yetişdirməkdədir. Fakültənin müəllimləri daim dövrünün qabaqcıl, seçilən musiqiçiləri olmaqla, hər biri tarixin önəmli səhifəsinə çevrilmiş və hazırda da fəaliyyət göstərməkdədirlər.
Böyük hörmət bəslədiyimiz və daim biliklərindən mənəvi qida aldığımız Ülviyyə xanım İmanova, Könül xanım Nəsirova, Gülbacı xanım İmanova, Tariyel bəy Məmmədov və Aydın bəy Əzimovun rəhbərlik etdiyi kafedraların hər birində özünəməxsus irəliləmə xətti müəyyənləşdirilmiş, daha da mükəmməlləşməsi üçün yetəri qədər əmək sərf olunmuşdur.
Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsində daim məşhur bəstəkar, dirijor, musiqişünas - pedaqoqlar fəaliyyət göstərmişlər. Onların hər birinin xüsusi yolu, dəst –xətti və yaradıcılıq izi olmuşdur. Bu şəxsiyyətlərin əməyi nəticəsində Azərbaycan musiqisi dünya miqyasında tanınmış və bir çox konsert salonlarında səslənmiş, müxtəlif nüfuzlu beynəlxalq konfrans və simpoziumlarda milli musiqimiz haqqında çıxışlar edilmiş, yerli və xarici nəşrlərdə yazılar dərc olunmuşdur.
Yeni nəslin fakültə işinə cəlb olunması da bütün dövrlərdə öz müsbət təsirini göstərmişdir. Belə ki, hər məqamda yeni nəfəsin duyulması yalnız işin xeyrinə ola bilər. Gənc yaşlarından tədrisə cəlb olunan müəllimlərin daha yaşlı nəsillə ünsiyyətdə olma və onların təcrübəsindən faydalanma imkanı yaranır.
Bu gün 1 əsrlik tarixi olan musiqi məbədi haqqında yazarkən, əslində, bu tarixin özünü yaşamaq imkanında olmanın nə dərəcədə vacibliyi qənaətinə gəlir insan. Azərbaycan Dövlət Konservatoriyasının 50 illik yubileyinə həsr olunmuş toplunu vərəqləyərkən daim özəl hisslər keçirir, o zamanın canlı şahidliyini arzu etmişəm. 50 il sonra fəaliyyətdə olacaq musiqiçilər isə bəlkə də bizim yerimizdə olmanı xəyal edəcəklər. Odur ki, sələflərimizə dərin hörmət və minnətdarlıq hissinin vacibliyini xələflərimizə təlqin edərək mədəniyyətimizi, musiqimizi, mənəviyyatımızı və bütün bu məfhumları özündə birləşdirən ali məktəbimizin dəyərini daim uca tutaq.
Dahi şəxsiyyətin adını daşıyan, Bakı Musiqi Akademiyası! Bu ada layiq olacaq çoxsaylı nəsillər yetişdirmən arzusu ilə, 100 yaşın mübarək!!!
X X X
Konservatoriya-100
Xatirələr...
“Musiqi tarixi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Babayeva Minaxanım
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi ilə əlaqədar yazılan məqalə əlamətdar tarix ilə bağlıdır və bu istiqamətdə yazılan silsilə məqalələrdən biri kimi təqdim olunur. Uzun və şərəfli tarixə malik müqəddəs musiqi ocağına müxtəlif illərdə görkəmli musiqiçilər rəhbərlik etmişdirlər. Biz bu məqalədə diqqətimizi görkəmli bəstəkarımız Soltan Hacıbəyovun rəhbərlik etdiyi dövrə yönəltmişik və həmin dövrün zəngin musiqi mənzərəsini yaratmağa çalışmışıq. Soltan Hacıbəyovun rəhbərliyi dönəmində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (hazırkı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) yarım əsrlik yubileyini qeyd edirdi. Hal-hazırda isə Üzeyir bəyin adı ilə bağlı olan musiqi ocağımız bir əsrlik yubileyini qarşılayır. Odur ki, təqdim etdiyimiz məqalədə böyük ruh yüksəkliyi ilə Konservatoriyanın keçdiyi diqqətəlayiq tarixi canlandırmağa çalışırıq.
Qədim köklərə malik Azərbaycan musiqi mədəniyyəti zəngin və uzun bir tarixi yol keçmişdir. Azərbaycan musiqisinin inkişafında xalqımızın istedadlı sənətkarlarının böyük rolu olmuşdur.
Dahi Üzeyir Hacıbəylinin uzaqgörənliyi, əməyi və zəhməti nəticəsində Azərbaycanda böyük bəstəkarlıq məktəbi yaranmışdır. Onun misilsiz musiqi ənənələrini sonrakı sənətkarlar mənimsəyib, şərəflə davam etdirmişlər. Hal-hazırda da bu ənənələrə böyük ehtiram hissi ilə yanaşan müasir bəstəkar nəsli yetişməkdədir.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında məhz Ü.Hacıbəylinin böyük rolu olmuşdur, çünki onun təşəbbüsü və məsləhəti ilə neçə-neçə istedadlı gənclər musiqi sənətinə yönəlmiş və gələcəkdə tanınmış musiqi xadimlərinə çevrilmişlər.
1921-ci ildə müsəlman Şərqində ilk dəfə Ü.Hacıbəyli tərəfindən yaranan Azərbaycan Dövlət Konservatoriyası musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynamışdır. Məhz Üzeyir bəyin adı ilə bağlı olan müqəddəs ocaq professional musiqi təhsili üçün zəmin yaratdı, bütün musiqi ixtisasları üzrə yeni milli kadrların davamlı şəkildə inkişafını təmin etdi. Bu gün Azərbaycan musiqisi müasir dünya musiqi mədəniyyətinin ən qabaqcıl nailiyyət sahibi kimi çıxış edir və biz buna görə keçən əsrin görkəmli nümayəndələrinə borcluyuq. Bir sıra görkəmli Azərbaycan bəstəkarlarının əsərləri həm respublikamızda, həm də onun hüdudlarından kənarda səslənir, bu musiqi sevilir, dinlənilir....
Yarandığı ilk gündən Azərbaycan Dövlət Konservatoriyası, hal hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tədris prosesində Şərq musiqisinin çoxəsrlik ənənələrini Qərbi Avropa musiqi təhsilinin ən qabaqcıl təcrübəsi ilə birləşdirərək orijinal, vahid məcrada toplamağa müvəffəq olub və uzun müddət çox saylı nailiyyətlərlə zəngin bir inkişaf yolu keçib.
Bakı Musiqi Akademiyası üçün bu il çox əlamətdardır, çünki, Üzeyir bəyin adı ilə bağlı olan müqəddəs ocağın artıq 100 yaşı tamam olur və o bir əsrlik yubileyini qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 100 illik yubileyin keçirilməsi ilə əlaqədar bir sıra tədbir planlarının hazırlanıb həyata keçirilməsi barədə sərancam imzalayıb.
