Prezident "Amanat" partiyasının növbədənkənar qurultayında iştirak edib və Rusiya ilə Ukraynanı razılığa gəlməyə çağırıb
Bu xəbəri paylaş
Nur-Sultan, 1 mart 2022-ci il – Hakim “Amanat” Partiyasının (bundan əvvəl “Nur Otan” adlanırdı) növbədənkənar qurultayı 1 mart 2022-ci il tarixində Qazaxıstan Prezidenti və partiya Sədri Kasım-Jomart Tokayevin iştirakı ilə onlayn formatda keçirilib. Qurultay zamanı Qazaxıstan parlamentinin aşağı palatasının spikeri Yerlan Koşanov “Nur Otan” partiyasinin adının “Amanat”a dəyişdirilməsini təklif edib və təklif Sədr tərəfindən təsdiq olunub.
Qurultayın diqqəti əsasən partiya və ölkənin prioritetləri üzərində cəmlənsə də, Prezident Tokayev Ukraynada vəziyyətlə bağlı bəyanatla çıxış edib.
“Bizim mövqeyimiz dövlətimizin təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsinin kəskin zəruriliyindən irəli gəlməlidir.
2010-cu ildə ATƏT-in zirvə görüşünü qəbul edən ölkə kimi biz Avrasiya təhlükəsizliyinin bölünməzliyi prinsipinə təkid edirik. Mən bunu fevralın 10-da Moskvaya səfərim zamanı bəyan etdim. Bölünməzlik və ümumi təhlükəsizlik prinsipi qarşılıqlı etimada əsaslanan qarşılıqlı anlaşmanı nəzərdə tutur. Təəssüf ki, bu baş vermədi. Minsk razılaşması yalnız kağız üzərində qaldı ki, bu da Ukrayna ərazisində hərbi əməliyyatlara gətirib çıxardı.
Geosiyasi vəziyyət görünməmiş dərəcədə kəskinləşib və indi həmin tendensiyanın dönməzliyindən danışmaq vaxtıdır. Ona görə də biz hər iki dövləti danışıqlar masası arxasında təmas nöqtələri tapmağa, saziş əldə etməyə çağırırıq. Başqa yol yoxdur. Pis sülh müharibədən daha yaxşıdır. Sülh olmadan inkişaf olmayacaq.
Qazaxıstan, öz növbəsində, vasitəçilik də daxil olmaqla, bütün mümkün yardımı göstərməyə hazırdır, əlbəttə ki, bunlar tələb olunarsa”, - deyə Prezident Tokayev bildirib.
Rusiyaya qarşı sərt sanksiyaları və Qazaxıstana potensial təsirini şərh edən Prezident Tokayev Təhlükəsizlik Şurası ilə bir sıra işgüzar görüşlər keçirdiyini və Qazaxıstanın davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi üçün hökumət qarşısında konkret vəzifələr qoyduğunu bildirdi. “İqtisadiyyatımız böhranlı vəziyyətdə fasiləsiz fəaliyyətini təmin etmək üçün sanksiyalarla bağlı çağırışları cavab verməyə hazır olmalıdır. İnanıram ki, biz çətinlikləri və çağırışları birlikdə dəf edəcəyik”, - deyə o, bildirib. O vurğulayıb ki, problemləri küçültmək olmaz, amma onları şişirtməyə də dəyməz.
“Amanat” partiyasinin fəaliyyətinə toxunarkən Prezident bir neçə məsələni və prioritetləri müəyyənləşdirib. Bunlar cari milli gündəliyin formalaşdırılması üçün vətəndaşların fikir və təkliflərini toplamaq, mərkəzləşdirilmiş və partiya aparatının səmərəliliyinin artırılması, bürokratiya və kağız süründürməçiliyin azaldılması, eləcə də Məclis və maslixatlardakı siyasi fraksiyaların işinin gücləndirilməsi üçün ümummilli təşəbbüsün başlanmasını əhatə edir. Tokayev həmçinin parlament və ictimai müzakirələrdən istifadə etməyi tapşırıb. O, həmçinin vurğulayıb ki, partiya üzvlərinin işinin qiymətləndirilməsi vətəndaşların problemlərinin həllinə əsaslanmalıdır.
Prezident Tokayev bir daha ölkənin yeni Qazaxıstanın yaradılması ilə bağlı çox böyük vəzifənin icrasına başladığını bildirib və qeyd edib ki, vətəndaşların maraqlarının təşviqi və partiyanın açıqlığı “son dərəcə vacib prioritetdir”.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)