SƏYAVUŞ SÜLEYMANLI və hekayələri
Bu xəbəri paylaş
SƏYAVUŞ SÜLEYMANLI və hekayələri
HAMAM ƏHVALATI - 2
( hekayə )
Öz-özümə fikirləşirəm ki, niyə mən həmişə qeyri-adi, gözlənilməz hadisələrlə rastlaşıram? Yəqin siz də eşitmisiniz ki, bir zamanlar bizim arvad Fatmanisə mən həyətdəki hamamda çimərkən başını içəri salıb nə isə demişdi, mən də cavanlıqdan hamamda muğam oxuyan olduğum üçün onu eşitmədiyimdən elə başa düşmüşdüm ki, Fatmanisə qonşulara söhbətə gedir. Başımla işarə etmişdim ki, get, arvad, dediyin yerə get; yəni qonşulara, qiybət etməyə, hara istəyirsən get. Arvad da sevincək halda yenə də nə isə demişdi, oxumağımın şirin yeriydi deyə, eşitməmişdim, ancaq başımın işarəsiylə razılığımı bildirmişdim. Sonra da arvadım Fatmanisə dalınca hamamın dəmir qapısını örtmüşdü: çırıqq!!!
Hə, əzizlərim, gerisini yəqin ki bilirsiniz. Əgər yadınızdan çıxıbsa, əhvalatın ardını bir balaca danışa bilərəm. Sən demə, arvadım qonşu arvadlarla Hacıxanım başda olmaqla Bakıya ziyarətə getmişmiş, bilmədən hamamın qapısında olan cəftəni də üstümə keçirib bağlamışdı. Yalan olmasın, düz 24 saat, 42 dəqiqə, 32 saniyə hamamda ac-susuz qaldım, başıma müsibətlər gəldi və arvad Bakıdan qayıdıb hamamın qapısını açıb məni hamamda görərkən ilk sözü bu olmuşdu:
-Bıy, ay kişi, sən hələ də hamamdasan? 24 saat, 42 dəqiqə, 32 saniyə qaranlıq hamamda gecə və gündüz ac-susuz qaldığım üçün hərəkətsiz halda arvadıma baxıb onu söymək, döymək fikrinə düşsəm də, arvadımın birdən:
-Ay kişi, heç demirsən ki, Fatmanisə, ziyarətin qəbul olunsun.-deməsi məni sanki ayıltmışdi.
O zaman gözlərim qaralsa da, hər şey mənə gün kimi aydın olmuşdu. Sən demə, Fatmanisə Hacıxanım və qonşu arvadlarla birlikdə maşın tutub Bakıya-ziyarətə getmişlərmiş. Elə ona görə də fikrimdən vaz keçərək güclə, boğula-boğula demişdim:
-Ziyarətin qə...bul o...lun...sun, Fatma...nisə. Sə...ni..., sə...ni görüm... deyib arvadımın qolları üstünə düşüb bayılmışdım. Daha sonrasından xəbərim olmamışdı...
