“Ağa ağ, qaraya qara” deməyi bacarmaq Yaxud medianın “qara piar” və çirkin dezinformasiya problemi
Bu xəbəri paylaş
“Ağa ağ, qaraya qara” deməyi bacarmaq
Yaxud medianın “qara piar” və çirkin dezinformasiya problemi
Çağdaş mətbuatımızın ağrılı yerlərindən biri də bəzi media qurumlarının, xəbər portallarının müntəzəm olaraq “feyk xəbərlər”, dezinformasiyalar yaymasıdır. Sirr deyil ki, yalan və çaşdırıcı məlumat yaymaq mediada, siyasətdə, iqtisadiyyatda, idman və hərb sahələrində vaxtaşırı istifadə olunan psixoloji müharibə metodu hesab edilir. Bəzən reytinq toplamaq, oxucu sayı artırmaq üçün məqsədyönlü şəkildə yayılan dezinformasiyanın təsiri düşündüyümzdən daha çox olur. Uzağa getməyək, 2020-ci ilin sentyabrında, Vətən Müharibəsinin gedişatında biz özümüzə qarşı bu dezinformasiya basqısını təkcə Ermənistan deyil, bəzi xarici ölkələrin KİV-ləri tərəfindən də hiss etdik. Lakin düşmən döyüş meydanında olduğu kimi “informasiya savaşı”nda məğlubiyyətə düçar oldu.
Bu gün informasiya savaşı hakimiyyət daxilində də aparılır. Məmurlar öz aralarındakı daxili savaşı mətbuat səhifələrində, xəbər portallarında davam etdirirlər. Kompromat savaşı sosial şəbəkələrin və KİV-in, özəlliklə elektron informasyia vasitələrinin başlıca mövzusuna çevrilib. “Feyk xəbərlər”, dezinformasiyalar bir qədər yumşaq desək, havada uçuşur. Çox vaxt əhali arasında nüfuzu olan simaların ölkə başçısının hədəfinə gətirmək ssenarisi işə salınır, o şəxslərə qarşı “qara piar”dan istifadə edilir.
Məlum olduğu kimi, bu il yanvarın 30-da Prezident İlham Əliyev ölkənin 2-ci böyük şəhəri Gəncəyə səfər etdi. Təbii, ölkə başçısının Gəncəyə hər səfəri qədim Nizami yurdunun inkişafı üçün böyük bir stimul olur. Dövlət başçısının özünün də qeyd etdiyi kimi, indiyədək o, Prezident kimi 18 dəfə Gəncə şəhərində olub və hər səfər şəhərin sənaye, sosial-iqtisadi, mədəni həyatı üçün əhəmiyyət kəsb edən yeni layihələrin bünövrəsi qoyulub. Ötən müddət ərzində Gəncənin qaz və elektrik təminatı faktiki olaraq yenidən qurulub. İçməli su və kanalizasiya probleminin birdəfəlik həlli üçün işlər daha da sürətlənib. Dəmiryolu nəqliyyatı sistemi, şəhərin sosial infrastrukturu tamamilə yenilənib. Mövcud təhsil müəssisələrinin 90 faizi əsaslı şəkildə təmir olunub, 30-dan çox yeni məktəb, uşaq bağçası tikilib. Yeni səhiyyə ocaqları, klinikalar açılıb, mövcud klinikalar əsaslı təmir olunub.
Mədəni sferada da xeyli işlər görülüb. Gəncə Filarmoniyası yenidən inşa edilib. Gəncə Dövlət Dram Teatrının açılışı baş tutub. Şəhərdə böyüklüyünə görə Avropada 2-ci olan park salınıb. Burada Heydər Əliyev Mərkəzi, istirahət və əyləncə, idman və sağlamlıq obyektləri, bir sözlə, gəncəlilərin və şəhərin qonaqlarının istirahəti üçün gözəl şərait yaradılıb. Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazehlə bağlı mədəniyyət mərkəzləri, muzeylər də diqqətdən qaçmayıb. Yenidən qurulan Gəncə Aqrar Universitetinin ən müasir tələbə yataqxanaları formalaşdırılıb.