Azərbaycan Dövlət Konservatoriyası milli musiqi mədəniyyətinin tarixinə qızıl səhifə kimi daxil olmuşdur. Uzun və şərəfli tarixə malik olan müqəddəs ocağın çox görkəmli və tanınmış yetirmələri olub. Məhz onlar musiqi sənətimizi ölkəmizin hüdudlarından xeyli uzaqda uğurla təmsil etmişdirlər və Azərbaycan musiqi mədəniyyətinin zənginliyini dünyaya tanıtmışdırlar. Ü.Hacıbəyli adına Bakı Musiqi Akadamiyasının rektoru SSRİ Xalq artisti, professor F.Ş.Bədəlbəyli müsahibələrinin birində S.Hacıbəyovun “Karvan” simfonik lövhəsi haqqında söz açaraq əsərin xaricdə London Kral Filarmoniya Orkestri tərəfindən ifasının nə qədər möhtəşəm olduğunu vurğulayır. Fərhad müəllim xüsusi ilə qeyd edir ki, “bu orkestr dahi bəstəkarların əsərlərini ifa edir, onların repertuarlarında L.Bethovenin, İ.Bramsın əsərləri xüsusi yer tutur. Düzdü, Şərq ölkəsindən olan bəstəkarın əsərinə onlar öncə bir başqa münasibət göstərirlər, amma əsərin ilk notlarını artıq səsləndirərkən, orkestrləşmənin möhtəmşəmliyini sanki başa düşürlər, onlar nəyi ifa etdiklərini anlayırlar” (“Mədəniyyət” kanalı, “Orkestrin konserti” -S.Hacıbəyov. F.Bədəlbəylinin xatirələri). Bu sözlər böyük məna kəsb edir.
Azərbaycan musiqi mədəniyyətini öz yaratdıqları əsərləri ilə zənginləşdirən musiqiçilərin hamısı, demək olar ki, Üzeyir bəyin müqəddəs ocağının nümayəndələridir. Biz burada, yalnız bir nümunəni xatırladıq,lakin onlar qat-qat çoxdur....
Yarandığı ilk gündən konservatoriyada altı şöbə fəaliyyət göstərir, yəni fortepiano, vokal, orkestr, nəzəriyyə, bəstəkarlıq və şərq şöbələri. İrəliləyən onilliklərdə isə burada “İxtisas fortepiano”, “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi”, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Vokal”, “Bəstəkarlıq”, “Musiqi tarixi”, “Musiqi nəzəriyyəsi”, “Xor dirijorluğu”, “Xalq çalğı alətləri” “Kamera ansamblı” kafedraları fəaliyyət göstərir. O zamanlar Azərbaycan Dövlət Konservatoriyasına bir sıra yerli və əcnəbi müəllimlər dəvət olunur. 1920-1930- cu illərdə konservatoriyada tədris prosesini əsasən Moskva, Peterburq, Saratov şəhərlərindən gəlmiş musiqiçilər aparır və onların üzərinə böyük məsuliyyət düşür. Burada dünya şöhrətli violonçel ifaçısı M.Rostropoviçin atası L.V.Rostropoviç, bəstəkar və nəzəriyyəçi L.Rudolf, pianoçu G.B.Şaroyev (qeyd etməliyik ki, hal hazırda Bakıda həm M.Rostropoviç, həm də G.B.Şaroyevin adına fəaliyyət göstərən musiqi məktəbləri var), qoboy ifaçısı V.Knyazkov, valtorna ifaçısı S.Berolski, vokal ifaçılığı ilə bağlı isə N.Speranski, M.Kolotova, V.Nikolskinin adlarını qeyd etmək olar. Daha sonralar isə bu pedaqoji tərkibə pianoçu M.R.Brenner, musiqişünaslıq və nəzəriyyə üzrə bir sıra mütəxəssislər yetişdirən N.S.Çumakov, bəstəkarlıq üzrə isə B.Zeydman daxil oldular.
Bir əsr ərzində Azərbaycan Dövlət Konservatoriyasının müxtəlif rektorları olub. Əlbəttəki, ali təhsil ocağının yeganə lideri Ü.Hacıbəyli idi və o, Azərbaycan musiqi mədəniyyətinin inkişaf yolunu istiqamətləndirmiş, böyük əzmlə milli klassik ənənələri qərb Avropa musiqi ənənələri ilə birləşdirmişdir. Həmin dövrdə Ü.Hacıbəyli qürurlanaraq qeyd edirdi ki, “Heç kəs inkar edə bilməz ki, azərbaycanlılar ümumiyyətlə musiqini sevən xalqdır və düzgün istiqamətə ehtiyacı olan sağlam estetik dərrakəyə malikdir....”
1939-cu ildən Ü.Hacıbəyli rəsmi olaraq ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışır. 1930-cu illərin sonlarından başlayaraq daha istedadlı və perspektivli tələbələrin təhsillərini təkmilləşdirmək üçün onları P.İ.Çaykovski adına Moskva Konservatoriyasına göndərir. Q.Qarayev, C.Hacıyev XX əsrin görkəmli bəstəkarı D.Şostakoviçin sinfində təhsil alır və XX əsrin dahi simfonisti onların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Onlar D.Şostakoviçdən bəstəkarlığın bir sıra sirlərini mənimsəyir və hər zaman böyük müəllimlərinə dərin ehtiramla yanaşırlar. Eyni zamanda P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Tofiq Quliyev, Zakir Bağırov təhsil almış, nəfəs alətlərində ifa edən M.Zeynalov, M.Orucov, E.Paşayev SSRİ Böyük Teatrının solistləri olmuşlar. Eləcə də pianoçu və vokalçı R.Atakişiyev, violino ifaçısı Sərvər Qəniyev, musiqişünas İzabella Abezqauz Moskva Konservatoriyasında öz təhsillərini təkmilləşdirməkdən ötrü burada kurs keçmişdilər.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası 1971-ci ildə əlli illik yubileyini qeyd edirdi. Bu münasibətlə Konservatoriyada müxtəlif tədbirlər keçirilirdi. Həmin dövrdə yəni bu ali təhsil müəssisəsinin rektoru vəzifəsində görkəmli bəstəkar, SSRİ Xalq artisti Soltan Hacıbəyov, prorektor vəzifəsində isə Bilqeyis Məmmədova çalışırdı. Onun rəhbərlik dönəmində Konservatoriya öz çiçəklənmə dövrünü yaşayırdı. Konservatoriyanın tarixinə nəzər yetirdikdə əlli il ərzində burada bir çox işlər görülmüşdür, neçə-neçə musiqiçi nəsli meydana gəlmişdir, hər ixtisas üzrə ali təhsil ocağı istedadlı gənclər üzə çıxarmışdır. Onlar artıq fəaliyyətləri ilə tanınırdılar, ifaçılar, nəzəriyyəçilər, musiqişünaslar, dirijorlar, bəstəkarlar öz sahələri üzrə əsl ustalıq nümayiş etdirirdilər.
S.Hacıbəyovun rektor vəzifəsində çalışdığı dönəmdə (1969-1974) Konservatoriyanın yarım əsrlik yubileyi münasibəti ilə kitab dərc olunur. Bu kitabda 1921-ci ildən bəri olan bütün hadisələr, məlumatlar, inkişaf tarixi, mədəniyyət nümayəndələrinin adları, keçirilən dərslər, ixtisaslar, fakültələr və s. haqqında geniş məlumat verilir.