İndi, ay əzizlərim, o vaxtdan illər ötüb keçib. Oğlan və qızlarım təhsil alıb ailə qurublar. Hər biri çox çətinliklərdən sonra çörək sahibi olublar. Axır ki, haqq, ədalət öz yerini tapdı. Mənim uşaqlarım da həyatda bərkidilər, tanındılar, mövqe qazandılar. İndi hamısı oğul-uşaq sahibləridirlər. Oğlum ata-baba yurdumda təzə ev də tikib. Həyətdəki köhnə hamamı da sökdürdü, evin ikinci mərtəbəsində yaraşıqlı, vannalı hamam da tikdirdi. Allah oğlumu, qızlarımı xoşbəxt eləsin! Yaşımın ahıl vaxtında evimin bəzəyi Fatmanisə məni bu dünyada tək atıb haqq dünyasına qovuşdu. Elə bilirsiniz ömür yoldaşını itirmək asan işdir? Hər kişi bu ağır dərdə dözmür. Fatmanisə həmişə deyərdi ki, Allahdan heç nə istəmirəm, istəyim odur ki, məni Sədi, səndən qabaq öldürsün. Mənim qalan ömrümü də sənə versin. Uşaqların yanında heç özümü o yerə qoymuram. Amma təkliyə düşəndə yanıb-sızıldayıram. Onun Şəki kəlağayısını götürüb iyləyirəm, gözlərimdən tökülən yaş üst-başımı isladır. Nə edə bilərəm ki, həyat belə qurulub... Bir gün mən də bu dünyaya vida edəcəyəm. Bir gün mən də doğmalarımdan ayrılıb əbədiyyətə qovuşacağam. İnsan özü ilə o dünyaya nə aparır ki?... Heç nə. Cəmi 12-13 metr ağ kəfən sənin varın-dövlətin sayılır. Niyə bəs bunu bəzi insanlar başa düşmək istəmir? Milyonlar içərisində yaşayan, ancaq Vətən yolunda canını qurban verən şəhidlərimizin ailələrinə kömək etmək kimi mənəvi dəyərlərdən uzaq olan bu adamlar görəsən, qəbir evinə özləri ilə o milyonları apara biləcəklərmi?! Əsla, yox! Bu dünyadan heç nə apara bilməyəcəklər! Elə gözləri evlərində, xarici ölkələrin banklarında gizlətdikləri pulların dalınca baxa-baxa qalacaq. O pullardan özlərinə də sərf edə bilməyəcəklər, ona görə ki, əcəlləri çatacaq, Cənab Cəbrayıl əlində şəmşiri duracaq bu adamların başlarının üstündə. Burada pul kara gəlməyəcək. Çünki Cənab Cəbrayıl rüşvət götürmür. Bir də deyirlər ki, o dünyada bizim pullar işləmir. İndi qaç görüm, necə və hara qaçacaqsan? Belə adamlar üçün bu dünyada milyonlarını qoymaq dərdi böyük dərddir. Ancaq mənim Fatmanisədən savayı heç bir dərdim yoxdur. Bilirəm ki, bu dünyadan da rahat gedəcəyəm, axır ki, bir gün torpağa qovuşmağım var. Bu dünyanı əlimdə tutmayacağam ki...
Bir həkim dostum deyərdi ki, insan yaşa dolduqca həm də əyilir ki, torpağa yaxınlaşsın. Odur ki, mən hər gün öz ölümüm haqqında götür-qoy edirəm. Yəni, öləndən sonra məni qəbir evinə necə aparacaqlar, necə dəfn edəcəklər? Kimlər ölümün arxasınca nə deyəcək? Və sonda qəbir üstündə adamlar dağılışandan sonra Hacılığı şübhə doğuran molla Qədirqulu görəsən, qulağıma nə pıçıldayacaq? Mollaya gizlində vəsiyyətimi də etmişdim. Demişdim ki, məni qəbirə qoyanda diqqətli olsun ki, birdən uşaq-muşaq ipi buraxarlar, mən də Leonid İliç Brejnev kimi guppultu ilə gedərəm qəbirin içinə. Sonra biabırçılığından qurtarmaq olmaz. Necə də olsa, adımız-sanımız var.
Haradasa oxumuşam. Ancaq şairin adını unutmuşam, şeir parçası isə yadımdadır.
Adam var ulduza, günəşə taydır,
Adam var dünyada sadəcə saydır.
Hamı bir biçimdə olmaz qardaşım,
Biri mükəmməldir, birisə zaydır.
Ötən günlərin birində oğlum və kürəkənlərim qərara gəldilər ki, ailələri ilə bir həftəliyə Qəbələyə istirahətə getsinlər. Hazırlıqlarını da apardılar. Mənim tədarükümü də gördülər. Məndən tam arxayın olub getdilər. Onlara uğurlu istirahət arzuladım.
