Şuşa qartalı

Şuşa qartalı

Şuşa qartalı 

(hekayə)

 

ƏLİZADƏ ƏSƏDOV



Sübhün gözü yenicə açılırdı. Şuşa həmişəki kimi duman örtüyünə bürünmüşdü. Dağlara çökən sükutu qartalların hayqırtısı pozurdu. Az sonra qartalların hayqırtısına ermənilərin danışıq səsləri də qatıldı. Bu səslər getdikcə daha ucadan gəlird. Şuşa yuxudan oyanırdı. Görəsən yenicə başlayan bu payız günü nə ilə yadda qalacaqdı? Azərbaycan ordusu öz döyüş mövqeyində qərar tutmuşdu. Hər an həlledici döyüşə başlamaq üçün hücum əmri gözlənilirdi. Keçilməsi mümkün olmayan sıldırım qayalar sanki bu torpağın doğma sakinlərinə ana kimi qucaq açmış, onları öz qoynunda düşməndən gizlətmişdi. Döyüşçülər səhəri həmişəki kimi ac-susuz açmışdılar. Onlara ərzaq gətirən maşın vurularaq yeməyi, suyu çatdıra bilməmişdi. Əsgərlər məcbur qalıb otların üzərindəki şeh damlalarını içirdilər. Günəş üfüqlərdən boylandıqca artıq bu şeh damlaları da əriyib yox olurdu.

 

Qolundan yaralanmış Samir də şiş uclu, yaşıl örtüyə bürünmüş bir qayaya sığınmışdı. Əgər burdan bir balaca sürüşsəydi, düz dərəyə gedəcəkdi. Lakin gözündə qətiyyən qorxu yox idi. Ürəyində yalnız Şuşa sevgisi, bir də 30 il ərzində dədə-baba yurdundan didərgin salınmış, soyqırıma məruz qalmış doğma xalqının başına gətirilən müsibətlərdən doğan qisas hissi vardı. Qan axınını dayandırmaq üçün köynəyini kəsib qolunun yarasına bağlamış, silahını da yanında qoymuşdu. Gözü yaxındakı Xarı bülbülə sataşdı. Sürünüb ətrini ciyərlərinə çəkdi. Yarpaqlarının üstündəki şeh damlalarını acgözlüklə sovurmağa başladı. Elə bu vaxt düz qabağına qanadından yaralanan bir qartal düşdü. Hər iki yaralı bir-birinə xeyli baxdı. Qanadından qan axan qartal artıq huşunu itirməkdə idi. Tez köynəyindən kəsdi. Ehtiyat üçün götürdüyü yoddan yaraya qoyub bağladı. Qan kəsildi. Sonra özü ac ola-ola “Veşmeşok”da qalan çörək qırıntılarını ona yedirtdi. Su qabı tamam boş olduğundan qartala da yarpaq üstündəki şeh damlalarını içirtdi. Bir az özünə gələn qartal xilaskarına minnətdarlıqla baxırdı. Samir bu baxışlarda çox şey oxuyurdu. Elə bil qartal da 30 illik bir işğalın, bir həsrətin müdhiş əzablarını görmüşdü. Kim bilir, bəlkə bu müddətdə qulaqlarında Xocalının tükürpədən fəryadını, ürəyində Xocalı ağrısını, yanğısını, yaddaşında isə burada uşağın, qadının, qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsindən doğan və gözləri ilə gördüyü dəhşətli cinayətləri gəzdirir, dilsiz bir harayla bütün Yer kürəsinə yayırdı. Qartal da, Samir də düşmən gülləsinə tuş gəlmişdi. Qartalın baxışlarında həyat eşqini duymaq çətin deyildi. Yoxsa o da Qarabağı azad görmək istəyirdi?

 

-Biz qalib gələrik, - deyə Samir quşun başını sığalladı – Sənin də qisasını alarıq. Onda Qarabağın səmasında rahat uçarsan. Daha düşmən gülləsindən qorxun-hürkün olmayacaq. İndi isə biz son və qəti döyüşə girəcəyik. Döyüşdən sonra bir-birimizi axtarıb tapacağıq. Onda ikimiz də Qarabağın azad sakimləri olacağıq....

 

Gözünü bitirməmişdi ki, döyüş əmri verildi. Qartalı havaya uçurtdu, yaralı quş qayanın başına qonub sanki döyüşü izləyirdi. Bu ölüm-dirim döyüşdə güllələrdən daha çox əsgərlərimizin fiziki gücləri, idman hazırlıqları kara gəldi. Bu, lap onun ürəyindən idi...

 

... Samir hələ orta məktəbdə oxuyanda çox arıq və cılız bir uşaq idi. Tez-tez xəstələnərdi. Dava-dalaşda da həmişə döyülərdi. Dərslərinə yaxşı hazırlaşsa da fiziki zəifliyini heç cür aradan qaldıra bilmirdi. Yaxşı ki, idman müəllimi Əlövsət vaxtında köməyinə çatdı. – Oğul, -dedi - mən də sənin kimi idim. İdman hazırlığı məşğələlərinə getdim. Gördüyün kimi indi həmin adam deyiləm...

