Hümbət Quliyev: Madridli xanım
Bu xəbəri paylaş
Hümbət Quliyev: Madridli xanım
( hekayə)
İspaniyanın paytaxtı Madriddə yerləşən dünyaca məşhur Prado muzeyindən çıxanda məni təəssüf hissi bürüdü. Eyni ilə belə hissi mən Nyu- Yorkun Metropoliten, Parisin Luvr muzeylərindən sonra da yaşamışdım. Psixoloqların vurğuladığı kimi məqsədə, arzuya çatdıqdan sonra insanda təəssüf hissi yaranır.
Çünki reallıq heç vaxt arzudakı kimi gözəl olmur.
O dönüb muzeyin möhtəşəm binasına bir də baxdı. Muzeylərdə zallar, ekspozisiyaların quruluşu, orda yaradılan atmosfer ona şəkillərdən çox məmnunluq hissi gətirirdi. Hə, şəkillərin altındakı müəlliflərin adları da az da olsa onun təkəbbürünü sığallayırdı: Velaskes, Qoyya, Tisian, El Qreko, Rubens…
İnsanlar milyonlar xərcləyib bu müəlliflərin əsərlərini niyə seyf evlərində saxlayırlar? Şəkillərin gözəlliyinə görə? Az inanıram. Sadəcə hamı bilsin ki, bu məşhur şəkil məhz ona məxsusdur.
Artıq pulun, var dövlətin miqdarından ləzzət ala bilməyən insan daha təkəbbürünü necə cuşa gətirsin?
Yalnız belə! Müəlliflər də artıq dünyalarını dəyişiblər daha heç vaxt şəkil çəkməyəcəklər!
Bəs məni bu muzeylərə aparan nədir? Mən də özümü bu şəkillərin əslini görə bilmiş azların sırasında hiss etmək üçün? Çox kədərlidir!
Üzümə vuran soyuq qış küləyi məni fikirlərimdən araladı.
Əhvalımı düzəltmək üçün nəsə etməliydim. Bəlkə, Barnabeu stadionuna gedib Madridin “ Real” futbol klubunun oyununa baxım?
Bəlkə korridaya?
Futbola televizorda baxmağı xoşlayıram, öküzlərin öldürülməsindən mənim yumşaq ürəyimin əziyyət çəkəcəyini bilirdim. Bəs nə?
Taksi dayanacağının yanından keçəndə səfərlərdə çox xoşladığım bir şey yadıma düşdü. Fikrin özündən xoşhallandım. Birinci taksinin sürücüsü ispan idi. Mənim ingilis dilimə reaksiyasından anladım ki, ona fikrimi izah edə bilməyəcəyəm. Sırada üçüncü olan taksinin sürücüsü telefonda kiməsə rus dilində nəsə izah edirdi. Rusa, rusca izah etmək mənə rahat olacağını düşündüm.
Maşına oturub sürücüdən xahiş etdim ki, məni Madridin ənənəvi turist yollarından kənar bir yerinə aparsın.
Sürücü məni başdan ayağa süzüb aşağı səslə dedi:- Qulaq asın, sizin istənilən arzunuzu yerinə yetirməyə hazır olan gözəl xanımlarla birlikdə vaxt keçirtmək istəməzdiniz?
Yox, -dedim və o, yola düşdü.
Hər səfərdə taksi sürücülərindən belə təkliflər eşidirdim və bilirdim ki, hər gətirdiyi müştəriyə görə onlar yaxşı faiz alırlar.
Bu barədə düşünməyə başladım.
Avropanın çox ölkələrində “görüş yerləri” leqallaşdırılıb. Orada “işləyən” xanımlar rəsmən qeydiyyatdan keçirlər və vergi ödəyiciləri olurlar. Bunun müqabilində onlar tibbi sığorta ilə təmin edilirlər. Hətta onlar üçün vaxtı çatanda təqaüd də müəyyənləşdirilir.
