"Onu 10 ildir ki, itirmişəm. Görəndə çox darıxdığımı deyəcəm" "Üzə-düz" Faiq Ağayev ilə - VİDEO

Faiq Ağayev, “Üzə-düz” proqramı, MTV Azərbaycan kanalı


“Kiminsə varlığı mənə darlıq etsə idi, mən indi o insan barədə fikirləşərdim. Amma mənə sual ünvanlananda ki, kimləsə danışmıram? Birdən ağlıma salmağa çalışıram ki, axı mən kiminlə danışmıram? Onlar mənim həyatımda bir basqı, gündəlik xoşagəlməz təsir deyillər. Danışmamağa qalsa, bəzən qonşularımızla, Allah uzaq etsin valideynlərimizlə də danışmırıq. Insan başqası üçün heç vaxt Nikolay 10-luğu olmayacaq ki, öpüb, cibinə qoyasan ki, hərarətini alsın. Axı düşmənçilikdə də mərd olmaq lazımdır. Qəlbən qırılanda bağışlayıram amma içimdə barışmıram. It də itlə dalaşanda bir əlini arxada gizlədir ki, birdən sabah əlini uzatmalı oldu. Əgər arada bir-birini məhv etmək istəyi varsa, bu bilirsiniz həyatı necə çirkablaşdırır? Mən kin-nifrətlə yaşaya bilmərəm, ölərəm. Küsülü olduğum həmkarlarımla da aramda sevgi olub, sadəcə təntənəli şəkildə dəfn elədik o sevgini. Və toxunmuruq, qəbrə toxunmaq olmaz. O məhəbbət artıq qəbrin içindədir, gömülüb qara torpaqlara. Onu anarlar, hərdənbir yada salarlar. Amma onu qurtdalamazlar, qəbrə toxunmaq olmaz!”
 


“10 ildir atamı itirmişəm. Ata kimi mənə nəyi öyrətməli idisə, artıqlaması ilə bunu etdi. Bir gün gəlib atama dedim ki, papa sən məni bağışla amma mən anamı səndən çox sevirəm. Dönüb mənə dedi ki, düz edirsən, biz səninlə eyni insanı sevirik. Mənim atam mənim “xalq artisti” fəxri adını almağımı da gördü. Tamaşaçı sevgisini də gördü. Hərdən dəhşətə gəlirəm ki, 10 il keçib. O dünyada görəndə maraqlanacam ki, siqaret çəkib, yoxsa atıb? Ona olmazdı siqaret çəkmək. Başqa sualım qalmayıb. Bir də deyəcəm ki, darıxmışam səninçün. Onun ən böyük əmanəti bizimçün anamdır. Anamı çox sevirdi. Dedi ki, mənim arvadım sizinçün qulluqçu deyil ki, mən dünyadan köçəndən sonra nə kimsə yaşamağa onun yanına köçür. Nə də onu öz yanınıza aparın. Görmək istəyirsinizsə, gəlin görün axşam saat 11-də gedin evinizə. Ona yük olmayın”.
 


“Şou-biznes deyəndə Faiq Ağayev, Aygün Kazımova.... Burda bitdi siyahı əslində. Niyə? Çünki 1988-ci ildə səhnəyə gəldik. 1995-ci ildə artıq Aygünü də, Faiqi də bütün Azərbaycan sevirdi. 3 və 4-cüsü yox idi. Bizlə bir yerdə gələnlər var idi ki, daha sonralar parladılar. Düzdür, gözəl, güclü parladılar amma qurucusu bu iki nəfər idi!”
 


“Mən 3 yerdə xoşbəxtəm. Studiyada mahnı yazanda, solo konsert və klip çəkilişləri zamanı. Konsertlər üçün hamımız darıxmışıq amma bilirsiniz ki, məhdudiyyətlər var. Əgər pandemiya olmasa idi, bu il tamaşaçıları çox maraqlı konsert gözləyəcəkdi. İki hissədən ibarət gecədə bir-birindən tam fərqli Faiq Ağayev olacaqdı. Keçmiş və gələcək kimi ola bilər... Gülür ”.
 


“Polad Bülbüloğlu 2008-ci ildə mən “xalq artisti” adını alan kimi mənə zəng açaraq təbrik etdi və söylədi ki, bax ha, sən artıq xalq artistisən. Sən böyük bir xalqın musiqi nümayəndəsisən. Sənin haqqın yoxdu bundan sonra bir keyfiyyətsiz iş buraxasan. Bundan qabaq da eləməmişdin ha, amma birdən deyərsən xalq artistiyəm, mənə hər şey olar. Keyfiyyətsiz iş buraxarsan, o sənin xalq artisti adına xələl gətirər. Bax o məsuliyyət!!!”
 


“Mən üç dəfə həyatımda koma keçirtmişəm. Ölmüşəm! Mən həyatı çox sevirəm, bu bir, ikincisi ölməkdən qorxmuram artıq. Illər əvvəl başıma gələn hadisə artıq üçüncü koma idi. Ondan qabaq iki komam olub mənim. Bir dəfə boğulmuşam dənizdə, bir dəfə də burnumu əməliyyat edəndə. İndi daha dünyasını dəyişib o həkim, demək olar. Həkim məni öldürdü, reanimatoloq olmasa idi məni bu dünyaya qaytarmaq olmazdı. Heç yadıma da salmaq istəmirəm, bir az məni yükləyir bu söhbətlər. Mən yaşayışı çox sevirəm, mən həyatı çox sevirəm. Mən gözəl insanlar, insanlaran gözəl hərəkətləri görməyi sevirəm. Həyatdır, olub.  Kiminsə burnu qanayır, kiminsə dırnağı sınır, kimsə allah göstərməmiş avtomobil qəzasına düşür, kimsə hansısa bir düşmənçiliyin tuşuna gəlir. Bu da həyatın eybəcər tərəfləridir”.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020