NƏRİMAN HƏSƏNZADƏ: (Ayrı-ayrı illərdə yazdığı şeirlər)
Bu xəbəri paylaş
NƏRİMAN HƏSƏNZADƏ: (Ayrı-ayrı illərdə yazdığı şeirlər)
Sağlığında klassik adını qazanmış Xalq şairi, dramaturq, Milli Aviasiya Akademiyasının kafedra müdiri, professoru Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci ilin fevral ayının 18-də Qazax rayonunun Poylu qəsəbəsində ( indi Ağstafa rayonuna daxildir) anadan olub. O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqının ( indiki Yazıçılar Birliyi) üzvüdür. 1965-ci ildə filologiya elmləri namizədi, alimlik dərəcəsini alıb. 1981-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini işləyib. 2005-ci ildə Xalq şairi fəxri adına layiq görülüb. 2017-ci ildə Heydər Əliyev mükafatı laureatı olub. 2010-cu ildə “İlin şairi” makafatı laureatı olub. Ölkəmizin ən böyük ordenləri- “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Sevimli Xalq şairimiz Nəriman Həsənzadəni 91 yaşı münasibətilə çoxminli oxucularımız adından təbrik edib, onun bir neçə şeirini oxuculara təqdim edirik.
NƏRİMAN HƏSƏNZADƏ
Xalq şairi
(Ayrı-ayrı illərdə yazdığı şeirlər)
SƏNDƏN QABAQ, MƏNDƏN QABAQ
Əsli sevib, Kərəm sevib,
o göz yaşı, bu qəm sevib.
Tarix boyu aləm sevib -
səndən qabaq, məndən qabaq.
Dan sökülür, yer oyanır,
qaranlıqlar işıqlanır.
Dan ulduzu göydə yanır -
Aydan qabaq, gündən qabaq.
Niyə sevənlər ağlayır?
Baxtı yolunu bağlayır.
Din bu eşqi günah sayır,
Tanrı da var dindən qabaq.
YAŞAYIR
Poyluda mən doğulmuşam,
Poyluda Nazim yaşayır.
Könüldə sevgi-məhəbbət,
sazda sarı sim yaşayır.
Ağstafa, Poylu, salam!
Alməhəmməd oğlu, salam!
Ata payım, oğul balam,
mənim əvəzim yaşayır.
Atamın çırağı yanır,
anamın ocağı yanır.
Səni anır, məni anır -
eşqim, həvəsim yaşayır.
Poyluda bir ünvan qalıb,
O, məndən nigaran qalıb.
Gedən gedib, qalan qalıb,
tanış-bilişim yaşayır.
Əyilməsin uca başın,
sevinsin torpağın, daşın.
A qızım, sənin qardaşın,
mənim lələşim yaşayır.
BİLGƏH
Gəncəli qızı
Gəncə mənim ilk məhəbbət beşiyim oldu,
Soruşmayın tələbə qız onda kim oldu,
Bəlkə mənim alın yazım, taleyim oldu.
O qızlara dediyini mənə demirdi,
Can verirdim, canıyanmış can istəmirdi.
Gəncənin adını ötəri çəkmə,
Eşidib inciyər o pəri, çəkmə.
O mənim olmadı,
mən onunkuyam.
Allahım, ayrılıq çəpəri çəkmə.
Sökdülər, tikdilər bütün şəhəri,
İtdi o gözəlin ayaq izləri.
Silindi mənim də xatirələrim,
Bu hansı küçədir,
yoxdu xəbərim.
Bəlkə unutmayıb xan çinar məni,
Dursam kölgəsində, tanıyar məni.
Kəhrizə gedən yol, tanışdır, desin,
Susub Gəncə çayı, danışdır, desin,
Tikilən Gəncədi, sökülən mənəm.
Nə Gəncə Gəncədi, nə o mən mənəm.
Şəhər başçısının insafı yoxdu,
Mən gedib döydüyüm o qapı yoxdu.
KEÇDİ BELƏ
Bir gözələ dönüb baxdım,
Gün vurdu, əridim-axdım.
Əldən kəkliyi buraxdım,
Salam verib keçdi belə.
Sən demə, qonşunun qızı,
Dönüb olub ay parası.
Özüm-özümdən narazı,
Dedim daha gecdi belə.
Od içində elə yandım,
Yandığımı sonra dandım.
O güləndə, mən utandım,
Gördüm ömür keçdi belə.
Çöllərəmi tapşırdın məni
Gözlədə-gözlədə qocaltdın məni,
Mən ki, yuxudaydım, ayıltdın məni.
Nə tutdun əlində, nə atdın məni,
Özgə əllərəmi tapşırdın məni?
Ətrimi gül aldı, çiçək apardı,
Üzümün rəngini bir rəng apardı.