Avropada bu fəaliyyətin lehinə və əleyhinə olanlar min illərdir ki, vuruşurlar. Əleyhdarlar deyirlər ki, bu fəaliyyət qadınların şəxsiyyətini alçaldır və onlar müştəriləri tərəfindən şiddətə məruz qalırlar.
Belə fəaliyyətin lehinə olanların arqumentləri odur, bu fəaliyyəti qadağan etmək mümkün deyil, tarixdə tətbiq olunan ən qatı tədbirlər də heç bir nəticəyə gətirməyib. Qadağalar bu sahəyə kriminalı gətirir və onlar tərəfdən qadınlar daha çox alçaldırıllar.
Eyni zamanda fəaliyyət leqal olanda qadınların sağlamlığına nəzarət də etmək mümkün olur ki, bu da ümumən cəmiyyəti sağlamlaşdırır.
Bazar iqtisadiyyatıdır, necə deyərlər, tələb varsa, təklif də həmişə olacaq.
Türkiyə müsəlman ölkəsi olsa da, Avropa yolu ilə gedir və bu fəaliyyət orada lisenziyalı fəaliyyət növüdür.
Bilirsiniz, Türkiyə bələdiyyələrin bu fəliyyət növünə olan arqumentləri nədir?
Onlar hesab edir ki, məhz belə icazəli fəaliyyət imkan verir ki, kişilər müəyyən yerlərdə öz hisslərini sakitləşdirsinlər və cəmiyyətin abırlı xanımlarına qeyri- sağlam baxışlarla baxmasınlar. Axtarmaq lazım olmur, harda olduğunu da hamı bilir.
Bir dəlil də odur ki, belə yerlər gözdən, qulaqdan uzaq bir yerdə olur. Hamının yaşadığı yerlərdə belə qadınlar təsadüfən belə heç kimin qabağına çıxmaz və məhz belə bir məkanda uşaqları rahat tərbiyə etmək mümkün olur.
Lehinə olanların ən böyük dəlili isə bu sahənin büdcəyə çoxlu pul gətirməsidir ki, o pullarla da çox sosial proqramları dəstəkləmək olur.
Bu sahənin gətirdiyi pullardan danışanda, bilənlər məşhur bir misalı nümunə gətirirlər.
Türkiyədə çox nəhəng şirkətlərin olmasına baxmayaraq keçən əsrin sonuna qədər ən böyük vergi ödəyicisi erməni əsilli xanım Matilda Manukyan olub. O, Türkiyədə məhz bu fəliyyətin başında olub və çox var qazanmış bu xanım sağlığında otuza qədər görüş binaları tikdirib.
Taksi sürücüsü mənə tərəf dönüb dedi:- baxın, buralar siz istədiyiniz yerlərdir. Mən ona bir qıraqda saxlamağı xahiş etdim. Onunla hesablaşanda o mənə təkrar dedi;- baxıram imkanlı adamsınız, bir yer var, ora Ukraynadan bir sürü təzə qızlar gətiriblər, bu da mənim vizit kartım, gecə, gündüz qulluğunuzdayam.
Mən sürücü ilə sağollaşanda ona dedim;- dostum, xanımla görüşmək üçün gərək onu sevəsən, ən pis halda, heç olmasa, qarşılıqlı simpatiyan olmalıdır.
İşlətdiyin “sürü” sözünə görə sənə ayrıca təşəkkür edirəm. Bayaqdan bu haqda düşünürəm, pazlı qura bilmirdim, o sözlə hər şey yerində oturdu. Sürüdürsə, kişi və qadın olmur, erkək və dişi olur. Erkəklə dişinin görüşməyinə nə mane ola bilər ki? Heç nə!
Sürücünün müammalı baxışları altında mən taksidən düşdüm.
Qarşımda ilk gördüyüm meyvə dükanı oldu. Meyvə dükanlarını sevirəm, xüsusən də xarici ölkələrdə. Əvvəla bu dükanlarda fəsil meyvələri anlayışı olmur, ilboyu bütün meyvələr olur. Dünyanın istənilən ölkəsinin arzusudur ki, Avropa bazarına nəsə çıxara bilsin.
