Türkiyədə istirahət - ilin 4 fəsli 5 ulduzlu keyfiyyət!

Qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizdə fəaliyyət göstərən səfirliyinin mütəmadi olaraq mətbuat nümayəndələri üçün media-turlar təşkil etdiyi hər kəsə bəllidir. Səfirlikdən gələn zənglə bəndənizin də növbəti media-tur iştirakçıları siyahısında olması xəbərini aldıqda çox sevindim. Doğrudur bu səfər daha öncəyə planlaşdırılırdı. Lakin, yay aylarında qardaş Türkiyəni bürüyən üzücü meşə yanğınları səbəbindən səfər qeyri-müəyyən vaxta təxirə salınmışdı.

 

Nəhayət, 11 yanvar tarixində təşkilatçılar tərəfindən əlaqə saxlanılaraq səfərin tezliklə reallaşacağı və gedəcəyimiz məkan bildirildi. Ünvan Türkiyənin dilbər guşələrindən biri olan Ərzurum bölgəsi idi.

 

Bir haşiyə çıxaraq bildirmək istərdim ki, qardaş Türkiyə höküməti bu layihəni il ərzində bir neçə dəfə və fərqli ölkələrin müdia nümayəndələrinin iştirakı ilə həyata keçirir. Bu tur çərçivəsində Azərbaycanla yanaşı, Ukrayna, Niderland, Portuqaliya, Bosniya və Hersoqovina, İspaniya, Rusiya, Polşa və Fransadan olan jurnalistlər bir araya gəlmişdilər.

 

Beləliklə, 15 yanvar 2022-ci il tarixində, saat 12:05-də Bakı-İstanbul reysiylə səfər başladı. Bildirim ki, qardaş Türkiyə bu ölkəyə səfər edən və edəcək hər kəsdə özləri haqda yüksək fikir formalaşdırmaq və bu səfərlərin davamlı olması üçün hər şeyin ən gözəlini etməyə çalışır. Belə ki, “Türkiyə Hava Yolları”na məxsus təyyarəyə ayaq basılan andan göstərilən münasibət və yaradılan şərait qardaş ölkənin öz imicini ən yüksək səviyyədə təqdim etməsinin bariz nümunəsidir. Hava gəmisinə daxil olan kimi, hər bir sərnişinə birdəfəlik qulaqcıqlar, xüsusi dezinfeksiya edilmiş salfetlər, virus əleyhinə maska dəsti və digər lazimi vasitələr təqdim edildi. Fikrimcə ekonom sinfini belə müasir audio/video sistemlə təchiz etmiş başqa aviaşirkət hələ ki yoxdur.

 

Axşam saat 20:00-da dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşən Ərzurum şəhərinə çatırıq. Hava Limanında “GoTürkiye” turizm şirkətinin əməkdaşları qrup üzvlərini qarşıladıqdan sonra xüsusi ayrılmış avtobus qalacağımız otelə doğru istiqamətləndi. Avtobusda şirkət nümayəndələri şəhər və bölgə haqda media nümayəndələrinə ilkin və zəruri məlumatlar verməyə çalışırdılar. Ərzurum Atatürk Universitetinin yanından keçdikdən bir müddət sonra Palandöken adlanan əraziyə daxil oluruq.

 

Haşiyə: Türkiyə turizmi dedikdə düşüncələrdə adətən günəşli Antalya, dəniz sahilləri və buna bənzər fikirlər formalaşır. Lakin son illərdə Türkiyə qış turizminə də çox böyük üstünlük verir və bu istiqamətdə böyük investisiya cəlb etməklə ən müasir infrastruktur yaratmağa çalışır. Müxtəlif ölkələrdən gələn media nümayəndələrinin 5 gün qalacağı Palandökən bölgəsində yaradılan qış turizmi mərkəzi bəlkə də, dünyanın ən müasir qış istirahəti zonalarından biridir. Təsadüfi deyil ki, 2011-ci ildə Dünya Qış Universiadası məhz Ərzuruma həvalə edilmişdi. Dəniz səviyyəsindən 3200 metr yüksəkildə yerləşən Palandökən oteli və “Palandökən Kayak Mərkəzi – Əjdaha 3200” kurortunun aeroportdan 10 dəqiqəlik (şəhər mərkəzindən 3 km) məsafədə yerləşməsi əlçatanlığına görə şübhəsiz dünyada ən yaxşılardan biri hesab edilir. Son dövrlər dünyada qış turizminə, dağçılıq və xizəksürməyə maraq və tələbatın çox sürətlə artması Türkiyənin doğru yolda olduğunu göstərir.

 

Oteldə yerləşdikdən sonra, axşam ziyafətində sabahkı günün proqramı üzərində müzakirələr başladı. Hər kəsin xizək ləvazimatları ilə təmin olunması üçün bədən ölçüləri dəqiqləşdirildi, xizəkdən ilk dəfə istifadə edənlər üçün təlimçilər müəyyənləşdirildi. Ziyafət zamanı Ərzurum bölgəsinə məxsus Öküz ürəyi adlanan üzüm növündən hazırlanmış çaxır nümunələri təqdim edildi.

