Milli Qəhrəman Səfəralı Məmmədovun şəhidlik zirvəsinə ucalmasından 30 il ötür (AZpress. Akif Ağayev, +FOTO=9)

Milli Qəhrəman Səfəralı Məmmədovun şəhidlik zirvəsinə ucalmasından 30 il ötür (AZpress. Akif Ağayev, +FOTO=9)

Milli Qəhrəman Səfəralı Məmmədovun şəhidlik zirvəsinə ucalmasından 30 il ötür (AZpress. Akif Ağayev, +FOTO=9)


Masallıda Milli Qəhrəmanın anım günü keçirilib

 

Masallı rayonunda Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri — Səfəralı Məmmədovun (14.10.1963-16.02.1992) anım günü qeyd olunub.
Səfəralı Qurban oğlu Məmmədovun anım günü böyüyüb boya-başa çatdığı Sərçuvar kəndində, adını daşıdığı məktəbdə keçirilib.

 

Anım tədbirində əvvəlcə Dövlət himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Masallı Rayon İcra Hakimiyyətinin, rayon polis və təhsil şöbələrinin məsul işçilərinin, kənd sakinlərinin, müəllim və məktəblilərin, Milli Qəhrəmanın qohumları, döyüş yoldaşları və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə qəhrəmanın keçdiyi ömür yolundan, Qarabağ savaşındakı şücaətindən danışılıb, Səfəralı kimi igid oğullarımızın gənclərə örnək olduğunu diqqətə çatdırılıb.

 

Bildirilib ki, Səfəralı Qurban oğlu Məmmədov 1963-cü ilin oktyabrın 16-da Masallı rayonunun Sərçuvar kəndində dünyaya göz açmışdır. 1981-ci ildə doğma kənddə orta məktəbi bitirmişdir.

 

1981-ci il S.Məmmədov hərbi xidmətə çağırılmışdır. S.Məmmədov iki il Minsk şəhərində qulluq etdikdən sonra 1983-cü ildə ordudan tərxis olunur və Krasnodar şəhərinə gedir. Burada həmyerlilərinin köməyi ilə Daxili İşlər Orqanlarında işə düzəlir. O, müəssisədənkənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayır və az müddətdə xüsusi bacarığı ilə ad-san qazanır. Təsadüfi deyil ki, o, xidmətinin ilk ilində iki dəfə mükafatlandırılır.

 

1988-ci ildə S.Məmmədovun səmərəli xidmətini nəzərə alaraq onu Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsində təhsil alamağa göndərirlər.
1990-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərərk leytenant rütbəsi alır. Bundan sonra xidmətini davam etdirmək üçün Vətənə qayıdır.

 

S.Məmmədova Bakı aeroportunda işləməyi təklif edirlər. O, inadla Qarabağın ən qaynar nöqtələrinə göndərilməsini təkid edir. Ağdam RDİŞ-də post-patrul xidmətində vzvod komandiri təyin edilən S.Məmmədov ilk gündən döyüş meydanına atılır. Səfəralının əməliyyatları uğurla keçirdi. Sarışın olması, rus dilini səlis bilməsi onun təkbaşına ermənilərin arasına getməsinə şərait yaradırdı.
S.Məmmədov Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində neçə-neçə ermənini girov götürmüşdü.

 

1992-ci ilin fevral ayının 16-da azğınlaşmış ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində görünməmiş vəhşiliklər törədəndə Səfəralının başçılıq etdiyi dəstə hücuma keçib düşmənə sarsıdıcı zərbələr endirərək çoxlu erməni yaraqlısı və hərbi texnikasını məhv etdi. Bu döyüşdə Səfəralı da qəhrəmancasına həlak oldu.

 

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci tarixli 831 saylı Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Subay idi.

 

S.Məmmədov Masallı rayonunun Sərçuvar kəndində dəfn edilmişdir.
Masallı şəhərindəki küçələrdən biri və təhsil aldığı Sərçuvar kənd orta məktəbi qəhrəmanın adını daşıyır.

 

Anım tədbirində Masallı Dövlət Regional Kolleci tələbələrinin və Sərçuvar kənd məktəblilərinin ifasında Masallı Xalq Teatrının rejissoru Camaləddin Əliyevin, məktəb müəllimləri İlahə Əlili və Günel Gözəlovanın quruluş verdiyi ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Qəhrəmanın anası Şahdəstə xanım övladının timsalında bütün şəhidlərimizlə hər zaman fəxr etdiyin, qürur duyduğunu söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

 

Anım tədbirində Milli Qəhrəmanın ev muzeyi və məzarı ziyarət olunub.

 

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020