“Musiqi tarixi” kafedrasının müdiri, professor Ülviyyə İmanova qeyd edir ki, S.Hacıbəyov Konservatoriyaya rəhbərlik etdiyi dövrdə ona “Alətşünaslıq” və “Orkestrləşmə” fənnlərindən dərs deyibdir. Vurğulamaq lazımdır ki, bütün tələbələr S. Hacıbəyovun tədris etdiyi fənni sevərək mənimsəyiblər və həmişə müəllimlərini minnətdarlıq hissi ilə yad ediblər. Ülviyyə xanım əlavə edir: “Mən öz növbəmdə bu fənnləri çox sevirdim, çünki, bizə böyük Soltan Hacıbəyov onları sevdirmişdir. Mən həvəslə müxtəlif dövrlərin bəstəkarlarının əsərlərini orkestr üçün işləyirdim. Sözün əsl mənasında sözü gedən dərsi həm yaxşı qavrayırdım, həm də çox gözəl də bilirdim. Lakin bu fənn ilə bağlı bir məqam mənim heç yadımdan çıxmaz. Belə ki, özümə əmin şəkildə Q.Qarayevin prelüdiyasını simli kvintet üçün işləyib Soltan müəllimə təqdim edirəm. Prelüdiya üzərində çox çalışmışdım və sevərək onu kvintet üçün işləmişdim, amma nədənsə buradakı bir səsi mən birinci skripkaların partiyasında qeyd etmişdim. Bu səhv idi və Soltan müəllim onu görüb çox sakit, təmkinli bir tərzdə məndən I skripkaların ən aşağı səsinin hansı olduğunu soruşanda mən də özümə arxayın şəkildə notun adını çəkdim. O mənə heç vaxt adımı deyib müraciət etmirdi, mənə soyadımla müraciət edirdi və məndən soruşanda ki “Bəs Əsgərova niyə burada başqa səsi yazıbsız?! Onda mən xəcalətimdən bilmədim neynəyim... amma o, bütün əsəri yoxladı və gördü ki, mənim bir dənə də olsun səhvim yoxdur. Bu mənim III kursun əvvəlində oxuduğum vaxtda ilk işim idi, artıq IV kursda oxuyanda biz onunla çox səmimi, xoş münasibətdə idik. Ona dərin hörmət və ehtiramla yanaşırdıq. Hətta mən ona yaxınlaşıb D.Şostakoviçin bir prelüdiyasını seçmə alətlər üçün işləmək istədiyimi bildirdim. Soltan müəllim isə öz növbəsində razılığını verdi və mən notları göstərərək hansı alətin nəyi ifa edəcəyini söyləyərkən o mənə dedi ki, “Əsgərova, sizin çox yaxşı orkestri hiss etmə qabiliyyətiniz var...” O, mənə çox yaxşı münasibət göstərirdi, qayğı ilə yanaşırdı... Allah ona qəni-qəni rəhmət eləsin...”.
Ülviyyə xanımın xatirələrini dinlədikcə həmin dövrdə Konservatoriyada musiqi həyatının yüksək səviyyədə olduğunu müşahidə edirsən. Müxtəlif konsertlərin, müsabiqələrin keçirilməsi zamanı musiqişünaslar konsertlərdə ön söz ilə çıxış edirdilər və tədbirlərin əhəmiyyətini daha da dolğunlaşdırırdılar.
S.Hacıbəyovun bütün tələbələrə xüsusi həssaslıqla yanaşması, böyük qayğı göstərməsi, o dövrdə təhsil alan tələbələrin xatirələrindən silinməyən məqamdır. O dönəmdə konservatoriyada çalışan, oxuyan – bir sözlə hamı Soltan müəllimin nə qədər alicənab, təmkinli, ədalətli, işinə böyük məsuliyyətlə yanaşan, qayğıkeş bir insan olduğunu söyləyir. Tələbələr onun çox sadə, təvazökar insan olduğunu vurğulayırlar.
Görkəmli bəstəkarımız X.Mirzəzadə S.Hacıbəyovun rektor olduğu dövrdə “Bəstəkarlıq” kafedrasının müdiri vəzifəsində çalışırdı. Xəyyam müəllim S.Hacıbəyovun həm bəstəkar, həm pedaqoji, həm də ictimai fəaliyyətini yüksək səviyyədə icra etdiyini qeyd edirdi: “O, orkestri yaxşı bilirdi, yaxşı hiss edirdi, ona görə də onun əsərləri yaxşı səslənirdi. O, çox gözəl təşkilatçı idi. Konservatoriyanın təşkilatçılıq işlərində, düzdür, C.Hacıyevin, E.Abasovanın da rolu vardır, lakin, buradakı tikilən korpuslara diqqət yetirsək onlar Soltan müəllimin vaxtında işlənilmişdir” (“Mədəniyyət” kanalı, “Orkestrin konserti” – S.Hacıbəyov, X.Mirzəzadənin xatirələri).
Soltan müəllim rektor olduğu dövrdə tələbələrin ifaçılıq sənətinə böyük diqqət yetirirdi. Hər ay simfonik orkestr konsertlərlə çıxış edirdi və o, hər konsertdən öncə təkid edirdi ki, “Musiqi tarixi” kafedrasının müəllimləri burada ön söz ilə çıxış etsinlər. Konsertlərdə neçə-neçə musiqişünaslar maraqlı mülahizələri ilə çıxış edərək konsertlərin məzmununu zənginləşdirirdilər.
Əməkdar İncəsənət Xadimi Elnarə Dadaşova öz xatirələri ilə bizimlə bölüşərək qeyd edir ki, “konservatoriyaya qəbul imtahanı verəndə Soltan müəllim bütün imtahanlarda iştirak edirdi. Heç yadımdan çıxmaz ki, sənədlərimi “Bəstəkarlıq” ixtisası üzrə hazırlamışdım və əlimdə notlardan ibarət iri bir papka ilə atamla Konservatoriyanın qapısına yaxınlaşdım. O dövrdə biz SSRİ tərkibində idik... Qapıda duran qadın məni içəri almadı, hansısa sənədimin guya olmadığını bəyan etdi. Halbuki, bütün sənədlərim qaydasında idi... Və atam neçə dəqiqə bu qadın ilə danışdı, onu razı salmaq istədi.. fəqət vəziyyətin gerçəkliyini anlayanda qadının əlindən bərk tutdu və mənə dedi: “Qaç Elnarə, qaç”... Mən də tez-tez, qorxaraq yuxarı qalxdım və tələskənlikdən əlimdən bütün notlar yerə səpələndi. Kimsə mənə köməyə gəldi və notları toplamağa başladı və mən böyük Q.Qarayevi qarşımda görəndə nitqim qurudu. Çaşqınlıqdan nə deyəcəyimi belə bilmədim, sadəcə minnətdarlığımı bildirib tez Soltan müəllimin otağına yollandım. İmtahan orda keçirilirdi. O məni görəndə niyə imtahana gecikdiyimi soruşdu və qeyd etdi ki, Qara müəllimin işi var və Moskvaya uçur. Mən çox pis oldum, çünki, onun sinfində oxumaq üçün ərizə yazmışdım ... S.Hacıbəyov böyük insan, geniş ürəyə sahib idi. O, hər zaman tələbənin haqqını qoruyurdu, düzgünlüyün, obyektivliyin tərəfdarı idi, çünki, daim tələbələrin ətrafında idi, tələbələrin əksəriyyətinin bacarığına bələd idi”. Elnarə xanım və onun kimi tələbələrin əsərləri Bəstəkarlar İttifaqının Qurultayında müxtəlif ifaçılar tərəfindən səsləndirilirdi və bütün bu işlərin ərsəyə gəlməsində Soltan Hacıbəyovun böyük rolu var idi.
Konservatoriyanın böyük müəllimləri tələbələrinə xüsusi nəvaziş göstəriblər, həmin mühit onların bir şəxsiyyət kimi formalaşmasına böyük təkan veribdir. Bu nəhəng şəxsiyyətlər tələbələr üçün bir örnək olub. Məhz belə böyük şəxsiyyətlərin səyi nəticəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu ənənələri yaşadan müəllimlərimiz çalışır və yeni nəsil formalaşdırır.