Prezident ölkə üzrə sayca iyirmi ikinci olan 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib. Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən bu bölgədə ümumilikdə 1 milyona yaxın insanın qeydiyyatda olmasına rəğmən Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsi məqsədilə Gəncə şəhər İcra Hakimiyyəti “Rəqəmsal icra hakimiyyəti” portalına qoşulub.
Prezident Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə də tanış olub. Həmçinin 4-cü regional inkişaf proqramı çərçivəsində icra olunan Gəncə lokomotiv deposunu işə salıb.
44 günlük Vətən müharibəsi zamanı terror hücumuna məruz qalan gəncəlilərin xatirəsini əziz tutan ölkə başçısının həmin ərazini ziyarət etməsi, orada Gəncə Memorial Kompleksin əsasını qoyması və düşmənə, havadarlarına xəbərdarlıqlarını məhz o ünvandan səsləndirməsi xüsusi qeyd olunmalıdır.
Prezidentin tapşırığı əsasında Gəncə şəhərinin kompleks inkişaf planı təsdiqlənib. Gələcəkdə Gəncəni ölkənin milyonluq şəhərinə çevirmək üçün bu işlərin çox böyük nəticəsi olacaq.
Görülən işlərlə bağlı siyahını uzatmaq da olardı. Lakin hesab edirik ki, bu da yetər. İndi də gələk əsas mövzuya – sosial şəbəkələri və medianı bürüyən, əksər hallarda dəqiqləşdirilmədən paylaşılan xəbərlərə. Məlum səfərdən dərhal sonra sosial şəbəkələrdə Gəncə şəhərində yol kənarında əkilən həmişəyaşıl ağacların çıxarılması ilə bağlı görüntülər yayıldı. Görüntü müəllifinin iddiasına görə, həmin ağaclar ölkə başçısının Gəncəyə səfəri öncəsi əkilib, daha sonra isə çıxarılıb. Videogörüntülərin ardınca məsələyə aydınlıq gətirən Gəncə şəhər İH-dən bildirildi ki, ağacların əkilməsinin və sonra da çıxarılmasının səfərlə bağlılığı yoxdur. Sitat: “Ağaclar bir neçə gün əvvəl əkilib. Sonra mütəxəssislər baxış keçirdilər və qərar verdilər ki, burada ağaclar əmələ gəlməyəcək. Orada torpaq səthinin altının daşlıq olduğu məlum oldu. Əvvəl hesab edirdilər ki, bəlkə tutar. Amma üstü torpaq olsa da, alt hissə daş olduğuna görə ağacların quruya biləcəyinə qərar verildi. Buna görə mütəxəssislərin nəzarəti altında ağaclar başqa əraziyə köçürülüb. Onların yerində qazon döşənib və gül-çiçək əkilib”.
Ancaq necə deyərlər, “ox yaydan çıxmışdı”.
Bu xəbərdən cəmi bir gün sonra Gəncədə sahibsiz itlərin güllələnərək məişət tullantıları poliqonuna atılmasını əks etdirən başqa bir “videogörüntü” paylaşıldı. Lakin Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə İctimai İştirakçılıq Məclisi və Gəncə şəhər Kəpəz Bələdiyyəsinin birgə təşəbbüsü ilə sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün sığınacağın inşa edildiyi bir vaxtda bu “xəbər”in ömrü uzun sürmədi.
Ardınca saytlardan biri Gəncənin icra başçısının yaxın günlərdə vəzifəsindən azad olunacağına dair məlumat tirajladı. Hətta sayt bir qədər də irəli gedərək bu haqda onlara “məlumatlı mənbələrdən informasiya daxil olduğunu” iddia etdi. Sən demə, Prezident Gəncəyə son səfəri zamanı şəhərin infrastrukturu sahəsində ciddi problemlərin şahidi olub. Saytın iddiasına görə, Gəncənin mövcud vəziyyətindən narazı qalan ölkə rəhbərinin səfərindən sonra bir qədər önə haqqında bəhs etdiyimiz iki olay icra başçısının əleyhinə işləyib və o, Prezident Administrasiyasına çağırılıb.
Diqqətli oxucu yəqin ki, xronoloji ardıcıllığa diqqət yetirdi. Sayt biri “sərəncam” olmaqla 3 xəbərlə icra başçısını vəzifəsindən “azad etməyə müvəffəq olmuşdu”.
