Akif Ağayev: Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi Masallıda (+FOTO=17)
Bu xəbəri paylaş
Akif Ağayev: Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi Masallıda (+FOTO=17)
“Əbədi musiqi günəşi”
Masallıda Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələrindən olan dahi bəstəkar Qara Qarayevin 104 illiyi münasibətilə “Əbədi musiqi günəşi” adlı konsert tədbiri keçirilib.
Bakının Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi konsertdə geniş səhnə proqramı ilə çıxış edib. Respublikanın Əməkdar artisti Əziz Qarayusiflinin rəhbərlik etdiyi incəsənət heyətinin ifasında proqramboyu dahi sənətkar Qara Qarayevin irihəcmli əsərlərindən musiqilər səsləndirilib, rəqs nömrələri ifa olunub.
Konsertdən öncə qonaqlar Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı şəhər Onbirillik İncəsənət Məktəbinə baş çəkərək, müəssisələrin iş prosesi və kollektivlərə yaradılan şəraitlə tanış olublar. Sonra N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinə gələn qonaq sənətçilər foyedə gənc istedadların Qara Qarayevin yaradıcılığına həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.
Tədbir Mədəniyyət Evinin səhnəsində qonaq incəsənət kollektivinin “Əbədi musiqi günəşi” adlı konsert proqramı ilə davam edib.
Musiqişünas Nərgiz Kərimova iştirakçıları salamladıqdan sonra incəsənət ustalarını səhnəyə dəvət edib. Qara Qarayevin “Tsarskoye selo heykəli” fortepiano pyesinin səsləndirilməsi ilə açılışı edilən musiqi tədbirində “Vətən” operasından ariyalar, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən rəqslər ifa olunub. Konsertdə sənət dühasının mahnı, romans və digər janrlarda musiqi əsərləri də tamaşaçılara təqdim edilib.
Proqramda musiqi partiyalarını Əməkdar artistlər Əziz Qarayusifli və Anton Ferştdant, beynəlxalq müsabiqələr laureatları Mətanət Nurullayeva, Şəhanə Əhmədsoy, Aylin Babayeva, Mehriban Quliyeva, Məryəm Məmmədova, Ömər Məmmədli və başqaları ifa ediblər.
Yüksək sənət ustalığı və zövqlü repertuarla davam edən konsert proqramı tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Akif AĞAYEV,
MASALLI.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
