X X X
Bir ömürlük Azad musiqisi
Aynur İsgəndərova
2021-ci il xalqımız, mədəniyyətimiz üçün olduqca dəyərli bir ildir. Çünki, bu il bizə əziz ocaq olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Qeyd etməliyik ki, təqdim olunan bu mətn də ali musiqi ocağının 100 illik fəaliyyətinə həsr olunan məqalələr silsiləsinə daxildir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası 1921-ci ildə Azərbaycan musiqisinin dahisi Üzeyir bəyin təşəbbüsü ilə yaradılmışdır. Şərqin ilk konservatoriyası olan bu təhsil ocağı ötən müddət ərzində şərəfli, zəngin yol keçərək Azərbaycan musiqi səhifəsinə maraqlı, parlaq simalar bəxş etmişdir. Ölkəmizdə görkəmli bəstəkarlar, ifaçılar nəslinin yetişdirilməsində doğma ocağımızın əhəmiyyəti misilsizdir və xüsusilə vurğulanmalıdır.
Bu ali yolda addımlayan parlaq simalarımızdan biri də Azad Əliyev idi. Qəlbi musiqi ilə çırpınan Azad müəllim....
Azərbaycanın əməkdar incəsənət xadimi, professor Azad Sabir oğlu Əliyev, musiqinin içində göz açan, daim onunla nəfəs alan əsl sənətkar idi.
Azad Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olmuşdur. O, 1974-cü ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə (professor K.Səfərəliyevanın sinfi) bitirdikdən sonra, vokal qabiliyyətinə malik olduğundan özünü bu sahədə də sınaqdan keçirmək istəyi ilə vokal şöbəsinə, İ.A.Lvoviçin sinfinə daxil olur. Hər iki müəllimin onun peşəkar musiqiçi kimi formalaşmasında böyük rolu olmuşdur. O, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını vokal ixtisası üzrə bitirir. Pedaqoji fəaliyyətə 1960-cı illərdə 6 №-li musiqi məktəbində başlayan Azad Əliyev, eyni zamanda A.Zeynallı adına orta ixtisas musiqi məktəbində və Sumqayıt orta ixtisas musiqi məktəbində də çalışmışdır. O, 1972-1980-ci illərdə “Respublika” sarayının (indiki Heydər Əliyev sarayı) baş səs rejissoru olmuşdur. Həmçinin bu dövrdə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsini icra edərək, burada ilk kamera orkestri yaratmış və bu orkestrlə müxtəlif konsertlərdə çıxış etmişdir. 1992-ci ildən Ş.Məmmədova adına Opera studiyasında pedaqoji fəaliyyətlə məşğul olan A.Əliyev bu illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma və opera hazırlığı kafedrasının dosenti idi. O, “opera hazırlığı” sinfində 20-dən artıq məzun yetişdirmişdir. 1994-cü ildən ömrünün sonuna qədər Ş.Məmmədova adına Opera studiyasının bədii rəhbəri olmuşdur. Azad Əliyev elə bir ailədə həyata göz açmışdı ki, burada musiqiyə böyük sevgi, hörmət, ehtiram bəslənilirdi. O, musiqiçilərin mühitində bir fərd kimi formalaşaraq, şəxsiyyət olaraq yetişmişdir. Hansı ki, məhz elə bu səbəblər A. Əliyevi parlaq simaların sırasına daxil edir. Əliyevlər ailəsində hamı musiqiçi idi. Atası Azərbaycanda violonçel ifaçılıq sənətinin bünövrəsini qoymuş mahir ifaçı, həssas pedaqoq, Azərbaycanın xalq artisti, professor Sabir Əliyev, anası - gözəl pianoçu, pedaqoq, dövrünün peşəkar konsertmeysterlərindən olan, əməkdar incəsənət xadimi, professor Elmira Əliyeva, bacısı isə Leyla anasının yolunu davam edən gözəl pianoçu, pedaqoq və konsertmeyster kimi bu ənənəni davam etmişdir. Qeyd edək ki, Azad Əliyevin həyat yoldaşı Zemfira Əliyeva da istedadlı pianoçu və gözəl pedaqoqdur. Əliyevlər ailəsi ilə tez-tez dahi musiqiçilər əlaqə saxlayırdılar. O cümlədən də, Sabir Əliyevin ən yaxın dostları arasında olan dünyaşöhrətli violonçel ifaçısı M.Rostropoviç bu evin həmişə sevilən qonaqlarından idi. Azad Əliyev musiqinin bir çox sahələrində özünü sınamışdır. Deməliyik ki, hər bir sahə bu şəxsiyyət üçün uğurlu olmuşdur. Çünki, bu ilk növbədə fitri istedadın təzahürüylə bağlı idi. Azad Əliyev parlaq pianoçu olmuş və bir sıra müsabiqələrdə iştirak etmişdir. Elə bu səbəbdən, o vokal ifaçılarla işləyərkən onun konsertmeysterə ehtiyacı olmurdu. 1981-1985-ci illərdə xalq artisti, skripka ifaçısı S.Qəniyevlə birgə pianoçu kimi keçmiş SSRİ-nin respublikalarında konsertlərdə çıxış etmişdir. Tələbə ikən Azad müəllimin fortepiano ixtisası üzrə keçdiyi dərslərində oturardım. Maestro bir tələbəyə verdiyi əsəri izah edərkən belə, onu avaz edərək anlatması, musiqinin həssas bölmələrini dinləndirməsi bu insanın necə də musiqi vurğunu, hərtərəfli istedada malik olmasını göstərir. O, 1999-cu ildən Bülbül adına orta ixtisas musiqi məktəbində “Kamera ansamblı” və “Müşayiət” sinfinin müəllimi olaraq çalışmışdır. Daha çox Azad Əliyevi dirijorluq maraqlandırırdı. Uşaqlıqdan dahi Maestro Niyazinin məşqlərinin daimi tamaşaçısı olması, “Respublika” sarayında baş səs rejissoru, pedaqoq və rəhbər kimi iş təcrübəsi toplaması, dünya musiqi ədəbiyyatı sahəsində böyük bilikləri illər sonra onun diqqətini dirijorluq sənətinə yönəldir. Xüsusi dirijorluq məktəbi keçməsə də, bu ixtisas üzrə diplomu olmasa da, o öz gücünü, məhəbbətini bütünlüklə bu sənətə həsr edir. Azad Əliyevin ömrünün sonuna qədər böyük zövq və dərin sevgi duyduğu dirijorluq interpretasiyası ona bu sənətdə bir çox nailiyyətlər, uğurlar qazandırmışdır. Bu əsərlər arasında C.Verdinin “Rekviyem”, V.A.Motsartın “Rekviyem”, L.Bernstaynın “Vessayd əhvalatı”, Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının Vyanada alman dilində quruluşunu və digərlərinin adını qeyd etmək olar. Maestronun dirijorluq texnikası özünəməxsusluğu, həssaslığı ilə seçilirdi. O, ifa olunan əsəri bütün cismi ilə yaşayırdı. Musiqiyə dərindən bağlı olan, onu bütün qəlbi, varlığı ilə duyan Azad Əliyevin dirijorluğu onun ruhunun sanki qidası idi. O, 2006-cı ildən həyatının sonuna qədər Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. 2012-ci ildə isə professor və əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Azad Əliyevin həyat yoldaşı Zemfira Əliyevanın xatirələri: “O, həm özünə, həm də orkestr ifaçılarına qarşı çox tələbkar idi. Musiqiyə, konsertlərə məsuliyyətlə yanaşmasıyla o, həm musiqiçilərə, həm də tələbələrinə nümunə olurdu. Onun istər öz orkestr üzvləri, istərsə də ilk dəfə birlikdə ifa etdiyi ifaçılar ilə ünsiyyət yaratmaq bacarığını xüsusi olaraq qeyd etmək istərdim. Dirijorla ifaçıları arasında olan münasibətlər xüsusilə zərif və həssas xarakter daşıdığına görə son dərəcə nəzakətli olmağı tələb edir. Partitura ilə bağlı zəngin biliklərindən istifadə edən, eləcə də ifa etdiyi bəstəkarın əksər əsərlərinə, hansı məktəbi təmsil etdiyinə dərindən bələd olan Maestro onun öz təvsirlərinin də “yaşamaq” hüququna malik olmasını sübut edirdi. Qeyd edim ki, orkestr üzvləri heç də, həmişə başqa ölkədən gələn dirijoru qəbul edib, ifa olunan əsəri məhz onun “gördüyü” kimi ifa edə bilmir. Bu mənada bir sıra ölkələrə qastrol səfərlərinə getməsini və müxtəlif orkestrlərlə işləməli olduğunu nəzərə alsaq, Azadın bu xüsusiyyətinin nə dərəcədə qiymətli olduğunu təsəvvür edə bilərik. Belə səfərlər arasında onun Yunanıstan, İsveç, Almaniya, Avstriya, Rusiya və daha nə qədər ölkələrdə verdiyi konsertlərinin adını çəkmək olar.” Azad Əliyev haqqında çox danışmaq olar. Onun sənəti ilə yanaşı, insani keyfiyyətləri də yüksək səviyyədə idi. Hamı onu sevir və böyük hörmət göstərirdilər. Hər il doğum günündə Maestronun tələbələri, həmkarları onun şərəfinə konsert təşkil edirlər. Musiqi sənətinin incəliklərinə dərindən bələd olan bu insan əsl ziyalı kimi cəmiyyətdə hər zaman yüksək rəğbət qazanmışdır. Bu elmin dərinliklərinə varmaq, onun sirrlərini öyrənmək, təbii ki, hər insana nəsib olmur. Bu istedad Allah tərəfindən seçilmiş şəxsiyyətlərə bəxş olunur ki, Azad Əliyev bu simalardan idi. O, həyatını, ömrünü, sənətini sevə-sevə yaşadı. Azad Əliyevdən bizi illər ayırır. Lakin bu sənətkarı biz sonsuz ehtiramla yad edəcəyik. Çünki, Maestro öz sənəti ilə əbədiyyət qazanıb. Azad Əliyev hər zaman qəlblərdə yaşayacaq...