 

Əlövsət müəllimin sözləri ağlına batdı. Çünki Əlövsət müəllim həm ali, həm də orta məktəbdə idman dərsləri keçməklə bərabər boks üzrə tanınmış idman ustası idi. Beynəlxalq turnirlərdə doğma Azərbaycanı ləyaqətlə təmsil edərək böyük uğurlara imza atmışdı. Xüsusilə, boks üzrə Avropa və dünya birinciliklərində dəfələrlə qarşılaşdığı erməni idmançılarını sarsıdıcı məğlubiyyətə uğratmışdı. Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim titullarına layiq görülmüşdü. Müəlliminin təkidi və rəhbərliyi ilə dərsdən sonra boks idmanının sirlərinə yiyələnmək üçün məşqlərə başladı. Artıq 4-5 aydan sonra onda fiziki zəiflikdən əsər-əlamət qalmadı. Vaxtilə döyüldüyü yaşıdlarının özləri indi ondan qorxub çəkinirdi. Çünki Samir artıq peşəkar boksçuya çevrilmişdi. Bunu dəfələrlə iştirak etdiyi və qazandığı uğurlar da sübut edirdi. İndi düşmənlə əlbəyaxa döyüşdə Əlövsət müəllimin vaxtilə dediyi sözləri xatırladı: “ İdman hazırlığı hər yerdə sənin sadiq köməkçin olacaq - şəxsi münaqişədə də, yarışda da, döyüşdə də...” Məhz belə bir hünər, qeyrət məqamı gəlib çatmışdı. Otuz il törətdiyi dəhşətli cinayətlərin cavabını almalıydı qatillər! Samir də Xüsusi təyinatlı dəstənin üzvü kimi döyüşə qatıldı. Vətən sevgisi, qisas hissi onun fiziki gücünü daha da artırırdı. Sanki ölüm də ondan çəkinir, qorxurdu. Zərbələri dəqiq və ölümcül idi.

 

-Alçaqlar, elə bilirdiniz ki, torpağımız sizə həmişəlik cənnət olacaq, - deyə qarşıya çıxan erməninin başından necə vurdusa kəllə-mayallaq aşıb dibi görünməyən dərəyə diyirləndi. Ona elə gəlirdi ki, düşməni cəhənnəmə vasil etdikcə, sayı getdikcə çoxalır. Gözləri qan çanağına dönmüşdü. Elə məqam olurdu ki, zərbəsindən 3-4 nəfər yerə sərilirdi. Ermənilər hətta onlarla əlbəyaxa döyüşə girənlərin göydən bəla göndərildiyini, adi insan olmadıqlarını zənn edirdilər. Fiziki güc, yüksək idman hazırlığı 30-nəfərdən çox erməninin zərərsizləşdirilməsi ilə nəticələndi. Düşmən qanına susayan Samir tamam sərbəst döyüşür, özünün düşmən gülləsinin hədəfində olduğunu nəzərdən qaçırmışdı. Güllə onu sağ kürəyindən dəymiş, sol mədəciyin zədələmişdi. Bu, elə bir məqam idi ki, hamı ölüm-dirim savaşında idi.
Samir sürünə-sürünə əvvəlki döyüş mövqeyinə tərəf getməyə başladı. Sanki sığındığı sıldırım qaya onu yenidən gözləyirdi. Yol boyu axan qan Samiri tamam taqətdən salmışdı. Qanı dayandırmaq üçün heç bir dərman ləvazimatı yox idi. Köməyinə çatacaq döyüş yoldaşlarından kimsə gözə dəymirdi. Bu anda Samiri ölüm yox, yalnız döyüşü davam etdirə bilməyəcəyi qorxudurdu.

 

-Əclaflar, - deyə pıçıldadı – Yaxşı qurtardılar, qisasımı tam ala bilmədim.

 

Samir ətrafı bir daha nəzərdən keçirdi. Gözünə qanadı sarğılı qartaldan başqa heç nə görünmədi. Qartal başının üstündə uçur, fəryad qoparır, sanki köməyinə döyüş yoldaşlarını çağırırdı. Samiri hərəkətsiz görən qartal lap yaxına gəlib özünü kürəyindən axan qana sürtdü və yenidən havaya qalxdı, hayqırtısı dağlarda əks-səda verir, xilaskarına necə kömək edəcəyini bilmirdi. Samirin gözündəsə getdikcə dünya qaralırdı. Uşaqlıq, qaynar gənclik illərini yaşadığı Lənkəran, Liman, valideynləri, dost-tanışları, ən çox da Əlövsət müəllim gözünün önünə gəldi. Onu cəbhəyə yola salanlar arasında Əlövsət müəllim də vardı. O, sevimli şagirdini son dəfə bağrına basaraq demişdi: - Ümid edirəm ki, tezliklə görüşərik, özü də cəbhədən qayıdan adi döyüşçü kimi yox, qəhrəman kimi...

 

-Əlövsət müəllim, məni bağışla, - deyə öz-özünə pıçıldayırdı – O əclaflardan daha çox öldürərdim, lakin ömür vəfa etmədi. Vətənə borcum qaldı. Bir də böyük zəfər gününü görmədim...
Bu sözlərdən sonra bir anlıq susdu, gözlərini yumdu. Qanaxmadan getdikcə huşunu itirirdi.
Ura, Şuşa üzərində Azərbaycan Bayrağı dalğalanır.

 

Azərbaycan əsgərlərinin ürəyindən qopan bu nida bütün Şuşanı, Qarabağı silkələdi. Bu səs Samirin də qulaqlarında əks-səda verdi. Üzünə işıq gəldi. Yumulmuş gözləri açıldı. Yanında yenə həmin qartalı gördü. Qanadları qan içində idi. Qartal öz qanadları ilə qanaxmanı dayandırmağa çalışsa da, Samirin həyatını xilas etmək mümkün olmadı. Döyüş yoldaşları qanadları qana bulaşmış qartalın izi ilə gələrək Samirin cəsədini qayanın dibində tapdılar. Başının üstündə uçan qartal isə fəryad qoparırdı. O son dəfə döyüşçülərin ətrafına dövrə vuraraq düz Samirin üstünə düşdü. Baxıb gördülər ki, qartalın ürəyi partlayıb...

Liman şəhəri
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020