Vaqif Bəhmənli: KİŞİNİN GÖZ YAŞI
Bu xəbəri paylaş
Vaqif Bəhmənli: KİŞİNİN GÖZ YAŞI
Kim deyir kişilər ağlamaz, ağlayar...ağlamağa macal tapmamış
anasını ağlatmaslar!..
V.B.
Yaş deyil göz yaşı, gözün dişidi –
qabarır içə dərd dolduğu dəmdə.
Yalandı; ağlamaq arvad işidi,
kişi sənətidi ağlamaq həm də.
Yanlış deyirəmsə alışsın kağız;
Sözüm kələf ucu, iz ipi kimi.
Demə sarsaqlayır bu arvadağız,
demə ki, danışır qızbibi kimi...
Ağır yük çəkənin ölsün nənəsi,
Can gərək fil ola, gərək at ola,
Susəpən qayadı kişi sinəsi,
dammasa, quruyub çatbaçat olar!..
Dilini doğrayar dişini sıxsan,
Qartalı oxlasan qıyya çıxacaq.
Yerində nə qalar kişini sıxsan? –
Doxsan beş faizi suya çıxacaq.
Düzgün ağlamağa bir az ləngidim,
Suyu kim ayırsa yağdan, kişidi.
Tanrı basdırsa da övlad tingini
Dibinə su tökən bağban kişidi!
Həvvadan cehizdi Adəmə günah,
Kişidə qabırğa, cinah ağrıyır.
Qadın ağlayanda sevinir Allah,
Kişi ağlayanda... Allah ağlayır!
Durğun su kasada, ovsunda olur,
Suyun tərpənişi mayadan gəlir
Qadının göz yaşı ovcunda olur,
kişinin göz yaşı qayadan gəlir.
Kişi fəth etsə də qəlbi dağları
Yoxuşlar altında atın ağladır.
Soxur quru yerə dik papaqları
Bərkgedən kişini qadın ağladır...
Kəsir boğazları, dağıdır əngi,
Fələk faş eləyir vəhşiliyini.
gözləri yaşarmır dünyanın, çünki
itirir get-gedə kişiliyini!!!
Vaqif Bəhmənli
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)