X X X
Bakı Musiqi Akademiyasının “Kamera-ansamblı” kafedrasının tarixindən
Əliyeva Aynur
Üzeyir Hacıbəyli tərəfindən bünövrəsi qoyulan Aərbaycan Dövlət Konservatoriyası, hazırki Bakı Musiqi Akademiyasının 100 illiyi ərəfəsindəyik. Bu təhsil ocağının yaranmasının bir əsrə bərabər yaşı, 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalamışdır və bu münasibətlə respublikamızda müxtəlif tədbirlər təşkil olunur - konfranslar, konsertlər, xarici ölkələrlə qurulan sıx mədəniyyət əlaqələri.
Musiqi mədəniyyətimizin inkişafında böyük rolu olan konservatoriya, yarandığı ilk günlərdən bəri professional musiqinin inkişafında və bu sahədə bir neçə nəsil peşəkar kadrların yetişməsində mühüm rol oynamışdır. Şərqdə ilk ali musiqi-təhsil ocağının yaranması, Azərbaycanda musiqi tədrisinin inkişafı, tamamilə yeni abu-havada təkmilləşən musiqiçilərin meydana gəlməsi demək idi. Azərbaycan Dövlət Konservatoriyası vətənimizin mədəniyyəti tarixində mühüm xidmətləri olan görkəmli sənətkarlar yetişdirmişdir. XX əsrin əvvəllərindən başlayaraq bu təhsil ocağı milli incəsənətimizi, musiqimizi təmsil edən görkəmli, tanınmış bəstəkarların, sənətkarların, ifacıların, xanəndələrin yetişməsinə nail olmuşdur. Bu gün Azərbaycanın dahi bəstəkarı, musiqişünas-alim, pedaqoq, ictimai xadim, publisist Üzeyir Hacıbəylinin böyük xidmətləri olan bu ocaqda həqiqətən ölkəmizdə dünya musiqi nailiyyətlərini milli musiqimizlə birləşdirən bir təhsil sistemi qurulmuşdur. İlk musiqi təhsil ocağı kimi hələ XIX əsrin sonlarından başlayaraq mürəkkəb tarixi yol keçmişdir. İndiki binanın nəzdində ilk olaraq musiqi məktəbi yaradılır və mütəxəssislər dəvət olunaraq təhsil səviyyəsini qaldırmaq üçün dərslər təşkil olunur. Ü.Hacıbəylinin səyi nəticəsində Azərbaycan turk musiqi məktəbi yaradılmış və Üzeyir bəy bu məktəbə rəhbərlik etmişdir. Yeni musiqi ocağının yaranması nəticəsində daha çox azərbaycanlı tələbələr bu sahədə təhsil almağa başlayırlar. Bu məktəbin konservatoriyaya birləşdirilməsi və Ali məktəbə Ü.Hacıbəylinin rəhbərlik etməsi Azərbaycan musiqi mədəniyyətinin tarixi-inkişaf yolunu təyin etmiş, milli klassik ənənələrin Qərb bəstəkarlıq və ifaçılıq yaradıcılığı ilə sintezləşdirilməsini həyata keçirmişdir. İlk yarandığı illərdən bəstəkarlıq, fortepiano, nəzəriyyə, vokal, orkestr, şərq şöbəsi fəaliyyət göstərir. Sonradan isə simli alətlər, nəfəs və zərb alətləri, musiqi tarixi, xor dirijorluğu, xalq çalğı alətləri və kamera ansamblı kafedraları formalaşır.
Kamera ansamblı sinfi ilk olaraq fortepiano kafedrasının nəzdində təşkil olunmuşdur. Sonradan isə, 1960-cı ildə artıq kafedra müstəqil olaraq fəaliyyət göstərir. Təbii ki, kamera ansamblı kafedrasının yaranması konservatoriyada bu sahədə təhsil prosesinin inkişafına böyük təsir göstərir. Kamera ifaçılığına olan maraq genişlənir, gənc ifaçıların bir-birilə ünsiyyət qurmasına, maraq dairələrinin genişlənməsinə imkan yaranır.
Kamera ansamblı kafedrasının təşkili, məhz Azərbaycan musiqi mədəniyyətinin, bəstəkarlıq məktəbinin inkişafında böyük xidmətləri olan bəstəkar Cövdət Hacıyevin konservatoriyaya rəhbərlik etdiyi bir dövrə (1957-1969) təsadüf etmişdir. Onun rəhbərlik etdiyi bu dövrdə təkcə kamera ansamblı kafedrası yox, həmçinin Azərbaycan xalq musiqisi kafedrası, konservatoriyanın nəzdində Opera studiyası yaradılmışdır. Kamera ansamblı kafedrası haqqında söhbət açarkən, onu qeyd etmək lazımdır ki, burada istedadlı musiqiçi nəsli yetişmişdir. Bu kafedranın A.S.Şvarts, İ.M.Turiç, B.S.Anşeleviç, S.Q.Əliyev, A.X.Neyman, A.A.Sadığov, R.Z.Adıgözəlov, K.Q.Abasquliyev və b. professional yaradıcı fəaliyyəti ilə fərqlənən nümayəndələri olmuşdur.
Ilk olaraq kafedraya istedadlı violonçel ifaçısı, dosent İ.M.Turiç başçılıq etmişdir. Hələ simli kvartet və kamera ansamblı siniflərini apararkən İ.M.Turiç kamera ifaçılığına xüsusi önəm verirdi. Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi çalışan L.Rostropoviç İ.Turiçin müəllimi olmuşdur. Onu da qeyd edək ki, Q.Qarayevin 1951-ci ildə yaratdığı ilk Dövlət Simli kvartetinə İ.Turiç iki il rəhbərlik etmişdir.