-Gedin, balalarım, məndən arxayın olun. Özünüzdən muğayat olun.
Uşaqlarımla hər gün bir neçə dəfə danışırdım. Üstündən üç gün keçmişdi ki, hamam tədarükümü gördüm. Yadıma rəhmətlik arvadım Fatmanisə düşdü. Rəhmətlik həmişə hamam dəyişəklərimi qabaqcadan hazırlayardı, hamamdan çıxandan sonra da çayımı tökərdi. Böyrümə bir nimdar atardı, uzanıb tərim soyuyana qədər istirahət edərdim. Vallah misli-bərabəri yoxdu bizim Fatmanisənin. Məni bu dünyada tək qoydu getdi...
Hamam ikinci mərtəbədə elə tikilmişdi ki, burada hər cür şərait vardı. Birdən həkimin sanatoriyada mənə verdiyi müalicəvi litrlik maye yadıma düşdü. Tez gedib onu aşağı mərtəbədən götürüb gətirdim. Ehtiyatla vannaya girdim. Məhrəba və hamam xalatını mobil telefonumla birlikdə ayaq tərəfimdə olan plastik stolun üstünə qoyub kranı açdım. Bir azdan vannanın içərisi ilıq su ilə doldu, mən də tamahkarlıq edib litrlik butulkanın içərisindəki mayenin yarısını vannaya tökdüm. Hamamın içərisinə xoş rayihə yayıldı. Həkim mənə demişdi ki, bu maye oynaqlara yaxşı təsir edir, bədənin əzalarını yumşaldır, ağrıları çəkir.
Çox xoş əhval-ruhiyyədə ikən zəng çalındı. Nəvəm Mehdi idi.
-Baba, salam, necəsən?
Cavab verdim:
-Sağ ol, Mehdi, atagil necədirlər?
-Baba, hamıları yaxşıdırlar, istirahət edirlər. Bura çox gözəl yerdir. Atam vaxtı bir həftə də uzadacağını deyir. Baba, evdə hər şey var, nə çatışmasa, zəng çalarsan mənə, dostum Cavidan sənə nə lazımdırsa gətirib çatdırar.
-Yox, bala, evdə hər şey var. Təkcə sizin üçün darıxıram. Öz işinizdə olun, bala, məndən arxayın olun. Yeyirəm, içirəm, çimirəm.
-Darıxma, baba, gələn həftə qayıdacağıq. Sağ ol, özünə fikir ver.
-Sağ ol, Mehdi balam!
Telefon söndü, mən də yuyunmağa başladım. Həqiqətən, həkimin verdiyi mayeyə söz ola bilməzdi. Ancaq vannanın suyu elə sürüşkən olmşdu ki, fikir məni götürmüşdü ki, buradan necə çıxacağam.
Bir-iki təkan versəm də yenə də öz yerimdə sürüşür, müvazinətimi itirirdim. Ayaqlarımı yığa bilmirdim. Əllərimi dayaq edəndə də sürüşür, yenə də müvazinətimi itirirdim. “Yox, deyəsən, buradan çıxa bilməyəcəyəm.”-ürəyimdən keçirtdim. “Axı niyə belə bir iş tutdum? Elə gərək uşaqlar gedəndən sonra bu iş başıma gələydi?! İndi mən nə edəcəyəm?”
Üstündən neçə saat keçdi, bilmirəm. Su soyuyanda vannaya yenidən isti su tökür, birtəhər dözürdüm. Nəhayət, vannanın suyunu birdəfəlik boşaltmalı oldum.
