Dr.Tamilla Əliyeva "Həkim məsləhəti" rubrikasında "Omikron ştamına yoluxduqda nə etmək lazımdır?" sualını cavablandırıb

Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi, kardioloq Dr.Tamilla Əliyeva “Həkim məsləhəti” rubrikasında “Omikron ştamına yoluxduqda nə etmək lazımdır?” sualını cavablandırıb.

Yanvar ayının son günlərini yaşayırıq. Yeni növ koronavirusun Cənubi Afrikada yayılmağa başlayan, daha sonra Avropaya “ayaq açan” omikron ştamı Azərbaycanda da aşkarlandı. Məhz bu ştamın gəlişi ilə son günlər ölkəmizdə yoluxmaların sayında artım müşahidə olunmağa başlayıb. Bu da yeni ştamın daha sürətli yoluxduruculuq qabiliyyəti ilə bağlıdır. Amma sürətlə yoluxdurmaq omikron ştamının yeganə xüsusiyyəti deyil və bu xüsusiyyətlər xəstəliyə yoluxduqda özünü büruzə verir.

Əsas fərqləndirici xüsusiyyətlər aşağıdakılardır: omikrona yoluxan pasiyentlər daha çox boğazda intensiv ağrıdan, qızdırmadan, öskürəkdən, baş ağrısı, zəiflik və ishaldan şikayət edirlər. Bu əlamətlər daha çox respirator xarakterlidir. Digər ştamlarda da rast gəlinən bu əlamətlər omikron ştamında daha qabarıq özünü göstərir. Onu da qeyd edim ki, əvvəlki ştamlarda iybilmə və dadbilmə itirdisə, omikron ştamında bu çox nadir hallarda baş verir. Həmçinin, gözlərin qıcıqlanması, zökəm, asqırma və nəfəs darlığı az rast gəlinir.

Böyük Britaniya mütəxəssislərinin apardıqları tədqiqatın nəticələrinə görə, yuxarıda qeyd etdiyim əlamətlər peyvənd olunmuş xəstələrdə özünü göstərir. Vaksinasiyadan keçməmiş xəstələr, məsələn, Cənubi Afrikada aparılan tədqiqatların nəticələrinə görə, omikron pandemiyanın əvvəllərində müşahidə olunan əlamətlərlə özünü göstərir, yəni koronavirusun ağır keçməsi ilə seçilir. Göründüyü kimi, vaksinasiya koronavirusun hər bir ştamına qarşı mübarizənin ən effektiv yoludur.

Məhz peyvənd edilmiş insanlarda omikron ştamı digər ştamlarda, o cümlədən delta ştamından daha yüngül keçir və ölüm halları daha az olur. Omikron ştamının daha sürətlə yayılması səbəbindən əvvəllər olduğu kimi, insanların sıx olduqları yerlərdən mümkün qədər uzaq olmaq, ara məsafəsi saxlamaq, tibbi maska taxmaq, əlləri tez-tez spirtlə silmək və ya sabunla yumaq, ictimai nəqliyyatda: avtobuslarda, taksilərdə, metroda sosial məsafə saxlamaq və yenə də qeyd edirəm, tibbi maskadan istifadə etmək lazımdır.

Çox vacib məsələlərdən biri də, tibbi maskanın düzgün istifadəsidir. Bu barədə çox danışılsa da, insanlar yenə də tibbi maskalardan düzgün istifadə etmir, burun və ağız hissə açıq qalmaqla, çənə üstündə gəzdirirlər, iki saatdan bir maskanı dəyişmirlər– bunun isə heç bir faydası yoxdur...

Bəs omikron ştamına yoluxduqda ilk növbədə, nə etməli, ətrafımızda olan insanları necə qorumalıyıq?


İlk növbədə, bu ştama yoluxduğunuzu dəqiqləşdirdikdən sonra müalicəni harada alacağınızı müəyyən etməlisiniz. Bu isə müraciət etdiyiniz həkimin təyinatından asılıdır. Koronavirusun bu yeni ştamı çox vaxt ev şəraitində müalicə almağa imkan verir. Belə ki, Səhiyyə Nazirliyinin evdə müalicə ilə bağlı açıqladığı qaydalara əsasən yoluxma halı təsdiqlənərsə, xəstəliyi yüngül formada keçirən şəxslər “həkim rəyinə əsasən”, yaşadıqları və ya olduqları yerdə təcrid olunur və onların üzərində tibbi “müşahidə həyata keçirilir”.

Həmçinin, xəstəliyi simptomsuz (klinik əlaməti olmayan) keçirən xəstələr də ev şəraitində həkim nəzarətində olmalıdır. Özünüzdə COVİD-19 virusunun hər hansı ştamına yoluxduğunuzdan şübhəniz yarandıqda, mütləq poliklinikaya telefon vasitəsilə zəng etməlisiniz. Əlamətlər ağır formada özünü göstərərsə, qızdırmanız qalxarsa, Təcili tibbi yardım çağırın. Koronavirusun hər ştamı təhlükəlidir və hər hansı əlamət hiss etdikdə evdə qalın, COVİD-19 testi verin. Testin cavabı çıxmayana qədər evdə qalın ki, xəstəliyi başqalarına keçirməyəsiniz.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020