Yüksək ifaçılıq fəaliyyətinə malik olan sənətkar kafedranın təşkil olunmasında düzgün bir istiqamət götürmüşdür. Hər bir tələbənin yüksək səviyyədə təhsil alması, onların bədii imkanlarını üzə çıxarmaq və görülən işin düzgün həlli məsələlərini qarşıya məqsəd olaraq qoymuşdur. Dərs proqramına klassik, eyni zamanda dövrünün müasir musiqi əsərləri salınır. Tələbələr dərslərdə həvəslə iştirak edir, disskussiyalar aparır, dövrün abu-havası ilə ayaqlaşmağa can atırdılar. Eyni zamanda heç vaxt ifa olunmayan əsərləri araşdırıb ifa edər, onlara yeni işıq üzü verərdilər və bu da kafedra işinin yaradıcı baxımdan düzgün və maraqlı təşkil olunmasından irəli gəlirdi. Konsert proqramının repertuarının təşkil olunması, gənc, eyni zamanda kafedranın daha yaşlı üzvlərinin birgə səyi nəticəsində təşkil olunan konsertlər çox maraqla qarşılanırdı. Təbii ki, bu konsertlərdə tələbələrin də çıxışları olurdu. Kafedra tərəfindən təşkil olunan bu konsertlərdə tələbələr çox aktiv, həvəslə iştirak edirdilər. Geniş dinləyici kütləsi toplayan bu konsertlərin repertuarı daha maraqlı əsərlərlə zənginləşir. İ.M.Turiç özü də bu konsertlərdə bir ifaçı kimi iştirak edirdi. Onun violonçel alətində olduqca məharətli ifası bu konsertlərin geniş dinləyici kütlə yığmasına səbəb olmuşdur. Tələbələrə ifaçılığın sirlərini öyrətməyə, həqiqətən bütün fikrini onların musiqi istedadlarının tam üzə çıxarılmasına yönəldərdi.
İki il sonra isə (1962) kafedraya professor V.T.Anşeleviç rəhbərlik edir. O, violonçel məktəbinin əsasını qoyan görkəmli şəxsiyyətlərdən biri olmuşdur. Ü.Hacıbəyli tərəfindən Azərbaycan Dövlət Konservatoriyasına işə dəvət olunmuş və ailəsi 1936-cı ildən Bakıya köçmüşdür. Ardıcıl olaraq konsert fəaliyyəti ilə məşğul olur. İstedadlı violonçel ifaçısı bir çox şəhərlərdə musiqi müsabiqələrində iştirak edir, kamera konsertləri ilə çıxışlar edirdi. Müsabiqələrdə diplomlara, mükafatlara layiq görülmüşdür. Həmçinin Azərbaycan Dövlət Filarmoniyasının Orkestrinin violonçel qrupunun konsertmeysteri kimi də fəaliyyət göstərmişdir. O, çox istedadlı bir musiqiçi olmuş, şagirdləri, tələbələri ilə maraqlı dərs aparar, eyni zamanda onlarla çox ciddi münasibət qurardı. Tələbələri xatirələrində qeyd edir ki, onun apardığı məşqlər olduqca maraqlı keçər, dərslərində daim çoxlu tələbə olardı. Öz saatlarından əvvəl dərsə gələr, onun digər tələbələrlə necə məşğul olduğuna tamaşa edərdilər. Həmçinin də dərsdən sonra qalıb müzakirələr edərdilər.
Hərtərəfli biliyə malik olan sənətkar eyni zamanda ədəbiyyatla, rəssamlıqla da maraqlanırdı. Öz tələbələrinə yüksək ifaçılıq imkanlarını aşılayardı. Kamera ansamblı sinfində müəllimlik fəaliyyəti zamanı bir çox görkəmli musiqiçilər yetişdirmişdir. Bunlar arasında violonçel ifaçıları ilə yanaşı eyni zamanda pianoçular, skripka və alt ifaçılarını da görə bilərik.
Kamera ansamblı kafedrasının yardıcılıq inkişafında professor Bəhram Məmmədzadənin də rolunu qeyd etməliyik. Onun Azərbaycan musiqi incəsənətinin inkişafında böyük xidmətləri olmuşdur. Əməkdar artist, simfonik orkestrin konsertmeysteri, radio və televiziya simli kvartetinin üzvü kamera-instrumental musiqi sahəsində bir neçə musiqiçi-ifaçılar nəsli yetişdirmişdir.
Bu kafedranın yaranması müxtəlif ixtisaslı gənc musiqiçilərin kamera musiqisi və ifaçılığı sahəsində bir-birilə yaradıcı münasibət qurmasına bir təkan oldu və təbii ki, Azərbaycan Dövlət Konservatoriyasının tədris prosesinin inkişafında böyük rol oynadı. Kafedranın yaranması nəticəsində dinləyici kütlənin xarici, rus və azərbaycan bəstəkarlarının kamera əsərlərini dinləmək imkanı yaranır. Burada çalışan ilk pedaqoqların gördükləri işlər kamera ansamblının ifaçılıq ənənələrini inkişaf etdirmişdir. Bəstəkar, professor Azər Rzayev də kafedranın görkəmli, aparıcı müəllimlərindən biri, 1991-1999-cu illər ərzində isə kafedra müdiri olmuşdur. Professional yaradıcılıq baxımından bu janrın inkişafında və həmçinin kafedra işinin təşkilində bəstəkarın səmərəli rolu olmuşdur.
Kamera ansamblı kafedrasına bir çox illər ərzində Professor Rauf Nərimanbəyli rəhbərlik etmişdir. Onun bu sahədə gördüyü iş professional ifaçılıq sənətinin inkişafına doğru yönəlmişdi.
Azərbaycan xalq artisti, görkəmli bəstəkar kamera-instrumental musiqi sahəsində özünəməxsus yeri olan Tofiq Bakıxanovun da adını xüsusi olaraq qeyd etməliyik. Yaradıcılığının bir hissəsini kamera musiqisinə həsr edən bəstəkar bu janrın inkişafında özünəməxsus tarixi iz qoya bilmişdir. Yaradıcılıq axtarışlarını bu janrın inkişafına yönəltmiş, sadə formadan daha mürəkkəb olanına qədər müxtəlif kamera-instrumental əsərləri geniş populyarlığı ilə tanınır. Konsert proqramlarının repertuarında daim T.Bakıxanovun kamera əsərləri yer alır. Tədris sahəsində də bəstəkarın çoxsaylı kamera əsərləri tələbə-pedaqoji repertuarının əsasını təşkil edir.
Kafedranın aparıcı simaları, pedaqoqları T.Haçıyev, X.Rəhimova, Ş.İbrahimova, N.Əliyarova, A.Əlizadə, F.Əhmədbəyova, M.Sadıqzadə, T.Babayeva, K.Neymanova, X.Əhmədova, M.Hacıyev və b. kafedrada aparıcı pedaqoji iş aparıb və aparırlar. Özləri pedaqoji fəaliyyətdən əlavə olaraq Beynəlxalq müsabiqələrdə, festivallarda çıxışlar edir, laureat adına layiq görülmüş, dinləyici kütləsi arasında böyük rəğbət qazanmışlar. Bu baxımdan Beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının professoru, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarovanın adını da qeyd edək. Vətənimizi xarici ölkələrdə layiqincə təmsil edən sənətkar hal-hazırda ABŞ-da, Nyu-York şəhərində yaşayır və fəal yaradıcılıqla məşğuldur. Bakıdan köçərkən V.S.Anşeleviç öz kamera ansamblı sinfini rektor F.Bədəlbəylinin razılığı ilə məhz N.Əliyarovaya əmanət qoyub getmişdir.