Dəhşət! Vannanın suyu boşalandan sonra sürüşmə daha da şiddətləndi. Nə qədər su tökdümsə, zərrə qədər də dəyişiklik olmadı, əksinə, yağlı vannanın içərisində balıq kimi çabalayırdım. “Bəs nə edim? Bütün sutkanı elə burada qalacağam? Evin bütün pəncərələrinə armatur çərçivə çıkilmişdi.Birinci mərtəbədəki qapı da seyf qapılardan idi, içəridən də qıfıllanmışdı. Məni xilas etmək üçün ancaq pəncərənin çərçivələrindən biri elektrik qaynağı ilə kəsilməli idi. Başqa çıxış yolu yox idi!
Dərhal Qəbələyə-oğlum Əhlimana zəng çaldım, başıma gələnləri ona danışdım. Oğlum məni təmkinlə dinləyəndən sonra son sözü bu oldu:
-Ata, bir təhər bir neçə saatlıq döz. Hamımız yığışıb gəlirik. Qorxma, ata, olan şeydir, özünü toxtat, ürəyinə alma, tezliklə gəlirik.
Öz-özümü danladım, qınadım. Uşaq kimi ağladım. “Oturan yerdə bəlaya düşdüm. Ay Sədi, qocalmısan, vallah, getdikcə lap uşaqlaşırsan. Yoxsa, belə bir iş başına gəlməzdi. Ay kişi, səhər yuxudan durub şalvarı əməlli-başlı əyninə geyə bilmirsən, qalmışdı vannada duruş gətirməyinə. Ay hay... Həmişə də yaşıdlarımla bu barədə mübahisələrimiz düşür. Onlar deyirlər ki, şalvarlarını guya rahat geyinirlər. Yalansa...”
Üstündən 5-6 saat da keçdi, bilmirəm. Haldan düşürdüm. Birdən hamamın çölə açılan gözlük tərəfindən elektrik qaynağının səsini eşitdim. Telefonum dalbadal zəng çalsa da daha əlim ona çatmırdı. Çünki sürüşüb telefondan uzaqlaşmışdım. Bilirdim ki, uşaqlarım qayıdıb. Özümü toplayıb xalatımı ələ keçirdim. Cəld ayaqlarımın altını quruladım, xalatı əynimə geyib çox çətinliklə pillələri endim. Seyf qapını açarla açdım və gur səslə bağırdım:
-Şərçivəni kəsməyin, mən salamatam.
Yazıq-yazıq ətrafımı süzərkən uşaqlarımı, bir də qonum-qonşuları ətrafda gördüm. Oğlum Əhliman mənə çatmasaydı, çox güman ki, qapının ağzında yıxılacaqdım. Nə yaxşı ki, o, vaxtında harayıma çatdı və mən onun güclü qolları arasına düşüb bayıldım. Sonrasından daha xəbərim olmayıb.
Liman şəhəri
24.11.2021
X X X
BOZ QURDUN İNTİQAMI
(hekayə)
Aramsız yağan qar kənd camaatının gediş-gəlişini çətinləşdirmişdi. Bir tərəfdən də şaxtaların düşməsi indidən qışın sərt keçəcəyindən xəbər verirdi. Ermənilərlə azərbaycanlıların bir yerdə yaşadıqları Ağbulaq kəndində son vaxtlarda başlanan çəkişmələr və dava-dalaş heç də yaxşılığa doğru getmirdi. Şəhərdən gələn saqqallı ermənilər tez-tez kənddə görünür, dava-dalaş salır, sonra da qəfil yoxa çıxırdılar. Ermənilərin həmkəndliləri olan azərbaycanlılara qarşı münasibətlərində xeyli soyuqluq, hətta qəddarlıq əlamətləri hiss olunsa da, azərbaycanlılar özlərini təmkinli aparır, hər cür təhqirlərə dözür, nə isə bir təhlükə olacağını heç ağıllarına belə gətirmirdilər.
