Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq konfransda iştirak edib
Bu xəbəri paylaş
Mərkəzi Gömrük Hospitalının damar cərrahı, t.f.d. Dr.Səbuhi Dadaşov 26-28 yanvar 2022-ci il tarixlərində Azərbaycan Tibb Universitetində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Uptodate in Medicine-nin təşkilatçılığı ilə təşkil edilmiş “Antikoaqulyasiya məktəbi” mövzusunda keçirilən konfransda iştirak edib.
Dr.Səbuhi Dadaşov konfransda “Dərin venaların trombozu və pulmonar emboliya zamanı antikoaqulyasiya” adlı məruzə ilə çıxış edib. Dərin damarların trombozu barədə geniş məlumat verən damar cərrahı Dr.Səbuhi Dadaşov trombozların növləri, əlamətləri, risk faktorları, irsi və qazanılmış tromboflibiya haqqında ətraflı danışıb. O, çıxışında xəstəliyin risk faktorları arasında daha çox kəskin xəstəliklərin, cərrahi əməliyyatların, travmaların, hərəkətsizliyin, hormonal terapiyanın, onkoloji xəstəliklərin və s. olduğunu qeyd edib. Həmçinin, Dr.Səbuhi Dadaşov xəstəliyin müalicəsi üçün ən son beynəlxalq protokollara uyğun antikoaqulyant seçimi ilə bağlı tövsiyələrini verib.
Konfransda Azərbaycanın və Rusiyanın qabaqcıl tibb müəssisələrinin yüksəkixtisaslı həkimləri, tibb bacıları, rezident-həkimlər və tələbələr iştirak ediblər. Konfrans başa çatdıqdan sonra konfrans iştirakçılarına 15 DTT kredit balı ilə sertifikatlar təqdim edilib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)