Çağırdım, səsimi külək apardı,
Əsən yellərəmi tapşırdın məni?
Bu günü gözlədim, sabaha qaldı,
Sevincin axırı bir aha qaldı.
Yeganə ümidim Allaha qaldı,
Gələn illərəmi tapşırdın məni?
Dağlara çən düşdü, xəbər tutmadın,
Saçıma dən düşdü, xəbər tutmadın.
Ayrıldıq, gen düşdük, xəbər tutmadın,
Yaman dillərəmi tapşırdın məni?
Könlümü alanda, könlüm deyərdin,
Məni iyləyərdin, gülüm deyərdin,
Adımı deməzdin, Leylim deyərdin,
Məcnun, çöllərəmi tapşırdın məni?
BİZİM ŞEİR GECƏMİZ
(Xalq şairi Söhrab Tahirə)
Yuxuda gördüm ki, yenə görüşdü,
yığılıb el gəlir yanıma səssiz.
Bakı elə böyük, elə genişdi;
Söhrab,
bildirişsiz, dəvətnaməsiz
Təbrizdən, Səlmasdan, Gəncə tərəfdən,
gəlib şerimizi dinləyir Vətən.
Anan Nəsibəni görürəm, Söhrab,
Al! - deyib, çörəyi batırır duza.
Baş əyib, mən salam verirəm, Söhrab,
bizim o taydakı oxucumuza.
Uşaqlar görürəm sonra arada,
şeir gecəmizə gənc, qoca gəlib.
Sonra Pişəvəri... qabaq sırada,
deyirlər, səngərdən birbaşa gəlib.
Uzanır qarşımda bir qumlu səhra,
durub gözləyirəm Günəşi - doğsun.
Sən niyə susursan qarşımda, Söhrab,
Niyə demirsən ki, yuxun çin olsun?!
* * *
Sən olsan yanımda
Vətəndi, qürbət,
Sənsiz qürbət olur
Vətən,
nədəndi?
TARİX TÖKÜR TUNCDAN MƏNİ
Gözüm toxdu, könlüm acdı,
Könlüm könlünə möhtacdı.
Sən dedin, bu, ehtiyacdı,
Çıxar ehtiyacdan məni.
İçimdədi acım, ağrım,
Atəşlərə yandı bağrım.
Özün qurtar, ulu Tanrım,
Möhtaca möhtacdan məni.
Mən kiməmsə, haqdan soruş,
Xalq içində xalqdan soruş.
Acdan soruş, toxdan soruş,
Bu karvandan, köçdən məni.
Şimşəkdimi yenə çaxan,
Dağları üstümə yıxan.
Qisas alan, hayıf çıxan,
Nişan alma küncdən məni.
Girdim bir tale oynuna,
Düşdüm tufanlar qoynuna.
Şair, lent taxır boynuna,
Tarix tökür tuncdan məni...
Ağ göyərçinlər
Milli Aviasiya Akademiyasının
tələbə qızlarına
Səhər açılır səhər,
ağ köynəklər, ağ üzlər,
ey qara donlu qızlar,
çiyni paqonlu qızlar!
Çiçək kimi təzə-tər,
bizim ağ göyərçinlər.
Bir azdan uçacaqlar,
qol-qanad açacaqlar.
Göylər çətirlənəcək,
mavi səma ağ çiçək.
Dünya xəritələri
ən uzaq qitələri
sizə nişan verəcək.
Mənim tələbələrim
seviləcək, sevəcək.
O gün mütləq gələcək.
Arif Mircəlal oğlu
ürəkdən sevinəcək,
sizi təbrik edəcək.
Mən Ənvər müəllimə
deyəcəyəm ki,
desin,
üzərlik yandırmağa,
rektor icazə versin -
qızlara göz dəyməsin.
Allah, Allah, bu qızlar,
hardaydı indiyəcən?
Özün hardaydın, Vətən?!
Üçrəngli bayrağacan
hardaydın, Azərbaycan?!
ÖLƏNLƏRDƏN QALANLARA
(Yunus İmrə sayağı)
Dünya qatır başımızı,
qarışdırır aşımızı.
Yetmiş, səksən yaşımızı
biz də bayram eləyirik.
Tərif, hədiyyə, mükafat,
ya bir təltif, ya fəxri ad.
Belə sakit, belə rahat
dünyanı ram eləyirik.
İnanırıq yalanlara,
tərifə əl çalanlara.
Ölənlərdən qalanlara, -
sonra salam eləyirik.
İKİ YAŞLI NƏVƏMƏ
Salam, Nəriman qağa,
xoş gəlibsən bu bağa.
Səninkidir hər nə var,
əncir, qoşa xan çinar.
Nəhəng şah tut ağacı,
o tərəfdə iydə, nar,
bu tərəfdə gilənar,
üzüm, innab və badam,
ək, becər, kişi balam.