Saleh kişinin qonşusu Aşot Akopyan da son günlər özünü çox qəribə aparırdı. Ürək ağrısından əziyyət çəkən Saleh kişi qonşusundan incidiyi üçün nəvəsi Azəri daha Aşotgilə göndərmədi. Halbuki Aşot onun oğlunun kirvəsi idi. İndi isə Aşot Saleh kişinin çağırışına gəlməkdən bilərəkdən imtina etmişdi. Kəndin feldşeri olduğundan Aşot əslində qonşusunun çağırışına gəlməli idi. Ancaq gəlmədi və hətta dodaqucu
“Türk köpək oğlu!” deyib qonşusunun qarasınca söydü də.
Bayırda külək vıyıldayır, uğultu səsinə hündür təpə üzərində məğrur dayanan boz qurdların ağızlarını göyə tərəf qaldırıb ulaması səsləri də qarışır, çox qəribə, tükürpədici səslər ətrafda ləpələnirdi. Bu boz qurdlar son günlər bir çox kəndlilərin heyvanlarına hücum edib parçalayıb yemişdilər. Ancaq bu boz qurdlar nədənsə Saleh kişinin tövləsinin həndəvərinə belə fırlanmırdılar. Bu da çox təəccüb doğururdu.
Saleh kişi pəncərə qarşısında dayanıb əli ilə ürəyini xeyli ovuşdurdu. “Deyəsən, sonumdur axı “-düşündü və arvadı Gövhəri yanına çağırdı.
Gövhər Saleh kişinin əhvalının dəyişdiyini hiss edib, ona dərmanlarını gətirdi. Saleh kişi dərmanları içdikdən sonra arvadının əlindən tutub dedi:
-Gövhər, deyəsən, axırımdır axı... Rayona gedən yollar da tutulub. Həkimə böyük ehtiyac hiss edirəm. Qonşumuz Aşot da yardıma gəlmədi, namərd çıxdı. Biz ona nə etmişik axı? Həmişə çörəyimizdən yeyiblər. Onlara əl tutmuşuq. İndi birdən bunlara nə oldu bəs? O gün də üzümə dedi ki, Qarabağ Ermənistandır! Arçax! Arçax! Vallah, heç başa düşmədim, əhəmiyyət də vermədim.
Gövhər:
-Düz deyirsən, ay Saleh, arvadı da mənə tərəf baxmır. O gün inəyimizi sağandan sonra onlara da süd payı göndərdim, gördüm ki, süd dolu bidonu taxta çəpərdən bizə tərəf asıb. Heç səbəbini də bilmədim ki, niyə belə edir. Saleh, bu işlərin axırı yaxşı olmayacaq. Kəndin yuxarı başında da Vahabın cavan oğlu İlkini güllə ilə vurub öldürüblər. Saleh, gəl gedək burdan, ürəyimə pis fikirlər gəlir.
Saleh kişi stulda əyləşib bir qədər fikrə getdi, sonra arvadına baxıb dedi:
-Gövhər, bura bizim doğma torpağımızdır. Allaha şükür, pis dolanmırıq. Mal-qaramız, toyuq-cücəmiz, quşlarımız, əkin sahəmiz o qədər çoxdur ki, biz onları atıb hara gedə bilərik? İnşaallah hər şey düzələr. Hökumət bunlara da bir əncam çəkər, darıxma, arvad.
Gövhər kişisinin sözlərindən bir qədər təsəlli tapsa da, ancaq yenə də narahatçılığı hiss olunurdu. O, çarpayıda Salehə yer saldı, onun qoluna girib ehmalca yorğanına saldı.
-Özünü ələ al, Saleh. Hər şeyi ürəyinə salma. Gözünü yuxuya ver, yat. Səhər oğluna zəng edərəm, rayondan həkim gətirər.
-Çalışacağam yatım. Dünən gecə ürəyimin ağrısından heç yatmamışam. Gövhər, birdən...
Sözünün ardını deyə bilmədi Saleh kişi. Boğazı qəhərləndi, gözləri sulandı.
