Adil Əliyev: "Moskva bəyannaməsi Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələdir"
Bu xəbəri paylaş
Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvüdür, təşkilata sədrlik dövründə təşəbbüskar fəaliyyət göstərib və onun inkişafına əhəmiyyətli töhfə verib. Belə səmərəli siyasətin nəticəsində dünyada BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatının üzvləri Azərbaycanı, xüsusən də Vətən müharibəsi ilə əlaqədar dəstəkləyiblər. Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla heç bir bloklara qoşulmayacağını bəyan edib və beləliklə də geosiyasi mübarizə meydanı olmaq perspektivindən qətiyyətlə imtina edib. Amma Azərbaycan fəal və səmərəli xarici siyasət yürüdür və öz milli maraqlarına xidmət etmək üçün müxtəlif dövlətlərlə ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda xarici siyasət həyata keçirir. Bununla da, Azərbaycan müxtəlif hərbi-siyasi bloklara qoşulmadan xarici siyasət tərəfdaşlıqlarını şaxələndirir.
Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ölkəmizin xarici siyasət tərəfdaşlıqlarının şaxələndirilməsinə və gücləndirilməsinə xidmət edir. Bu Bəyannamə həm də Azərbaycanın xarici siyasətinin prioritetlərindən olan qonşu ölkələrlə dostluq və yüksək səviyyəli münasibətlərin qurulması istiqamətinə uyğundur.
Uzun illərdir ki, Azərbaycan və Rusiya strateji tərəfdaşlıq münasibətləri qurublar. Yeni Bəyannamənin imzalanması ilə münasibətlər yeni səviyyəyə - müttəfiqlik səviyyəsinə yüksəldilir. 43 maddədən ibarət bəyannamə iki ölkə arasında beynəlxalq əməkdaşlıq, təhlükəsizlik və hərbi əməkdaşlıq, terrorçuluq, ekstremizm və separatizmlə mübarizə, narkotik ticarəti, insan alveri və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə, iqtisadiyyat, nəqliyyat və energetika, informasiya-kommunikasiya texnologiyaları, turizm və aqrar sənaye, səhiyyə, təhsil və mədəniyyət, diaspor, gənclər, idman və digər sahələrdə qarşılıqlı fəaliyyəti əhatə edir. İki ölkə parlamentləri arasında əməkdaşlığın möhkəmləndirilməsi də nəzərdə tutulur. Habelə, Qafqazda və Xəzər dənizi bölgələrində regional əməkdaşlıq mövzusu da bəyannamədə yer alıb.
Azərbaycan üçün Moskva bəyannaməsinin əhəmiyyətli xüsusiyyətlərindən bəhs edərkən, ilk növbədə sənədin 1-ci maddəsindəki müddəalar qeyd edilməlidir. Həmin maddədə münasibətlərdə və müttəfiqlik qarşılıqlı fəaliyyətinin qurulmasında iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşlıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmama, hüquq bərabərliyi, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinin əsas olduğu bəyan edilir. Bəyannamədə bu prinsiplərə sədaqətin ifadə olunması 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra xüsusilə önəmlidir. Çünki Vətən müharibəsindəki qələbə nəticəsində ərazi bütövlüyümüz bərpa edildi. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədə Vətən müharibəsinin nəticələrini təsbit edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsinə hər cür dəstək veriləcəyi bildirilir. Bu müddəalar Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərindən Azərbaycana qarşı istifadə etmək və bu məqsədlə manevrlər etmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. Digər tərəfdən isə, bəyannamədə nəzərdə tutulan Azərbaycan və Rusiya parlamentləri arasında əməkdaşlığın, eləcə də iki ölkənin KİV-ləri, gənclər, mədəniyyət və ictimai təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi barədə müddəalar Azərbaycanın Rusiya ictimai rəyinə çıxış və təsir imkanlarına müsbət təsir edəcək. Bu da öz növbəsində Rusiyada mövcud olan güclü erməni diasporu və lobbisinə qarşı balans yaradılması baxımından əhəmiyyətlidir.
Yeri gəlmişkən, Moskva səfəri zamanı TASS informasiya agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşdə Prezident İlham Əliyev erməni lobbisinin Rusiya informasiya məkanında əsas siması olan Marqarita Simonyanın qərəzli suallarına sərrast və qəti cavablar verdi.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)