Odlar Yurdu Universitetində Əzizə Farizin "Sevən qəlbin fəryadı" adlı kitabının təqdimadı baş tutdu - FOTO

2021-2022-ci tədris ilində Odlar Yurdu Universitetinin “Mühasibat” ixtisasının əyani şöbəsinə qəbul olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibasi şəhidi Həsənov Fariz Şahin oğlunun həyat yoldaşı Həsənova Əzizə Elçin qızının romanının təqdimat mərasimi keçirildi. Romana “Sevən qəlbin fəryadı” adını verən Əzizə xanım bununla həyat yoldaşı, şəhid Fariz Həsənovun xatirəsini yenidən əbədiləşdirdi.


 Tədbirdə media nümayəndələri və qonaqlar iştirak etdilər. Təqdimatda Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev açılış nitqi ilə çıxış etdi. Şəhid ailələrinə bir ömür boyu hər kəsin  diqqət və qayğı göstərməyə borclu olduğunu və bunun  vacibliyini qeyd etdi. Daha sonra çıxış üçün söz Milli Məclisin deputatı, Odlar Yurdu Universitetinin kafedra müdiri akademik Nizami Cəfərova verildi. Şəhid xanımının yazdığı kitabın necə təsirli, oxunaqlı və təqdirəlayiq olduğunu, bunun sıradan  bir kitab olmadığını, yazıçılığa yenicə başlamış  gənc yazar olan Şəhid xanımının gələcək  nəsilə gözəl bir ailə nümunəsi və hər bir Şəhid ailəsinə örnək olduğunu vurğuladı. Ardından “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov çıxış edərək, kitab haqqında yüksək fikirlərini səsləndirdi. 44 günlük müharibədə canından keçən Şəhidlərimizin unudulmaması üçün belə kitabların yazılmasının və təbliğ olunmasının vacibliyini vurğuladı.  Odlar Yurdu Universitetinin ,,Filologiya və humanitar fənnlər’’ kafedrasının professoru Rüstəm Kamalın kitabı oxuyaraq hər kəsə təsirli məqamlarını çatdırmaqla və yazıçının poetik ruhunun yüksək olmasından və səmimi bir roman yazması haqqında çıxışından sonra,  müəllif Əzizə Həsənova çıxış edərək ilk kitabı olan “Sevən qəlbin fəryadı” romanı haqqında ətraflı danışdı. Bu kitabı yazmaqla o Şəhid həyat yoldaşının borcundan qismən də olsa çıxdığını  və buna görə qürurlandığını vurğuladı. Ardından imza törəni baş tutdu. Qeyd edək ki, kitab şəhid Fariz Həsənovun xatirəsinə həsr edilib və satış üçün nəzərdə tutulmayıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020