Hal-hazırda kafedraya Beynəlxalq müsabiqələr laureatı, Professor Kəmalə Neymanova rəhbərlik edir. Daim kamera musiqisi ilə digər ölkələrdə çıxışlar edən Kəmalə xanımın tələbələri də beynəlxalq müsabiqələr lauretı adına layiq görülmüşlər. O, kafedranın bədii-yaradıcılıq işlərinə diqqətlə yanaşır, musiqi təhsilinin təşkilində ənənələrin proqressivliyini nəzərə alaraq tədris prosesinə daha ciddi münasibət bəsləyir.
Kamera musiqi sənətində və kafedranın ictimai həyatında özünəməxsus yeri olan mədəniyyət xadimlərinin, şəxsiyyətlərin gördükləri işlər, çəkdikləri zəhmət hədər getməmişdir – dünya müasir musiqi tədrisinin inkişafından bəhrələnərək kafedrada özünəməxsus bir tərzdə professional musiqi təhsilinin özülü ömürlük olaraq qoyulmuşdur.
X X X
Hacıbəyovlar nəslinin sonuncu nümayəndəsi İ.Hacıbəyovun yaradıcılıq yolu
2021- ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Azərbaycanın mədəniyyət və təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik olan bu təhsil ocağının, milli bəstəkarlıq məktəbinin formalaşmasında müstəsna xidmətləri vardır. Azərbaycan musiqisinə öz töhfələrini verən bu musiqi ocağında, yüksək elm və təhsil, sənət mədəniyyətinin inkişafı, tanınmış sənət xadimləri və böyük bəstəkarlar ordusu yetişmişdir. Bu gün 100 illik yubileyini qeyd etdiyimiz, Bakı Musiqi Akademiyasının məzunları sırasında müqəddəs musiqi məkanında çalışaraq, yaradıcılıqla məşqul olmaqla yanaşı, 56 illik ömrünün düz 34 ilini pedaqoji işə həsr edən, istedadlı bəstəkar İsmayıl Soltan oğlu Hacıbəyovun (1949-2006 ) adı xüsusilə qeyd edilməlidir.
2006-ci ildə pianoçu Ülviyyə Hacıbəyovanın müəllifi olduğu “Sənət fədailəri.....Hacıbəyovların musiqi dünyası” adlı kitab Bakı Musiqi Akademiyası tərəfindən nəşr etdirilmişdir. Kitabın üzərində Hacıbəyovlar nəslinin altı nümayəndəsi - Zülfiqar Hacıbəyov, Üzeyir Hacıbəyli, Niyazı, Çingiz Hacıbəyov, Soltan Hacıbəyov və İsmayıl Hacıbəyovun şəkilləri əks olunmuşdur. İsmayıl Hacıbəyov bu nəslin son nümayəndəsi, son yadigarıdır. İ.Hacıbəyov bir şəxsiyyət kimi, mənsub olduğu nəslə xas olan bütün gözəl xüsusiyyətləri özündə cəmləşdirmişdir: kübarlıq və alicənablıq, yüksək mədəniyyət və ziyalılıq. Bir bəstəkar kimi o, böyük istedada və peşəkarlığa, geniş dünya görüşünə malik idi. Müəllim kimi onun simasında bir çox xüsusiyyətlər cəmləşmişdi. Ustadı Qara Qarayevdən dərs alan İsmayıl Hacıbəyov son dərəcə ensiklopedik biliyə malik şəxsiyyət idi. Təmkinli və tələbkar, dərs dediyi tələbələri daim, axtarışlara sövq edən, tədris etdiyi fənlərin hər birində sənət aləminin gözəlliklərini duyub hiss etməyi aşılamışdır. Bir pedaqoq kimi tələbərinin xatirəsində unudulmaz iz buraxmışdır. İsmayıl Hacıbəyov haqqında yetirmələri uzun illər sonra, çox dəyərli fikirlər söyləmişlər. Onların əksəriyyəti İsmayıl müəllimi “mənəvi ustad” ,”mənəvi ata” adlandırır və sənətdə əldə etdikləri uğurlara görə öz müəllimlərinə borclu olduqlarını vurğulayırlar. Maraqlıdır ki, İsmayıl müəllim böyük ustadı Qara Qarayevin verdiyi estafeti öz tələbələrinə ləyaqətlə ötürməyi bacaran şəxsiyyətlərdən biri idi. O, öz müəlliminin yaradıcılıq prinsiplərini əxz edərək, tələbələrini uzaqlara aparmağa qadir bir şəxsiyyət idi. İsmayıl Hacıbəyov müəlliminə həsr etdiyi məqalələrindən birini “Qarayev yolu ilə” (“Тропою Караева”) adlandırmışdır. Bu məqalədə o, bu dahi şəxsiyyətlə on ildən çox bir müddət ərzində yaradıcılıq ünsiyyətini, xoş bir dövr hesab edərək yazırdı: “Qarayevin şagirdi və davamçısı olmaq böyük xoşbəxtlikdirsə, bu xoşbəxtliyi qazananlar həm də məsuliyyət daşıyırlar”.
Ustadına böyük sevgi İsmayıl Hacıbəyovun həyat devizi idi. Ümumiyyətlə, Qara Qarayevin konservatoriyanın bəstəkarlıq fakultəsindəki gərgin və səmərəli, çox məhsuldar fəaliyyəti illəri, bu gün 100 illik tarixə malik tədris ocağının, sənət məbədgahının “qızıl dövrü” sayıla bilər. Qara Qarayevin yetişdirdiyi tələbələr, onun sinfində oxuduqlarını həmişə böyük fəxrlə vurğulayırlar. İsmayıl Hacıbəyov öz müəllimini “alicənab Cəngavər" adlandırırdı: “Qara Qarayevlə ünsiyyət mənim həm peşəkarlıq, həm də mənəvi baxımdan açılışmağıma dəstək olmuşdur”. Müəlliminin açdığı yollarla addımlayan İsmayıl Hacıbəyov, onun istiqamətini, öz pedaqoji fəaliyyətində uğurla davam etdirirdi.
Bir insan, şəxsiyyət kimi İsmayıl Hacıbəyovun dostları, həmkarları onun haqqında xoş, səmimi sözlər söyləyirdilər. Bəstəkarın ömür gün yoldaşı Ülviyyə xanım Hacıbəyovanın tərtib etdiyi kitabda, İsmayıl Hacıbəyovun həyat və yaradıcılığı haqqında müxtəlif müəlliflərin məqalələri, oçerkləri, xatirələrdə onun yaratdığı əsərlər, pedaqoji fəaliyyəti ətrafında maraqlı faktlar, təhlillər və mülahizələrlə rastlaşırıq. Bunları oxuyub dərk etdikcə İsmayıl müəllimin sənət dünyasına daha yaxından bələd oluruq, onun musiqisinin açılmamış, yeni qatlarını kəşf edirik. Janr baxımından İsmayıl Hacıbəyovun yaradıcılığı çox geniş və rəngarəngdir. Bəstəkarın yaratdığı əsərlərin siyahısında tam fərqli məzmuna malik adlarla rastlaşırıq. Fortepiano ilə orkestr üçün “Cəngi” rapsodiyası ilk növbədə qeyd edilməlidir. “Cəngi” rapsodiyası ilk dəfə Fərhad Bədəlbəylinin, sonra Ülviyyə Hacıbəyovanın ifasında səslənmişdir. Bəstəkar özü bu əsər haqqında belə yazır: “Bu kiçik əsər üzərində iş nəticəsində mən Azərbaycan musiqisinin daha bir xüsusiyyətini, məhz onun mübarizliyini kəşf etdim”. “Cəngi” rapsodiyası Fərhad Bədəlbəyliyə həsr edilmişdir.