Bu bazara maşın, texnika çıxara bilmirlər, çünki Almaniya, İngiltərə, Fransa kimi ölkələr bu bazarı tutublar.
İmkan yalnız meyvə, tərəvəzə qalır.
Hər dəfə yeni ölkəyə gələndə yerli meyvələri dadıram, belə dad hissimi xoş təəccübləndirirəm.
Bu dükanların bir üstünlüyü də odur ki, artıq soyulub, doğranmış meyvələr də olur. Xüsusi qablarda, yanında da xüsusi çəngəli…
Təkcə meyvələr deyil, səfərlərdə yerli yeməkləri, içməkləri, bir sözlə yerli olan hər şeyi dadmaq istəyim olur. Məhz belə ölkəni, xalqı hiss etmək olur.
Yolumun üstündə olan kiçik kafe mən arzuladığım idi. Belə kafelər qarşılarına 4-5 kiçik masa qoyurlar.
Kiçik ona görə ki, masalar insanların getdiyi səkiyə qoyulur. Gediş- gəlişə mane olmamaq üçün hər masanın yanında arxası kafeyə, cəmi iki stul olur. Bəxtimdən boş masalar var idi. Birində üzü küçəyə oturdum və oturan kimi isti hava hiss etdim. Soyuq aylarda kafe sahibləri müştərini düşünüb hər masanın yuxarısında istilik verən cihazlar quraşdırırlar. Bu çox rahatdır, soyuq havada küçədə otursan da, üşümürsən. Avropalılar demiş, tam komilfo!
Küçədə oturub, küçəyə tamaşa etməkdən maraqlı nə ola bilər ki?
Sən parterdə oturub müəllifi Yaradan olan bir tamaşaya baxırsan.
Adi teatrdan fərqli olaraq hər növbəti an nə baş verəcəyini heç kim bilmir.
Bu haqda oxumuşdum da, məhz belə insanın beyni çox yaxşı dincəlir.
Ofsiant mənə menyunu gətirdi.
Avropa kafelərinin bir məziyyəti də odur ki, bir kofe sifariş verib rahat otura bilərsən, və bu hala heç bir kafe işçisinin məzəmmətli baxışlarını görməzsən, əksinə onların hər biri sənə davranışı, mimikası ilə göstərəcəklər ki, sən onların ən arzuolunan müştərisisən.
Sifariş verib həyat tamaşasına baxmaqda davam etdim. Gərginliyim içimdən yavaş -yavaş çıxır və mən özümə qayıdırdım, olduğum özümə.
Oturduğum yerdə aralarında qədim, üçmərtəbəli binalar olan iki küçə birləşirdi. Belə küçələri sevirdim.
Şüşə və betonlardan tikilmiş göydələnlərin arasında özümü narahat hiss edirəm, elə təsəvvürüm yaranır ki, mən ölçümdən çox böyük olan paltar geymişəm. Oturduğum küçə mənim üstümə biçilmişdi. Rahat paltarın verdiyi məmnunluğu fiziki olaraq hiss etdim. Ofisiant qız sifarişimi gətirdi və xoş təbəssümlə avropanın bütün ölkələrində universal deyim sayılan
“bon appetit”, - dedi.
Bir qurtum kofe bədənimi də ruhumun xoş halına çaparaq çatdırdı.
Birdən gözüm məndən uzaq küçənin səki tərəfində gedən bir qadına sataşdı. Məsafə və oturuşum mənə imkan verirdi ki, o qadına vicdan əzabı çəkmədən, diqqətlə baxım.
Avtopada gözəl xanım görmək müşkül məsələdir. Xüsusən Avropanın şimalında yerləşən ölkələrində, Almaniya da daxil olmaqla. Kişi bədənli, kəskin cizgiləri olan qadınlar əksəriyyət təşkil edir, praktik olaraq gözlərin kiməsə ilişməyə şansı belə olmur. Amma oralarda da istisnaların olduğunu ədalət naminə deməliyəm.