Ümumiyyətlə, bu, tək Gəncə deyil, digər bölgələrlə də bağlı yayılan ilk belə dezinformasiya deyildi. Ötən ilin noyabrında internet kanallarından birində Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan Natiq Əliyevin Gəncə şəhərindəki evindən hazırlanmış bir süjetdə şəhidin ailəsinə aid olmayan bir qadın məlum çıxışıyla əsas hədəfin hakimiyyət, yerli icra başçısı olduğunu gizlətməmişdi. “Yağ, un, ət davası” edən qadının çıxışı şəhid N.Əliyevin anasıyla yanaşı, hüzr mərasiminə toplaşanların da hiddətinə səbəb olmuş, şəhid valideynləri qadının bu hərəkətlərini kənar qüvvələrin, kimlərinsə maraqlarına, başqa dövlətə işləyən biri kimi dəyərləndirmişdilər.
Yaxud başqa bir fakt. Yenə 2021-ci ilin oktyabrında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Gəncə şəhərinə səfəri zamanı şəhid anasının “intihara cəhd” etməsi. O ana ki, dəfələrlə şəhər rəhbərliyi tərəfindən qəbul edilib, onu narahat edən məsələlərin həlli istiqamətində lazımi tədbirlər görülüb, şəhid ailəsi kimi mənzil uçotuna alınıb. Ona Gəncə şəhər İH tərəfindən mənzil kirayəsinin ödənilməsi üçün maddi yardım göstərilib, ərzaq yardımı, eləcə də məişət avadanlıqları ilə bağlı “YAŞAT” Fondu tərəfindən müvafiq qaydada yardım edilib və bu köməkliklər bu gün də davam etdirilir.
Qısa bir haşiyə çıxaraq qeyd edək ki, ölkənin hər bir bölgəsində olduğu kimi, Gəncədə də şəhid ailələrinin və müharibə əlillərinin dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Yeni il öncəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi yaşayış kompleksindən 80 mənzilin şəhid ailələri və müharibə əlillərinə təqdim olunması da bunun bir təzahürüdür.
Buna bənzər xeyli misallar çəkə bilərdik. Zənnimizcə, ehtiyac yoxdur. Sözsüz, heç bir vəzifə əbədi deyil. Cəmiyyət son illər bir neçə dəfə bunun əksini düşünənlərin hansı aqibətlə üzləşdiyinin şahidi olub. Lakin çox vaxt görülən işlərə hər fürsətdə qara yaxmaq cəhdi media qurumuna üzağlığı gətirmir. “Ağa ağ, qaraya qara” demək insandan böyük hünər tələb edir, bunu isə hər kəs bacarmır. Deyilənlər bir daha onu göstərir ki, mediada, özəlliklə sosial mediada yayılmış hər bir xəbərin həqiqiliyi mütləq mühakimə edilməlidir. İnformasiya savaşının dezinformasiya yaymaqla aparıldığını düşünənlər yanılırlar. Xəbər hazırlanıb cəmiyyətə ötürülərkən ƏLAHƏZRƏT FAKTA istinad edilməlidir, kiminsə dediklərinə deyil. Bu faktlar isə bəzən bir neçə mənbədə öz təsdiqini tapmalıdır. Dəfələrlə rastımıza çıxan “Prezident təkbətək görüşdüyü nazirə qəzəbləndi”, “Filan icra başçısıyla bağlı sərəncam imzalanıb, sadəcə ictimaiyyətə açıqlanmır” yaxud “Nazirin həbsinə hazırlıq gedir” tipli xəyali xəbərlərlə qəzet və ya sayt müəyyən müddətə özünə auditoriya yığa bilər. Qısa zaman kəsiyindən sonra oxucunun həmin media qurumuna olan inamı itir. Unutmayaq ki, cəmiyyətdə çaşqınlıq yaratmaq cəhdləri dövrü artıq keçmişdə qalıb. Çünki sürətli informasiya dövründə yayılmış informasiyanın yalan və ya doğru olduğu az bir müddətdə ortaya çıxır.
Düşünürük ki, yeni qəbul olunmuş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu, həm də ictimai qınaq bu kimi məsələləri də tənzimləyəcək. Çünki geriyə yol yoxdur.
Azər Tağızadə
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)