Akif Ağayev: “Vətənimizin gələcəyi olan gənclər” – Masallıda tədbir (+FOTO=7)
Bu xəbəri paylaş
Akif Ağayev: “Vətənimizin gələcəyi olan gənclər” – Masallıda tədbir
Masallıda 2 fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib.
YAP Masallı rayon təşkilatında “Vətənimizin gələcəyi olan gənclər” mövzusunda təşkil olunan görüşdə Vətən müharibəsi iştirakçıları, qazilər, rayonun fəal gəncləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Masallı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Seyfəddin Əliyev iştirakçıları Gənclər günü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sferalarında, eləcə də beynəlxalq aləmdə aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: “Müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Seyfəddin Əliyev əlavə edib ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 44 günlük Vətən müharibəsi oldu. Rəşadətli Ordumuzun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların şücayəti ilə əldə olunan Şanlı Zəfər sayəsində ərazi bütövlüyümüzü bərpa etdik, 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşduq. Bununla yanaşı, gənclərimiz ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında da fəal iştirak ediblər...”
Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışaraq gənclər siyasətinin dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyini bildirən gənc fəal Könül Qənbərova vurğulayıb ki, Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində dövlətin dəstəyilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkənin daha da qüdrətlənməsi istiqamətində fəaliyyət göstərmələri dövlətin onlara olan etibarının əyani göstəricisidir. Vaxtilə gənclərimizi xarici ölkələrin ali təhsil müəssisələrinə göndərməklə Azərbaycanın dünyada tanınması və təbliği üçün zəmin yaradan Ulu Öndərin ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Gənclərdən Nurlan Muradov, Əsmər Əzimzadə, Abı Bağırov və başqaları qeyd ediblər ki, gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Sonda partiya sıralarına daxil olan gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub, bir qrup gəncə, Vətən müharibəsi iştirakçısına qiymətli hədiyyə və fəxri fərmanlar verilib.
Akif AĞAYEV,
MASALLI.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)