Artıq boz qurdlar lap yaxında ulaşırdılar. Donmuş qar dənələri pəncərə şüşəsinə dəyir, cingildəyir, heyvanların böyürtüsü eşidilir, göyə atılan güllə səsindən yatanlar da səksənirdilər. Bilmək olmurdu ki, gülləni atanlar qurdlara atır, ya da ki, azərbaycanlılara.
Saleh kişi bərk yuxuya getdi. Gövhər peçə bir neçə iri kötüklərdən atıb barmaqlarının ucunda öz çarpayısına yanaşdı. Kişinin ağır durumu onu narahat etsə də, yenə ümidini Allaha bağladı. “Allah rəhm edəndir.” -fikrindən keçirdi və işığı söndürdü Gövhər. Çünki ay işığı otağı işıqlandırırdı.
Səhər sübhdən xoruzların banlamasına oyandı Gövhər. Dərhal közləri sönməkdə olan peçə bir neçə odun atıb onu alışdırdı. Çaydanı peçin üstünə qoydu. Ehtiyatla ərinə yaxınlaşdı və diqqətlə onu süzməyə başladı. Birdən ona elə gəldi ki, əri nəfəs almır. Dərhal qulağını onun sinəsinə dayadı. Yox! Saleh nəfəs almırdı. Açıla qalmış gözləri ilə sanki arvadına nə isə demək istəyirdi. Ancaq imkan tapa bilməmişdi. Demək istədiyi sözləri də sanki gözlərində donmuşdu.
Gövhər qıyya çəkdi, əlini saçlarına atdı. Nəvəsi Azər o biri otaqdan səsə yetişdi. Ancaq iş-işdən keçmişdi. Saleh kişi dünyasını dəyişmişdi... Gövhərin əlindən nə gələ bilərdi ki... Özünü itirməyib tez telefon ilə şəhərə-oğlu Valehə zəng çaldı, ona atasının vəfatı xəbərini çatdırdı.
***
Dəfn mərasimi axşama yaxın keçirildi. Çünki qar çox yağmışdı, qohum-qardaş gəlib çıxana qədər Saleh kişinin meyiti yuyuldu, qəbiristanlığa gedən yol bir qədər də açıldı.
Saleh kişini ancaq azərbaycanlı dəfn etdilər, mərasimə ermənilərdən heç kəs gəlmədi. Dəfn mərasimindən sonra hava da qaraldı, hərə öz evinə dağılışdı.
Gecə yarısı Saleh kişi birdən gözlərini açdı. Hər tərəfi qaranlıq gördü. Ancaq gözlərinin önündə ağ bir pərdənin olduğunu da hiss etdi. Gözləri pərdədən aralananda yenə də zülmət qaranlıq onu bürüyürdü. Bu qaranlıqdan yaxa qurtarmaq mümkün deyildi. Yavaş-yavaş əllərini bayıra çıxartdı. Bəlkə yuxu görürdü? Qaranlıqda gözlərini əlləri ilə ovuşdurdu. Yox, bu yuxu deyildi. “Mən hardayam?! Bura haradır?” Əllərini yenə azca tərpətdi. Bir təhər özünü toplaya bildi. Azca tərpənişi ilə o dəqiqə yuxarı tərəfdən torpağın üstünə gəldiyini hiss edib, bir qədər dayandı. Belə anlaşıldı ki, onu dəfn ediblər. Yox! Bu, ola bilməz!!! Qışqırdı Saleh kişi. Yerində qovruldu. Bir tərəfdən də soyuq onu az qala dondururdu. “Məni qurtarın! Kömək edin mənə!”səsi gəldikcə qışqırırdı.
