Akif Rəfiyev: Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə diqqət həmişə yüksək səviyyədə olub
Bu xəbəri paylaş
Bu gün ölkənin hər yerində həyata keçirilən sürətli quruculuq-abadlıq işləri, sosial-iqtisadi proqramlar Gəncənin də inkişafına böyük zəmin yaradıb. Gəncədə sosial məsələlər öz həllini tapıb, infrastruktur yenilənib, şəhərdə abadlıq-quruculuq işləri aparılıb, müasir məktəblər, poliklinikalar əsaslı təmir edilərək istifadəyə verilib, yolların tikintisi və təmiri geniş vüsət alıb, qazlaşdırma, enerji ilə təminat 100 faizdir. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılıb. Bir sözlə Gəncə ildən-ilə gözəlləşir və müasirləşir. Bütün bu yeniliklər Gəncənin tarixi özəlliyini kölgədə qoymur, əksinə, tarixilik və müasirlik bütün görülən işlərdə vəhdət təşkil edir.
Dövlət başçısı cənab İlham Əliyev şəhərə səfərlərinin birində demişdir: “Gəncənin mədəni həyatı zəngindir. Həmişə belə olubdur. Bu, əlbəttə ki, məni sevindirir, çünki Gəncə Azərbaycanın qədim şəhəridir, ikinci şəhəridir, Nizami yurdudur”.
Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti dəfə Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a geniş müsahibə verdi. Hər zaman olduğu kimi, dövlətimizin başçısı açıq və birmənalı cavabları ilə Azərbaycanın bu və ya digər məsələ ilə bağlı konkret mövqeyini ortaya qoydu. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə 18 dəfə Gəncədə səfərdə olması və daim Gəncəyə diqqət göstərilməsi onun inkişafına müsbət təsirini göstərib. Cənab İlham Əliyev müsahibəsində bildirdiyi kimi, "On səkkiz ildir ki, Mən ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam".
Ölkə rəhbərimiz Gəncəyə səfəri çərçivəsində bir neçə mühüm mədəni, sosial obyektlərin açılışını etdi, təməlini qoydu. O cümlədən Gəncədə yeni “ASAN xidmət” Mərkəzinin, Gəncə Dram Teatrının açılışı oldu. Gəncə İdman Sarayının tikintisi də sürətlə davam edir. Bu əlamətdar hadisələr bir daha onu göstərir ki, digər bölgələrimiz kimi Gəncənin də inkişafı və şəhərin problemlərinin həlli daim dövlət başçısının diqqət mərkəzindədir. Görülən bütün bu işlər bir gəncəli kimi məni çox sevindirir, Gəncənin davamlı inkişafi və tərəqqisi üçün bundan sonra da böyük uğurlar arzu edirəm. Eyni zamanda təməli qoyulmuş Memorial Kompleks isə erməni vandalizminin tarix boyu yaddaşlardan silinməməsinə xidmət edəcək. Vətən müharibəsi dövründə Gəncənin erməni faşist ordusu tərəfindən dağıdılmış ərazisində Memorial Kompleksin yaradılmasının vacib siyasi məsələ olduğunu xüsusilə qeyd etmək lazımdır. Müsahibəsində daha bir vacib mövzuya da toxunan Prezident İlham Əliyev əvvəlki illərdə də dəfələrlə erməni faşistləri haqqında öz çıxışlarında məsələ qaldırıb və beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında qəti mövqeyini ortaya qoyaraq bildirib ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Ermənistanın istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi insanlığa sığmayan cinayətləri, vəhşilikləri, Xocalıda həyata keçirdikləri qanlı soyqırımı aktı, Gəncədə, Bərdədə, Mingəçevirdə, Naftalanda,Tərtərdə mülki insanların yaşadığı evlərə qadağan olunmuş ballistik raketlərlə zərbələr endirməsi bir daha bu ölkədə faşizmin dövlət siyasətinə çevrilməsini nümayiş etdirdi. Qeyd edim ki, elə Njdenin abidəsi Ermənistanın və ermənilərin faşist ruhunun göstərəcisidir.
Odur ki, Azərbaycan şanlı Qələbə qazanmaqla təkcə torpaqlarımızın işğaldan azad olunmasını təmin etmədi, həm də erməni faşizminin başını əzdi. Azərbaycan əsgəri göstərdi ki, bu bölgədə nə faşizmə, nə də onun “qəhrəmanı” njdelərə yer yoxdur.
Akif Rəfiyev: Əməkdar hüquqşünas, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, Qarabağ müharibəsi veteranı
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)