MƏNİM MUĞAMATIM
Anam - kəlağayılı bir muğamıydı,
muğam da doğmaca öz anamıydı.
Anam cəmiyyəti anlatdı mənə,
muğam da Üzeyiri tanıtdı mənə.
Gördüm, bu yollarda yol göstərən var,
harda muğam varsa,
orda Vətən var.
Xana toxuyardın, ay Nabat anam,
mənim xalı anam, muğamat anam.
Dilin yox,
ürəyin dilə gələrdi,
xınalı barmaqlar naxış ələrdi,
orda ceyran gəzər, cüyür mələrdi.
İpləri kəsərdi, calardı anam,
sapları sim bilib çalardı anam.
Muğam toxuyardı -
muğam özüydü,
bəstəkar özüydü, rəssam özüydü.
səsi eşidərdi, rəngi duyardı,
anamın ruhunda rəng oxuyardı.
Fırçasız, boyasız səs rənglənərdi,
on bir heca kimi əzbərlənərdi.
“Segah”a, “Şahnaz”a keçərdi anam,
“Hicaz”dan “Məcaz”a keçərdi anam.
Məcazı - xalıydı, xalısı - muğam,
o, bu dünyamıydı,
indi o dünyam.
HARDADI
Yaşım səksəni haqladı,
keçdiyim yollar hardadı?
Haraya gedirəm, Tanrım,
görünən dağlar hardadı?
Gəzib torpaqlar görmüşəm,
qaralar, ağlar görmüşəm,
ölkələr, xalqlar görmüşəm,
hanı o xalqlar hardadı?
Kimin üstündə əsirəm,
nəyim itib, nə gəzirəm?
Hara belə tələsirəm,
bizim yaylaqlar hardadı?
Çiynimdən uçdu şah quşum,
yerindədi ağlım, huşum.
Ələndi getdi tay-tuşum,
tək-tük o sağlar hardadı?
Bulanıram, duruluram,
öz içimdə qovruluram.
Yeriyirəm, yoruluram,
dəmir ayaqlar hardadı?
Ağsaqqal olmaq buydumu,
Gördüklərim yuxuydumu?
Varıydımı, yoxuydumu,
Ötən o çağlar hardadı?!
Dost qocalıb, yar qocalıb,
Can alan canlar qocalıb.
Məndən cavanlar qocalıb,
Məndən ahıllar hardadı.
MƏNİM İGİD ƏSGƏRLƏRİM
Dünya susur.
Allah!
Allah!
Dünya laldı,
Dunya kardı.
Düşmənimiz
Bir yalquzaq
canavardı.
Uladıqca dünya susur.
Qərbin
insan hüquqları
hanı belə?
niyə susur?!
Gəncə yanır,
Bərdə yanır.
Göydəkilər
göydə yanır
yerdəkilər,
yerdə yanır.
Paşinyanın
bombaları,
ulayırdı.
Ya biriydi
Ya ikiydi
Gecə yarı,
ulayırdı.
Erməninin zuy tutanı
havadarı,
ulayırdı.
Bu xarabə
bayquşları,
ulayırdı.
Yer-
qisasa
çağırırdı,
yer üzünü.
Bir görmüşdük,
birdə gördük
ermənin
şər üzünü.
Şaumyan da
istəyirdi,
yüz il qabaq,-
bombalasın
Gəncə, səni !
Cümhuriyyət vətənimsən,
öncə səni.
O uğursuz,
kor yapalaq!
Filankəsin
Silahdaşı,
“Əziz dostu”
Bakıda milləti qıran.
İstəyirdi...
Gec uçmuşdu
təyyarələr,
Moskvadan!
İgidlərim,
oğullarım,
sizinkidir
Bu hisslərim,
duyğularım.
Bu hecalı,
qafiyəli
dualarım!
Şah İsmayil
səngərindən
Tanıdığım
gənc ərlərim !
Zabitlərim,
gizirlərim,
əsgərlərim!
SƏN EY ŞANLI TÜRK ƏSGƏRİM!
Dağ yanında
bir dağsınız.
Yer tərpənsə,
uçmazsınız,
dayaqsınız.
Top dalında,
tank içində,
Yatmazsınız
oyaqsınız.
Torpaqsınız,
Vətənsiniz,
Bayraqsınız.
Sizi görən
zəlil düşmən
Atəş açır: Səngərimə
Sinəmdəki
mənim
şeir
dəftərimə.
Heydərlərim,
Ramillərim,
Racularım,
Mənim başıucalarım!
comərtlərim !
Təbrizlərim,
Elmanlarım,
Namiklərim.
Hərəniz bir
arxamsınız,
hərəniz bir
şah əsərim.
Sən ey şanlı türk əsgərim.
Noyabr 2020- ci il
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


