Doğum günün mübarək, əbədiyyət yolçusu! Akif Ağayev (AZpress.AZ)
Bu xəbəri paylaş
Doğum günün mübarək, əbədiyyət yolçusu!
Vətən, torpaq uğrunda canından keçmək, şəhidlik kimi uca məqama, əbədiyyət zirvəsinə yüksələnlərdən oldu Şəmsəddin Təhməzov. Doğma torpaqların işğaldan azad olunması naminə düşmən qarşısında mərmər sinəsini sipər etdi...
Martın 3-də Şəmsəddinin cənnətdə 21 yaşı tamam oldu.
Şəhidimizin doğum günü ilə əlaqədar onun xatirəsinə həsr edilmiş tədbir Masallı rayonunun Güllütəpə kəndində - məzarı önündə keçirildi.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şəhidin ailə üzvləri, digər şəhid valideynləri, Vətən müharibəsi iştirakçıları, kənd sakinləri, media nümayəndələri, şəhidin məktəb müəllimləri və şagirdlər iştirak edirdi.
Şəhidin məzarı önünə gül dəstələri düzüldü, ruhuna dualar oxundu.
Tədbir iştirakçıları şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, Şəmsəddin kimi qəhrəman oğullarımızın həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiklərini qeyd etdilər.
Çıxışlarda şəhidin xatirəsi ehtiramla anıldı – qəhrəmanlığından və vətənpərvərliyindən söz açıldı.
Vurğulandı ki, respublikamızın hər yerində olduğu kimi, Masallıda da şəhid ailələri, müharibə veteranları və digər həssas əhali qrupuna aid insanlar qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi əziz tutulur, adları əbədiləşdirilir.
Məktəblilərin ifasında Vətənə, şəhidlərimizə aid şeirlər səsləndirildi.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.
***
Bildirildi ki, Şəmsəddin Sərvər oğlu Təhməzov 3 mart 2001-ci ildə Masallı rayonunun Güllütəpə kəndində anadan olub.
2007-ci ildə Yeni Zuvand kənd tam orta məktəbinin birinci sinifinə daxil olub. İbtidai təhsilini bu məktəbdə alıb. Sonralar ailə vəziyyəti ilə əlaqədar Beyləqan rayonuna köçdükləri üçün təhsilini Beyləqan şəhər 1№-li tam orta məktəbində davam etdirib. 2016-cı ildə IX sinifi bitirdikdən sonra təhsilini yarımçıq qoyub, əmək fəaliyyətinə başlayıb. İşləyə-işləyə valideynlərinə maddi dəstək göstərib.
2019-cu ilin aprelində SHXÇDX-nin Masallı rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə yerinə yetirməyə başlayıb.
Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açdılar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endirdilər.
İgid əsgərimiz Şəmsəddin Təhməzov Vətən uğrunda döyüşlərdə yüksək qəhrəmanlıq nümunəsi göstərib. Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənlərə qarşı mərdliklə vuruşub.
Cəsur həmyerlimiz oktyabrın 7-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəmsəddin Təhməzov 8 oktyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Masallı rayonunun Güllütəpə kənd qəbristanlığında torpağa tapşırılıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid əsgər Şəmsəddin Təhməzov ölümündən sonra bir neçə medalla təltif edilib.
Akif VAQİFOĞLU,
MASALLI.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)