Amma mən İspaniyada idim, Piriney yarımadasının ortasında, günəş enerjisindən bol qidalanan insanların içində. Xanım tələsmədən yeriyirdi.
Qadını qadın edən onun yerişidir. Baxdığım qadın yerimirdi, o özünü götürüb aparırdı. Geyim seçimi çox gözəl idi. Məşhur bir modelyer deyib ki, kişi qadınla görüşəndən sonra onun necə geyindiyini yadında saxlaya bilməyibsə, deməli qadın zövqlə geyinmiş imiş.
Onun boynuna bağladığı şərfin inanılmaz düyünü göstərirdi ki, o öz xarici görünüşünə vaxt ayırmağı sevir. Bu onun özünə hörmət etdiyinə dəlalət edirdi. Kişilər özünə hörmət edən qadınlara hörmətlə yanaşarlar.
At quyruğu saç seçimi onun şən, ünsiyyətə hazır olduğunu göstərirdi. Qadın dayandı, yolun sağına baxıb mən oturduğum tərəfə yönəldi. Hər iki küçə dairəvi yolla qurtardığından, o belə də etməli, yolunu mən oturduğum küçədən salmalı idi.
Bu qadın mövcudluğu ilə bütün küçəni xoşbəxt edirdi. Mən də bu xoşbəxt olmuş küçənin qırağında oturub kofe içirdim. Xanım düz mənim üstümə gəlirdi, qısa müddətə də olsa onun gözəl çöhrəsinə baxdım.
Fikrimdə Prado muzeyinə qayıtdım. Qoyya belə bir xanımı görməsəydi, öz Maxasını yarada bilərdimi?
Tisian belə xanımla ünsiyyətdə olmadan öz Danayasını yarada bilərdimi? Niyəsə məhz indi, burada Prado muzeyində olmağıma sevindim, sadəcə o rəssamları mən indi başa düşdüm. Rəssam olmadığıma təəssüfləndim, rəssam olsaydım bu qarabuğdayı, cilvələnən ispan qadınını mütləq çəkərdim.
Onun mənim yanımdan keçərkən üzümə baxmamağı məni təəccübləndirmədi. Bu onun həm də ağıllı olduğunu göstərirdi.
Əmin idim ki, o tini dönəndə mənim ona baxdığımı artıq görmüşdü. Qadınlar biz kişilər düşündüyümüzdən də çox ağıllıdırlar. Bizi kişiləri Allah sadəlövh yaradıb ki, qadınlar sadəlövhlüyümüzdən açıq qapı kimi istifadə edə bilsinlər. Mən artıq qadına baxmırdım, amma yan baxışımla onun mənim yanımdakı boş masada oturduğunu gördüm.
Mən küçəyə baxmaqda, arada kofe içməkdə davam edirdim. Qadın oturduğu masanın məndən uzaq tərəfində oturmuşdu, aramızda iki boş stul vardı. Qadının mənə belə yaxın olmağı məndə ovçu instinkti oyadırdı. Amma şikar da ola biləcəyimi düşündüm. Bu o hal idi ki, şikar olmağa içimdə etiraz belə yox idi.
Mən kofeni şəkərlə içmirəm, süd də qatmıram,bişirilmiş şirniyyatla xoşlayıram. Şirniyyat seçimimi də, çox düşünmədən edirəm, menyuda olan şirniyyatların ən bahalısını seçərəm. Fikirləşirəm ki, baha qoyublarsa, deməli mənim də əvəzimdən artıq düşünüblər. Avropadır, bahalıdırsa, deməli yaxşıdır. Cəmi bircə dəfə bu taktikam uğurlu alınmayıb, amma sifariş verdiyim növbəti şirniyyat mən istəyən olub.