Tam başqa bir səpkidə bəstələnmiş fortepiano üçün “Üç idilliya” isə Ülviyyə Vəliyevaya ( Ülviyyə Hacıbəyovaya ) ithaf olunmuşdur. Bu silsilədə heç bir təzad yoxdur və arioza üslubu hökm sürür. Digər bir fortepiano əsəri “Vatto ruhunda eskizlər”- bu isə neoklassisizm üslübundadır. Milli xüsusiyyətlərin ifadəsi olan “Naxışlar ” fantaziyası maraqlı bir musiqi mozaikasıdır.Ornament, naxış-Şərq incəsənətinin mühüm xüsusiyyətidir. Azərbaycan muğamı və xalça sənətindəki ornamentallıq hamıya məlumdur. Öz əsərini “ Naxışlar ”adlandıran İ.Hacıbəyov, bu sərbəst formalı fantaziyada təzadlı inkişaf prinsipi üzrə, müxtəlif mövzuları qarşılaşdırır və müxtəlif xarakterli mövzular, tembr rəngarəngliyində bir-biri ilə növbələşir. ” Naxışlar ” fantaziyasını tədqiq edən musiqişunas Vəfa Abbasova yazır: “Bəstəkar rəngarəng, şux, əlvan naxışlardan istifadə edərək, çox geniş və gözəl musiqi tablosu yarada bilmişdir. Özünün dediyinə görə o bu əsərdə qızmar, cənub günəşi altında çalışan, gərgin əməyi nəticəsində əsrarəngiz ornament naxışlar yaradan, adi şərq insanının daxili aləmini göstərməyə çalışıb”.
İ.Hacıbəyovun böyük rus bəstəkarı İqor Stravinskinin anadan olmasının 100 illiyinə həsr etdiyi, qarışıq xor və simfonik orkestr üçün “ Memorial ” kantatası fəlsəfi məzmunlu bir əsərdir. Kantatanın “Cantus choralis I”, “İnterlude ”, “Cantus choralis II”, “Postlude” hissələrində təzadlı obrazlar bir-birini əvəzləyir. İsmayıl Hacıbəyov ciddi üslublu polifoniyanı çox sevirdi, özü konservatoriyada polifoniya fənnini tələbələrinə tədris edərkən, ciddi üsluba böyük önəm verirdi. Onun tələbəsi olan bəstəkar Arzu Məmmədova müəlliminə həsr etdiyi məqaləsində yazır: “Bizim kursa ciddi üslublu polifoniya dərsini deyən İsmayıl Hacıbəyov, ilk baxışdan darıxdırıcı və maraqsız görünən, akademik çalışmaların yerinə yetirilməsində bizi gözəllik və harmoniya axtarmağa sövq edirdi”.
Сiddi polifoniyanın bütün gözəllikləri İ.Hacıbəyovu özünə cəlb edirdi, bu səbəbdən də “Memorial” kantatasında ciddi polifoniya qabarıq sürətdə öz əksini tapır. Maraqlıdır ki, bəstəkar bu əsərdə ciddi üslubla puantilist texnikanın bəzi elementlərini üzvi surətdə qovuşdurur. Birinci hissədəki meditasiyanı ikinci ”İnterlüde” bölməsində mis nəfəslilərin ifası əvəzləyir. Kantatanın üçüncü hissəsində arfa alətinin solosu, tembri dördüncü hissədə də davam etdirilir. ”Memorial ” kantatasında xor və orkestr partiyası bir-birindən ayrılmazdır.
İ.Hacıbəyovun yaradıcılığında vokal musiqinin də xüsusi yeri vardır. Fidan Qasımovaya həsr olunmuş iki romans- Ş.Yeseninin sözlərinə “Mavi axşamda” və A.S.Puşkinin sözlərinə “В крови горит огонь желанья” bəstəkarın vokal musiqidəki tapıntılarını özündə əks etdirir. Bəstəkarı vokal silsilə janrı da çox maraqlandırırdı. Onun ilk vokal silsiləsi S.Vurğunun anadan olmasının 70 illik yubileyi ərəfəsində yaranmışdır. Bu silsilə “Bahar” adlanırdı. Sonralar bəstəkar Dante və Fridrix fon Hauzenin şeirlərinə “Мольбы” (”Yalvarışlar”) vokal silsiləsini yazır. Bu çox mürəkkəb əsərin ilk ifaçısı Fəridə Məmmədova olmuşdur. İ.Hacıbəyovun yaradıcılığında nəfəs alətləri üçün musiqiyə də geniş yer verilir. Fleyta üçün sonatina, yumoreska, fleyta və fortepiano üçün 4 xalq mahnısının işləmələri, klarnet, fleyta və fortepiano üçün trio, fleyta və simli orkestr üçün “Konsertştyuk”.
2019-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə Bakıda “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunmuş ” Nəsimi və musiqi ” kitabında (müəllif: Səadət Təhmirazqızı) maraqlı bir məlumatla rastlaşdıq. Bu kitab da İ.Hacıbəyovun Nəsiminin qəzəllərinə 1984-cü ildə bəstələdiyi iki xor üçün “Altı xor” silsiləsindən bəhs edilir. Altı miniatürdən bu a capella xor Nəsiminin iki lirik qəzəli üzərindədir. Üçüncü miniatürdə “Gül bağçalar” xalq mahnısının melodiyası sitat kimi istifadə edilmişdir. Məqalə müəllifi Səadət Təhmiraz qızı əsərin əlyazmasını Milli Kitabxananın arxivindən əldə etdiyini göstərir, əsərin xor kollektivlərinin repertuarına daxil edilməsini tövsiyə edir.
İsmayıl Hacıbəyov Azərbaycan musiqisi tarixində özünəməxsus yaradıcılıq dəst-xətti, öz fərdi üslubu olan bəstəkarlardan biri olmuşdur. Onun bəstəkarlıq və pedaqoji fəaliyyəti çox genişdir. İlk əsərləri neoklassisizm üslubunda olan bəstəkar, bütün yaradıcılığı boyu daim sənətdə axtarışlar aparmış, öz cığırı ilə irəliləmişdir. Hacıbəyovlar nəslinin layiqli nümayəndəsi olan İsmayıl Hacıbəyov Ü.Hacıbəylinin böyük ustadı Qara Qarayevin və atası Soltan Hacıbəyovun ənənələrini davam etdirərək, Azərbaycan professional musiqisi tarixində özünəməxsus bir iz qoymuşdur.
Ədəbiyyat siyahısı:
1.İsmayıl Hacıbəyov: Məqalələr,Oçerklər,Xatirələr.(Tərtib edən: Ü.Hacıbəyova). Bakı: OKA ofset, 200,176s.
2. Sənət fədailəri... Hacıbəyovların musiqi dünyası: dərs vəsaiti/ Ü.Hacıbəyova) B: 2006,112 s.
3.İsgəndərova N. İsmayıl Soltan oğlu Hacıbəyov. Bakı: Şərq-Qərb, 2015, 32s.
4.Səadət Təhmiraz qızı. Nəsimi və musiqi.Bakı:Elm və təhsil,2019-s.126.
5.Гаджибеков И. “Тропою-Караева Кара Караев. Статьи. Письма. Высказывания (редактор-составитель Л.В.Карагичева) - М: советский композитор 1978-s.199-203.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)