Tələbə gənclər Gənclər Gününü silsilə tədbirlərlə qeyd etdi +FOTO=14

Tələbə gənclər Gənclər Gününü silsilə tədbirlərlə qeyd etdi +FOTO=14

Tələbə gənclər Gənclər Gününü silsilə tədbirlərlə qeyd etdi 

 

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən silsilə tədbir və layihələr təşkil olunub. 25 il öncə əsası qoyulan bu əlamətdar gün gəncliyə daim diqqət və qayğı göstərən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə verdiyi önəmi öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

 

Gənclər Günü ilə bağlı tələbə gənclərin “ÇƏTİR” və “Hədəf 10%” proqramları çərçivəsində müxtəlif tədbirlər, görüşlər və konfranslar təşkil olunub. Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən vətənpərvərlik klubları tərəfindən İkinci Qarabağ müharibəsində şəhid olmuş Vətənin qəhrəman övladlarının ailələri ziyarət olunub. “Hədəf 10 %” proqramı çərçivəsində isə ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən üzv Tələbə Gənclər Təşkilatları (TGT) tərəfindən hərb tarixi muzeyi ziyarət edilib.

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının “I Strateji Planlaşdırma Forumu” keçirilib. Rəsmi və qeyri-rəsmi hissədən ibarət olmaqla 120 nəfər tələbənin iştirak etdiyi Forumun keçirilməsində əsas məqsəd ATGTİ və TGT-lərin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının müəyyən olunması, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olmaq idi. Azərbaycan Respublikasının Dövlət himni və şəhidlərimizin xatirəsinin yad olunması ilə başlayan tədbir ATGTİ-nin baş katibi Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə davam edib. Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisinin deputatı Şahin İsmayılov və Təhsil nazirinin müşaviri Nicat Məmmədlinin iştirakı ilə “Qarşıya qoyulmalı hədəflər və bizlərdən gözləntilər” mövzusunda tələbələrlə panel görüş keçirilib. Daha sonra ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək tələbə gəncləri təbrik edib. Rəsmi hissə TGT-lərin, TGT sədrlərinin və aktiv üzvlərin mükafatlanması ilə yekunlaşıb.

 

Qeyri-rəsmi hissə ATGTİ tərəfindən hazırlanan Strateji Plan sənədinin təqdimatı, müzakirəsi, işçi qruplar çərçivəsində dəyərləndirilməsi, qrupların, fasilitatorların və rollarının müəyyən olunması, aparılacaq fəaliyyətlərin izah olunması ilə öz işinə başlayıb. Daha sonra gənclər təşkilatları rəhbərlərinin iştirakı ilə növbəti panel görüş baş tutub. Beləliklə, forum çərçivəsində işçi sənəd hazırlanıb, Tələbə Klubların Keyfiyyət Strategiyası və Əsasnaməyə edilə biləcək dəyişikliklər müzakirə olunub. Təqdim edilən sənədlərin qəbulu ilə Strateji Planlaşdırma Konfransı yekunlaşıb.

 

Bu gün tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafının yeni, keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoymasını təmin edib, Müzəffər Ali Baş Komandanın qətiyyət və iradəsi sayəsində qalib xalqın nümayəndələri olmaq qürurunu yaşayan gənclərin məsuliyyət və vəzifələrini bir qədər də artırıb. Gününüz mübarək, əziz gənclər!

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020