‘’Doğma Yurdumu Təqdim Edirəm’’ layihəsi çərçivəsində tədbir keçirilib +FOTO=8
Bu xəbəri paylaş
‘’Doğma Yurdumu Təqdim Edirəm’’ layihəsi çərçivəsində tədbir keçirilib
SOS uşaq kəndində Resm Zərgərlik brendinin təşəbbüsü və təşkilatçılığı ilə 11 Noyabr - 18 Dekabr tarixləri arasında ‘’Doğma Yurdumu Təqdim Edirəm’’ layihəsi baş tutmuşdur.
“SOS Uşaq Kəndləri – Azərbaycan” valideyn himayəsidən məhrum olmuş və ya atılma riski qarşısında olan uşaqları ailə əsaslı qayğı ilə təmin edir. Təşkilatın əsas hədəfi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir.
Layihənin keçirilmə məqsədi uşaqların Azərbaycanın bölgələri, hər bir bölgənin tarixi, incəsənəti, mədəniyyəti və məbədləri ilə yaxından tanış olması ilə bərabər onlara təqdimat etmə bacarığının öyrədilməsi və inkişaf olunmasıdır. Layihə 10-14 yaş aralığındakı uşaqlar üçün keçirilmişdir. Layihə zamanı hər həftə öz sahələrinin mütəxəssisləri tərəfindən uşaqlara müxtəlif vörk-şoplar keçirilmişdir. Resm brendinin təsisçisi və dizayneri həmçinin 10 il müddətinə Dünya Bankının komunikasiya və PR şöbəsində çalışmış Rəsminə Qürbətova uşaqlarla il görüş zamanı brendin ‘’Doğma Yurdum’’ adlı kart oyununu keçirərək hər bir bölgənin unikallığı haqqında da söhbət açdı. Oyun zamanı müxtəlif strategiyalar tətbiq edən uşaqlar bölgələrə məxsus naxışlar və abidələrlə də tanış oldular. Püşkatma yolu ilə hər bir uşaq üçün Azərbaycanın müxtəlif bölgəsi seçildi.
İSOPS School dəstəyi ilə Natiqlik üzrə təlimçi Anar Yaşaroğlu dərs zamanı ictimaiyyət qarşısında çıxış etmə, həyəcandan qurtulma, təqdimatın hazırlanması, təqdimat edən zaman nələrə diqqət edilməli haqqında gənc dinləyicilərə maraqlı üsulla dərs keçdi.
32dən çox ölkədə və 100lərlə şəhərləri səyahət etmiş Azər İsmayıl uşaqlarla görüş zamanı səyahətdə qarşılaşdığı maraqlı hekayələrdən söhbət açdı. Uşaqlar onlara maraqlı gələn ölkələr, şəhərlər və mədəniyyətlər barəsində öz suallarını verdilər və Azər İsmayıl isə öz növbəsində hər birini cavablayaraq, uşaqlara Azərbaycanın bölgələrinin gözəlliyi barədə də məlumatlandırdı.
Azərbaycanda bir çox maraqlı reklamın müəllifi olan kreativ mütəxəssis Ağarəcəb Cəfər isə gənc dinləyicilərə kreativ düşünmə barədə interaktiv mühazirə etdi. Uşaqlara sözün gücünün vacibliyindən danışan mütəxəssis onlara təqdimatlarını hazırlayan zaman auditoriyanın diqqətini çəkmək üçün hansı sözləri, cümlələri seçməli olduğunu izah etdi.
6 Həftənin sonunda 10 uşaq hər biri seçilmiş bölgəyə uyğun olaraq təqdimatlarını etdilər. Onlar ilk dəfə auditoriya qarşısında çıxış etdikləri üçün üçün çox həyəcanlı və maraqlı anlar yaşadılar.
Münsiflər və dostları tərəfindən qiymətləndirilən və alqışlanan gənclər təşəkkürnamə və sertifikat həmçinin müxtəlif hədiyyələrlə təltif olundular.
Təqdimatdan sonra isə birlikdə Gənlik Parkında piknik edən uşaqlar, onlara təlim keçən mütəxəssislərlə birlikdə oyunlar oynayaraq, söhbətlər edərək maraqlı anlar keçirdilər.
Daha sonra Resm zərgərlik komandası uşaqlarla birlikdə Dəniz Malla üz tutdular. Kinderland əyləncə mərkəzində ilk dəfə olan uşaqlar əyləndikdən sonra hər biri üçün xüsusi hobbilərinə görə seçilmiş hədiyyələri ilə tanış oldular.
Unutulmaz anlar yaşayan SOS uşaq kəndlərindən olan uşaqlar Yeni İl öncəsi maraqlı və əyləncəli zaman keçirdilər.
Hər bir uşağın xüsusi qayğıya ehtiyacı olduğu bir zamanda kimsəsiz uşaqları diqqətdən kənarda qoymamaq bir vətəndaş kimi hər birimizin məsuliyyətidir. Uşaqların hər biri gələcəyin həkimi, müəllimi, hər hansı bir sahənin mütəxəssisi olacağını unutmamalıyıq və onlar hər birimizin övladıdır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)