 

Növbəti gün səhər yeməyindən sonra otelin 150 metrliyində yerləşən Palandökən Kayak Mərkəzinə getdik və lazımi avadanlıqlarla təmin edildikdən sonra qruplara bölündük. İlk dəfə qış istirahət mərkəzində olanlar xizək təlimlərinə qoşuldular. Təcrübəlilər isə kanatla yuxarı qalxaraq təbiətin bu gözəlliyindən doyunca istifadə etməyə başladılar.

 

Haşiyə: Palandökən və Konaklı kurort bölgəsi ümumilikdə 71 km uzunluğunda xizək trasına malikdir. Bu trasın 7 km-lik hissəsi xüsusi işıqlandırma ilə təchiz olunub və gecə belə xizək həvəskarları burada çox rahat öz istirahətlərini davam etdirə bilərlər. Turistlər üçün bölgədə eyni zamanda buzadırmanma, hokkey, paraplanerizm, konki və digər əyləncəli sahələr də fəaliyyət göstərir.

Ukraynalı operator Andriy Skorik ilə birlikdə kanatla birinci mərhələyə gedərək orada foto və videoçəkilişlər etdikdən sonra geri qayıtdıq və digər 4 nəfərlik kabinlə daha yüksəkdə olan mövqeyə tərəf qalxmağa başladıq. 2900 metr yüksəklikdən sonra havanın küləkli və şaxta olması səbəbindən kanat işləmirdi və daha yuxarı qalxmağa icazə verilmədi. Biz o mövqedə düşərək yenidən çəkilişlər etməyə başladıq. Burada gözlə görünən mənzərəni sözlə ifadə etmək həqiqi mənada çox çətindi – qarşımızda heyrətamiz təbiət gözəlliyi dururdu. Ərzurum şəhərini sanki ovcunun içindəymiş kimi quş uçuşu məsafəsindən izləyirdik.

 

Nahar fasiləsi zamanı qrupun digər üzvü olan 4 həmkarımız da bizə qoşuldu.

 

Yanvarın 17-si səhər yeməyindən sonra “Palandöken Ice Park” buzadırmanma ərazisinə gəldik. Burada bəzi həmkarlar digər turistlərlə birlikdə buzadırmanma, kanatla atlama kimi əyləncələrlə əsl adrenalin həyacanını yaşadılar. Oradan at fermasına yola düşdük və qısa atla yürüşdən sonra bizlər üçün bölgə mətbəxinin nəfis təamlarından ibarət nahar süfrəsi açıldı. Daha sonra şəhər mərkəzinə tur başladı.

 

Haşiyə: Ərzurum şəhəri Anadolunun ən qədim insan məskənlərindən biridir. Burada şəhərin tarixin bütün dövrlərinə aid zənginlikləri dövlət tərəfindən xüsusi həssaslıqla qorunur. Ərzurumun əsas tarixi abidəsi olan, 1253-cü ildə səlcuqlu sultanı II Keyqubadın öz qızının şərəfinə inşa etdirdiyi Qoşa Minarəli Mədrəsə öz gözəlliyi və əzəməti ilə hər kəsi məftun edir. Mədrəsədən bir neçə yüz metrlik məsafədə Üç Kümbəzlər adlı abidə kompleksi yerləşir. Bunlardan biri XII əsrə məxsus Əmir Saltuk kümbəzidir. Digər iki kümbəzin kimə məxsusluğu bəlli olmasa da, hər ikisnin XIV əsrə aid olduğu bildirilir. Bunlardan əlavə şəhərdə bir çox tarixi artefaktlar, türbələr, minillik tarixi özündə əks etdirən arxeoloji abidələr mövcuddur və hər biri dövlət tərəfindən xüsusi himayə edilir.

 

Qoşa Minarəli Mədrəsə

Şəhərin müxtəlif yerlərində yerləşən Lalə Paşa Camisi, Ulu Cami, Yakutiye mədrəsəsi və digər tarixi abidələr ziyarət edildi. Bu məkanlarda nümayiş etdirilən eksponatların hər biri bizi tarixin dərinliklərinə aparırdı. Rüstəmpaşa Karvansarayı isə tarixi suvenirlər əldə etməyimizə yardımçı oldu.

Növbəti günkü səfərimiz Uzundərə ərazisində yerləşən Tortum gölünə oldu. Bu göl Kemerlidağdan qopan qaya parçalarının Tortum çayının qarşısını kəsməsi nəticəsində yaranıb. XVIII əsrdə baş verən bu təbiət hadisəsinin yaratdığı digər bir gözəllik isə 48 metr hündürlüyü olan əsrarəngiz Tortum şəlaləsidir. Kəmərlidağın rəngarəng yamacları isə gözlə görmək istənilən fərqli bir gözəllik idi.

 

Uzundərə kəndində isə biz yenidən türk qonaqpərvərliyi ilə əhatə olunduq. Artıq səfərin son günü olduğu üçün qrup üzvlərinin əhvalından üzüntünü hiss etmək çətin deyildi. Çünki, təbii olaraq heç kəs belə əsrarəngiz təbiət gözəlliyindən ayrılmaq istəmirdi. Sanki gözəl Ərzurum özü də bizi buraxmaq istəmirdi. Gecədən yağan qarın yaratdığı şərait üzündən təyyarəmiz təxminən 3 saat gözləməli oldu. Lakin hava limanının peşəkar işçiləri tərəfindən hər şey yoluna qoyuldu və biz 5 günlük gözəl və unudulmaz xatirələrlə Ərzurumdan ayrıldıq.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020