"2022 Yaponiya-Azərbaycan Dostluq İli" çərçivəsində "Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək" tədbiri baş tutmuşdur - FOTO
Bu xəbəri paylaş
Yaponiya Səfirliyi tərəfindən Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə təsadüf edən “Yaponiya-Azərbaycan Dostluq İli 2022” çərçivəsində növbəti tədbir həyata keçirilmişdir.
18 fevral 2022-ci il tarixində Yaponiya Səfirliyi və Yaponiyanın Hitachi Hightech şirkətinin birgə əməkdaşlığı ilə Bakıda yerləşən Kimya-Biologiya təmayüllü Respublika Liseyində “Təbiət Elmləri Təhsilinə dəstək” adlı təlim dərsi baş tutmuşdur. Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vada Cüniçi, Təhsil Nazirliyi Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova və digər qonaqlar iştirak etmişdir.
Təlim zamanı şagirdlərə Hitachi Hightech şirkətinə məxsus elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər və biologiya üzrə maraqlı məlumatlar verilmiş, yeni biliklər aşılanmışdır. Hitachi Hightech Rusiya və Yaponiya ofislərinin birgə hazırladığı və dünyanın bir sıra ölkələrində təqdim etdikləri təlim dərsi prezentasiya ilə başlamış, daha sonra 7-ci sinif şagirdlərinə elektron mikroskopu uzaqdan idarə edərək müxtəlif nümunələrə baxma imkanı verilmişdir.
Tədbirin əsas məqsədi Azərbaycanda şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, gündəlik həyatlarında gördükləri əşya və ya canlıların quruluşları ilə bağlı düşündürərək təbiət elmlərinin əyləncəli tərəfini aşılamaq, eyni zamanda Yaponiya istehsalı olan qabaqcıl texnologiyanı təqdim etmək olmuşdur. Bundan əlavə, tədbir vasitəsilə şagirdlərin Yaponiyaya qarşı marağının artırması və bununla da, iki ölkə arasında əlaqələrin daha genişlənməsinə və inkişafına töhfə olacağı gözlənilir.
Eyni tədbirin Azərbaycanın regionlaru da daxil olmaqla 3 başqa təhsil müəssisəsində (Bakı, Şamaxı və Şəki) keçirilməsi planlaşdırılır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