Məhz şirniyyat yemək məqsədilə mən üzü xanıma tərəf oturdum və baxışlarımız qarşılaşdı. Qadın üçün baxış ən böyük informasiya mənbəyidir. Milyon illər qadınlar üçün ən vacib məsələ kişi seçmək olub, çünki onların bütün sonrakı həyatı məhz bu seçimdən asılı olub. Milyon illər ərzində baxışı onlar o qədər cilalayıblar ki, onlar bir baxışla kişiyə diaqnoz qoymağı bacarırlar. Və əminliklə nəticə çıxarırlar ki, bu kişi ilə hara, nə qədər yol gedə bilərlər və getməyə dəyərmi.
Öz tərəfimdən yeganə deyə biləcəyim odur ki, qadın mənə xoş baxdı. Hər ikimiz kofe içirik, və arada baxışlarla dilxoşluq edirik.
İki mədəni insanın bir- birinə etiket çərçivəsindən çıxmayan xoş münasibət göstərmələri idi baş verənlər. Mən onun ispan olduğuna hörmətimi bacardığım xoş üsulla bildirirdim. Yəqin o da mənim turist, qonaq olduğumu görüb qonaqpərvərliyini mənə çatdırmaq istəyirdi, hər halda bu mənim olanlara münasibətim idi.
Bir müddətdən sonra, qadın çölə çıxan ofisiantdan hesab istədi. Ofisiant mənim yanımdan keçəndə onu saxladım və yavaşca dedim ki, xanım etiraz etməsə, mən onun əvəzinə ödəyərdim.
Ofisiant mənim istəyimi ona çatdıranda, qadın mənə bir də və diqqətlə baxdı. Baxış ciddi idi. İlk ağlıma gələn fikir bu oldu ki; - abi, bu sənə lazım idi? Yox deyəcək, əhvalın korlanacaq. Gül kimi sakit oturmuşdun.
Qadın mənə baxmaqda davam edirdi. Baxışından gördüm ki, əvvəl qəlbimdə eşələndi, sonra Feysbuk səhifəmə girib azərbaycanca bütün statuslarımı oxudu, mənə layk eləyənləri bir- bir aradı. Sonda o mənim şirniyyat seçimimə baxdı, görünür seçimimi bəyəndi, çünki ilk təbəssümünü şirniyyatıma baxanda gördüm. Onun fikrinə elə fikrimlə də dəstək oldum; hə, elədir ki var xanım, hər şeyin ən gözəlini seçirəm.
Sonra elə təbəssümlə də o, ofisiant qıza razılıq işarəsini bildirdi.
Mən üzümü küçəyə döndərdim. Kofe və şirniyyatın təsirindən küçə mənə daha gözəl göründü. Bəlkə də səbəb şirniyyat yox, şirin baxışlar idi? Gəl indi ayırd elə görüm. Ah və ah!
Qadının arxasınca o tini burulana qədər qeyri-ixtiyarı baxdım. Küçədə oturmuşdum, hər yerə və hər kəsə mədəni çərçivədə turist marağı ilə baxa bilirdim.
Mən ofisiantdan hesab istədim və o mənə ənənəvi kafe qovluğunda hesabı gətirdi. Belə kafelərdə kartla hesablaşmaram, belə çox vaxt tələbə olan ofisiantlara əlavə çay pulu verə bilmirəm. Mən gözucu hesaba baxıb qovluğa iri pul qoydum ki, ofisiantın qaytardığı puldan ona da verim.
Ofisiant qız mənə gətirdiyi puldan ona verb sağollaşmaq istəyəndə o barmağı ilə mənə çeki göstərdi, düşündüm ki, nəsə düz etmirəm, amma o çeklərin birini çevirib arxasında əllə yazılmış telefon nömrəsini göstərdi və başı ilə bayaq ispan xanımının oturduğu masaya gülümsəyərək işarə etdi. Ofisiant gedəndən sonra mən telefon nömrəsinə və altından yazılmış ada baxdım.
Qəşəng adları varmış bu ispan xanımlarının, ilk düşündüyüm bu oldu.
Mən ayaq üstə durub qadının döndüyü tinə bir də baxdım. Mənim hələ üç günüm vardı, daha doğrusu, mənim cəmi üç gün vaxtım qalırdı…
Hümbət Həsənoğlu
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)