Saleh kişi nə qədər qışqırdısa da, bir faydası olmadı. Axırda yoruldu, özünə toxtaqlıq verdi.Burdan qurtulmaq yolunu fikirləşdi. Bu real gerçəklik idi ki, o, qəbrin içində idi, onu kəfənə bürümüşdülər, sağ böyrü üzərində uzatmışdılar onu, qabağına taxtalar düzülmüşdü, taxtaların üstünə də həsir vurmuşdular. Əvvəlcə ehtiyatla taxtaları bir-bir aralamaq lazımdı. O zaman yuxarının torpağı aşağıya doğru sürüşəcəkdi. Bütün bu proses zərgər dəqiqliyi ilə aparılmalı idi. Saleh kişiyə bircə o qalırdı ki, təkan verib torpaqdan üzə çıxsın, ancaq nədənsə buna cürət etmirdi. Niyə bəs cürət etmirdi? Ona görə cürət etmirdi ki, fikirləşirdi ki, təkan verərsə, yuxarının torpağı onu qəbrin dibinə sıxar və nəticədə o, torpağın altında qalıb boğular. Ona görə də bir qədər gözlədi. Nəfəsi təngləşirdi.Bir tərəfdən də soyuq tər onu əldən salırdı.
Dualar oxudu: “İlahi, sənə şükranlıq edirəm! Bir halda ki, rəhm edib məni yenidən həyata gətirmisən, imkan ver, güc ver burdan da çıxım. Güc ver, İlahi!” Və birdən həsiri dartdı, bu zaman xeyli torpaq qəbrin boş sahəsinə töküldü və Saleh kişi başı üzərində bəyaz ayın işığını gördü. “Şükür sənə, İlahi!” deyib əlləri ilə torpağı yardı və özünü qəbirdən çıxartdı. Başa düşdü ki, onun ölümü kliniki ölüm imiş. Axı ailə üzvləri bunları necə biləydi.
Soyuq, sazaq onu kəsirdi. Qəbiristanlıqdan evlərinə qədər bir kilometrə qədər məsafə vardı, özü də çılpaq və ayaqyalın idi. Ancaq evə tərəf getməkdən başqa çarəsi qalmamışdı. Tələsik kəfəndən iki parça kəsib ayaqlarına doladı. Lakin bu da ayaqlarının donunu açmadı. Odur ki sürətlə yeriməyə başladı. Elə hey ürəyindən keçirirdi ki, qarşısına qurd-quş çıxmasın. O qədər yol getdi ki, axırda tamam taqətdən düşdü. Aşotgilin darvazalarına çatarkən qarın üzərinə yıxıldı, sürünə-sürünə darvaza qapısına yanaşdı və qapını çırpmağa başladı.
Aşotun evi Saleh kişinin evindən qabaqda idi. Ancaq indi Saleh kişinin başqa çarəsi yox idi, çünki taqəti yoxdu, həm də soyuqdan donurdu.
Bir azdan darvazanın qapısı açıldı. Aşot ehtiyatla qapıdan bayıra boylandı və qonşusu Saleh kişini çılpaq vəziyyətdə-kəfəndə görərkən əvvəl bir az qorxdu, hətta xaç da çəkdi, ancaq məsələni başa düşüb dedi:
-Ara, Salex, bu sansan? Ara, san ölmamısan? Bir dur gorum! Deyasan xortdamısan. Qoy gedim sana paltar gatirim. Axı mən sanın oqlunun kirvasiyam.
O getdi. Saleh kişiyə elə bil ikinci həyat bağışladılar. Nahaq yerə Aşotdan şübhələndiyinə də peşman oldu. “Axı biz həmişə bir birimizə can deyib, can eşitmişik. Oğlumun kirvəsi olub Aşot. Yağlı tikəni onsuz yeməmişəm.”-Səlim kişi soyuqdan dişləri bir-birinə dəyə-dəyə ötən-keçən günləri ani olaraq fikrindən keçirtdi.
Az keçməmiş Aşot qapıda göründü. Ancaq onun əlində yaba vardı. Mənə baxıb hırıldadı:
-Salex, sən mənə illər uzunu çörək versən də mən sənə həmişə düşmən kimi baxmışam. Biz türkləri sevmirik. Sən də türk balasısan. Mən həmişə məqam gözləmişəm ki, heç olmasa bir türkü öldürüm. Sən qəbirdə də ölmədin, çünki güclü adamsan, türklərin hamısı sənin kimi güclüdür. Mən isə indi səni o gəldiyin yerə göndərəcəyəm. Heç olmasa, yer üzündən bir türk azalar.-deyib yabanı ona tuşladı.
