Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb (AZpressAZ -Mais İbrahimov +FOTO=29)

Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb (AZpressAZ -Mais İbrahimov +FOTO=29)

 Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb

Azərbaycanın Milli Qəhrəmanı şəhid Namiq Abdullayevin xatirəsi igid döyüşçünün adını daşıyan Ağcabədi rayonunun Avşar kənd tam orta məktəbində anılıb.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ailə üzvlərinin, Qarabağ müharibəsi veteranlarının, rayon ictimaiyyətinin nümayəndələrinin və kənd sakinlərinin iştirak etdiyi tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb. Tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə tər qərənfillər düzüblər.
Anma mərasimində Avşar kənd tam orta məktəbinin direktoru Kərim Ələkbərov, Ağcabədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Təhsil Şöbəsinin metodisti Tofiq Zeynalov, şəhidin qardaşı İqbal Abdullayev və başqaları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, şəhidliyi ilə ölümsüzlüyə qovuşan Milli Qəhrəman Abdullayev Namiq Vahid oğlu 1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq, Vətənimizin müdafiəsində iştirak edib. 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ermənilərin hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edərək, qəhrəmancasına həlak olub. Prezidentin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vaxtilə təhsil aldığı Avşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır.
Diqqətə çatdırılıb ki, 2020-ci il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi yazılan Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində Qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa etdi. Düşmən üzərində qələbə qazanılması, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ilə həm də Birinci Qarabağ müharibəsində şəhid olmuş həmvətənlərimizin ruhları dinclik tapdı.
Çıxışlarda Namiq Abdullayevin və digər şəhidlərimizin keçdiyi həyat və döyüş yolunun gənclər üçün örnək olduğu bildirilib, gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyəti yüksək qiymətləndirilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020