Pedaqoji Universitetin Gənc Alimlər və Tədqiqatçılar Şurasının yeni idarə heyəti seçilib
Bu xəbəri paylaş
Yanvarın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alimlər və Tədqiqatçılar Şurasının üzvləri ilə görüş keçirilib. Görüşdə universitetin müvafiq struktur rəhbərləri, professor-müəllim heyəti və gənc tədqiqatçıları iştirak edib.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, ali təhsil müəssisəsinin əməkdaşları arasında son illər gənc mütəxəssislərin sayı durmadan artır və universitetdə elmi kadr hazırlığı sahəsində xeyli uğur əldə edilib. Gənc alimlərin təşkilatlanması və fəaliyyətini koordinasiya etmələrində Şuranın önəmli rol oynayacağına inanırıq.
Universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov bildirib ki, ADPU-da gənclərin elmə təşviq edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində 2017-ci ildə Gənc Alimlər və Tədqiqatçılar Şurası təsis edilib. Şuranın ötən dövrdə formalaşması və fəaliyyətinə nəzər saldıqda qeyd edə bilərik ki, Şuranın üzvlərindən olan Nailə Hüseynova ölkəmizdə ilk dəfə korreksiyaedici təlim ixtisaslaşması üzrə elmlər doktoru dərəcəsi alıb, 12 nəfər fəlsəfə doktoru müdafiə ərəfəsindədir. Ümumilikdə ADPU-da hazırda 65 nəfər doktorant və dissertant tədqiqat işləri üzərində işləyirlər. Qeyd etmək yerinə düşər ki, son bir ay ərzində 4 nəfər fəlsəfə doktoru proqramı üzrə doktorluq dissertasiyasını müdafiə ediblər.
Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev bildirib ki, elmi yaradıcılıq həm də tədris prosesində, tələbələrin hazırlanmasında önəmli həlqədr. Tədqiqatçılığı olmayan müəllimin dərsləri quru və zəif olur.
Çıxış edənlərdən professor Fərrux Rüstəmov, professor İbrahim Bayramov, kimya elmləri doktoru Əli Zalov da Şuranın fəaliyyətinə uğurlar arzulayaraq gələcək illərdə yüksəksəviyyəli sistemli tədqiqatların aparılması yolunda təşkilatın fəaliyyətinin faydalı olacağını vurğulayıblar.
Daha sonra Gənc Alimlər və Tədqiqatçılar Şurasının İdarə Heyətinə üzvlər seçilib. Yeni heyətdə hazırda Universitetdə tədqiqatlar aparan və aktiv elmi-ictimai fəaliyyəti ilə fərqlənən gənclər təmsil olunur. İdarə Heyətinin üzvləri arasından gənc tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru İlkin Əsgərov isə Şuranın İdarə Heyətinin sədri seçilib.
İlkin Əsgərov Şura adından çıxış edərək ona göstərilən etimada görə təşəkkür edərək təşkilatın fəaliyyətində magistrant, doktorant və dissertantlar arasında əlaqələndirici, istiqamətverici və stimulverici rol oynamağı hıdəflədiyini bildirib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)