Adil Əliyev: "Hadrutda Komando Briqadasının yaradılması Ermənistan üçün çəkindirici faktordur"

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 24 dekabrda Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə səfəri onun 60 illik yubileyi günündə baş verdiyindən xüsusi dıqqət çəkir. O, Hadrut qəsəbəsində Komando Briqadası üçün hərbi hissənin açılış mərasimində iştirak etdi, Şuşa şəhərində Cıdır düzündə isə ona 60 illik yubileyi münasibətilə göndərilmiş təbriklərə cavab vermiş, eləcə də Yuxarı Gövhər Ağa məscidini ziyarət etmiş və Şuşada dörd yaşlı uşaqla səmimi söhbət etmişdir. Prezidentin öz ad gününü xalqla, xüsusilə əhalinin həssas təbəqələri ilə birlikdə keçirməsi artıq ənənə halına çevrilib. O, 50 illik yubileyini də Ağcabədi rayonunda məcburi köçkünlərin əhatəsində qeyd etmişdi.
Prezident Şuşa şəhərində ad günü ilə əlaqədar dedi ki, “Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən, ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm”. Daha sonra əlavə etdi ki, “Bu gün azad Qarabağda, Şuşada və Hadrutda olarkən mən, - əgər belə demək mümkündürsə, - öz ad günümü qeyd edirəm”. İlham Əliyevin öz ad günlərini və yubileylərini bu tərzdə qeyd etməsi prezident-xalq birliyinin, iqtidar-vətəndaş birliyinin və Ali Baş Komandanla ordu birliyinin ən bariz rəmzlərindəndir. Bu həm də Vətən müharibəsində yazdığımız qəhrəmanlıq salnaməmizin, dastana dönmüş Şuşa uğrunda döyüşümüzün təməlində dayanan Prezident-Ordu-Xalq birliyinin təcəssümüdür.
Hadrut səfəri zamanı yeni yaradılmış Komando Briqadası üçün hərbi hissənin açılışı edildi. Komando Briqadasının yaradılması Azərbaycan ordusunda bir yenilikdir. Bu fakt ordu quruculuğunun, hərbi qüdrətimizin daim yüksək səviyyədə saxlanmasının və hərbçilərimizin peşəkarlıq səviyyəsinin müntəzəm surətdə artırılmasının müharibədən sonrakı dövrdə də dövlətin əsas prioritetlərindən biri kimi aktual olaraq qalmasını göstərir. Bunu İlham Əliyev Hadrutda açıq şəkildə bəyan etdi: “bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq”.
Hazırki şəraitdə hərbi qüdrətimizin və ordumuzun hazırlıq səviyyəsinin gücləndirilməsi ümumən və Komando Briqadasının yaradılması isə xüsusən erməni tərəfi üçün çəkindirici faktor kimi çıxış edir. Vətən müharibəsində darmadağın edilməsinə baxmayaraq Ermənistanda müəyyən dairələr hələ də revanşist bəyanatlar səsləndirilir və bizə qarşı bir neçə dəfə silahlı təxribatlar törədilib. Həmin təxribatların qarşısı ordumuz tərəfindən qətiyyətlə və yüksək peşəkarlıqla alınıb. Gələcəkdə də istənilən belə təxribata layiqli cavab vermək və düşməni belə əməllərdən çəkindirmək üçün Azərbaycan ordusunun təchizatı və hazırlığı, eləcə də hərbçilərimizin şəxsi peşəkarlığı hər zaman yüksəldilməlidir. Müzəffər Ali Baş Komandan Hadrutdan Ermənistana bir daha  xəbərdarlıq etdi: “Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır”.
Bu baxımdan Hadrutda komando hərbi hissəsinin açılışı  mühümdür. Çətin coğrafi şəraitinə görə və Şuşaya doğru irəliləmək nöqteyi-nəzərindən Hadrut Vətən müharibəsi zamanı xüsusi hərbi-strateji və rəmzi əhəmiyyətə malik olmuşdur. Erməni tərəfi Hadrutun Azərbaycan ordusu tərəfindən azad olunduğunu bir neçə gün inkar etmiş və Hadrutun itirilməsilə barışa bilmədiyinə görə hər vəchlə onu ört-basdır etməyə çalışmışdır. Ona görə də Hadrut təkcə Ermənistan ordusunun məğlubiyyətini deyil, həm də Ermənistanın yalan və şayiələrinin, uydurduqları müxtəlif miflərin ifşa olunmasının rəmzidir. Prezidentin qeyd etdiyi kimi, “Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almışdır”. Hadrut və Şuşanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə aid idilər. Məhz buna görə Azərbaycanın Hadrut və Şuşanı azad etməsi olduqca önəmli, strateji bir mərhələ idi.
Hadrut və Şuşa səfərlərinin bir mənası da odur ki, bir tərəfdən İlham Əliyev Prezident kimi işğaldan azad edilmiş ərazilərimizi, o cümlədən Şuşa və Hadrutu bərpa edir, yenidən qurur, digər tərəfdən isə Ali Baş Komandan kimi ordu quruculuğumuzu davam etdirərək hərbi qüdrətimizi artırmaqla yenidən qurulan Qarabağa, Şərqi Zəngəzura və digər torpaqlarımıza qarşı ola biləcək təhdidləri bəri başdan neytrallaşdırır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020