Saleh kişi titrəyə-titrəyə:
-Aşot, namərd olma! Biz səninlə heç bir zaman düşmən olmamışıq. Allahdan qorx!
-Yox, Salex, səni öldürəcəyəm. -deyib yabanı onun ürək tərəfinə soxdu.
Aşot Saleh kişiyə yaba ilə on yara vurdu. Daha sonra onu qarın üstü ilə sürükləyib öz darvaza qapısından uzaqlaşdırdı və oğru pişiklər kimi pusa-pusa evinə qayıtdı. Bir azdan hündür təpədən kəndə tərəf bir sürü boz qurd axışdı. Onların önündə gedən başçı Boz qurd meyitin üstündəki qarı ətrafa səpələdi, qanın içində olan meyiti xeyli iylədi və sonra qəzəblə mırıldadı, ağ dişləri parıldadı. Geri baxıb meyiti parçalamağa hazırlaşan sürüyə qəzəblə nəzər saldı, daha sonra bədirlənmiş aya tərəf üzünü tutub uca səslə ulamağa başladı. Sonra meyitin üstünü qarla örtüb geri-hündür təpəyə tərəf götürüldü. Sürü də onunla getdi. Həmin gecə səhərə kimi Boz qurd aramsız uladı və bu çoxlarını qorxuya da saldı. Amma heç kəs Boz qurdun bu qədər ulamasının səbəbini başa düşə bilmədi.
Ertəsi gün Saleh kişinin meyitini tapanlar onu yenidən dəfn etdilər. Ancaq onun bədənindəki yaraların kimlər tərəfindən edildiyini bilmədilər.
Bir gün Aşot meşəyə odun gətirmək üçün getmişdi. Odunları yığıb qayıdarkən cığırın çıxacağında iri bir boz qurdun dayandığını gördü. Elə bil ki, bu boz qurd onu gözləyirmiş. Aşotun əlində silah olsa da, qorxusundan tətiyi basa bilmədi. Boz qurd bir göz qırpımında alıcı quş kimi Aşotun boynunu ağzına keçirtdi və onu bir anda boğdu. Sonra başını yuxarı qaldırıb ulayaraq sürünü yanına çağırdı. Aşota yaxınlaşan qurdlar az bir vaxt ərzində ermənini parça-parça etdilər. Lap axırda yem axtaran bir çaqqal da Aşotun iri sümüyünü ağzına götürüb oradan uzaqlaşdı.
Boz qurd eybəcər bir hala salınmış erməninin cəsədinə baxıb sanki ürəyindən keçirtdi: “Nankor, namərd erməni! Mən körpə ikən yuvamdan çıxıb meşədə azmışdım. Taqətdən düşmüşdüm. O öldürdüyün azərbaycanlı meşədə odun yığarkən mənə rast gəldi və evinə gətirdi. Mənə süd verdi, məni ayağa qaldırdı, mənə güc verdi, böyütdü məni, sonra da məni azadlığa-meşəyə buraxdı. Mən o kişinin çörəyini itirmədim, meyitinin iyindən onu tanıdım və parçalanmasına yol vermədim. Bu erməni isə onun çörəyini itirdi.”
Boz qurd yenə də sürünün önündə gedirdi. Qaliblər kimi gedirdi. Adamlar danışırdılar ki, Boz qurd o gündən etibarən hər gecə Saleh kişinin qəbri üstündə dayanıb üzünü göyə tərəf tutub özünə məxsus olan qəmli nəğmələrini oxuyur:
-A...u...u... A...u...u...
24.10.2021, Lənkəran, Liman şəh.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)