Bakıda Yaponiya İmperatorunun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub - FOTO
Bu xəbəri paylaş
Fevralın 22-də Bakıda Yaponiya İmperatoru Naruhitonun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, siyasi xadimlər, diplomatlar, Yaponiyada təhsil alan tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Yaponiyanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada 2022-ci ilin Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu qeyd edərək bu ilin “Azərbaycan ilə Yaponiya arasında dostluq ili” olduğunu bildirib. O deyib ki, il ərzində Azərbaycanda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Sonra Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək Yaponiya şirkətlərinin ölkəmizin enerji sektoruna uzun müddət töhfə verdiyini bildirib. Nazir Yaponiya şirkətlərini işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində, “ağıllı şəhər”, “yaşıl enerji” infrastrukturunun yaradılmasında və digər sahələrdə yaxından iştiraka dəvət edib.
“2022-ci il ərzində İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır. Komissiyanın iclası çərçivəsində iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, o cümlədən ölkəmizdə yaradılan sənaye parklarında Yaponiya şirkətlərinin iştirak imkanları, kənd təsərrüfatı, turizm, nəqliyyat, təhsil, ətraf mühit sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və digər məsələlər ətrafında müzakirələrin aparılması, eyni zamanda, ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub”, - deyə nazir bildirib.
Tədbir ziyafətlə davam edib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



