11 yaşlı gimnastdan bir ayda 4 qızıl medal! - FOTO
Bu xəbəri paylaş
24-25 dekabr tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində bədii gimnastika üzrə beynəlxalq “Gym star” yarışmasının açıq birinciliyi keçirilib. Çempionatda ölkəmizi çoxsaylı beynəlxalq yarışların qalibi, 11 yaşlı gimnast Mina Abbasova təmsil edib. Mina 2010-cu ildə anadan olmuş gimnastlar arasında alətsiz və halqa ilə çıxışına görə yarışı 2 qızıl medalla başa vurub.
Qeyd edək ki, dekabr ayı ərzində Mina 4 qızıl medal qazanıb. Belə ki, bundan öncə 13-15 dekabr tarixlərində keçirilən beynəlxalq “Gymkids cup” yarışmasında da 2 qızıl medala layiq görülmüşdür.
Hazırda o, beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcovanın rəhbərlik etdiyi “Gym kids” klubunun üzvüdür.
İndiyə kimi müxtəlif ölkələrdə keçirilən saysız-hesabsız yarışlarda 30-dan çox kubok, 40-dan çox medal qazanıb. Xatırladaq ki, Mina Abbasova beş yaşından etibarən Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Maçkusun rəhbərlik etdiyi "Rus Rg Sport” klubunda bədii gimnastika ilə məşğul olmağa başlayıb.
Hazırda Bakıdakı 6 nömrəli orta məktəbdə təhsilini davam etdirən balaca gimnastın bitib-tükənməyən böyük arzuları - üçrəngli bayrağımızı dünyanın müxtəlif idman arenalarında ən yüksək zirvələrə qaldırmaqdır.
Uğurlar, balaca çempion!
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)







