Elvin Əzizov "Karlığın və eşitmənin zəifləməsinin müalicəsi varmı?"

Elvin Əzizov "Karlığın və eşitmənin zəifləməsinin müalicəsi varmı?"

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu Elvin Əzizov “Karlığın və eşitmənin zəifləməsinin müalicəsi varmı?” sualını cavablandırıb.

3 Mart tarixi bütün dünyada  Beynəlxalq Qulaq və eşitmə sağlamlığı günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən bütün dünyada təxminən 360 milyona yaxın insan karlıq və eşitmənin bu və ya digər dərəcədə itirilməsindən əziyyət çəkir. Bununla da, karlıq və eşitmənin itirilməsi  ən çox rast gəlinən əlillik formalarından biridir.

İnsan qulağı vasitəsilə eşidir. Bu vacib orqan 5 duyğu üzvlərindən biri olub, insanın ətraf mühitdə olan səs impulslarını qəbul edərək eşitməsinə və nəticədə ünsiyyət qurub ətraf mühiti qavramasına yardım edir. Eşitmənin olmaması, yəni karlıq və yaxud eşitmənin zəifliyi, insanın səsləri qəbul edə bilməməsinə və yaxud çox zəif qəbul etməsinə, nitqdə və ünsiyyətdə, sosial adaptasiyada  problemlərin yaranmasına səbəb olur.

Karlıq və eşitmə zəifliyi 2 cür olur: anadangəlmə və sonradan qazanılmış. Anadangəlmə karlığa və eşitmə zəifliyinə  irsi meyillilik, genetik  xəstəliklər  və ananın hamilə vaxtı keçirmiş olduğu infeksion xəstəliklər, alkoqol və siqaret kimi zərərli vərdişlərdən istifadə, daimi stress və eləcə də vaxtından əvvəl doğuşlar səbəb olur.

Qazanılmış karlıq və eşitmənin zəifləməsi, itirilməsi istər uşaq yaşlarında, istərsə də böyüklərdə iltihabi xarakterli olub, xəstə tərəfindən keçirilmiş kəskin və xroniki orta otitlərdən sonra, həmçinin, qulağa olan mexaniki travmalar, yüksək səs və küylərin daimi və intensiv təsirindən sonra  yaranır. Sadalanan istər anadangəlmə və istərsə də, qazanılmış eşitmə itkisi vaxtında aşkar edilərsə, müalicə və reabilitasiya müsbət nəticələr  verir. 

Bir həkim kimi tövsiyə edirəm ki, eşitmənin itirilməsinin profilaktikası üçün qulaqcıqlarla yüksək tonlarda musiqiyə qulaq asmayın, müntəzəm  olaraq yüksək səs-küylü tədbirlərdə olmaqdan yayının, uşaqları küt və ya iti alətlərlə qulaqlara müdaxilə və eləcə də yad cisimləri qulaqlarına salmağa imkan verməyin. Qulaq ağrısı, qulaqlarda tutqunluq, eşitmə zəifləməsi və ani eşitmə itkisi hiss etdikdə, sonradan fəsadların yaranmaması üçün özbaşına müalicə etməyin, mütləq mütəxəssisə müraciət edin.

-  (012) 404-08-08

-  Bakı, K.Kazımzadə, 118

#ElvinƏzizov #otorinolarinqoloq #həkim

#Həkimməsləhəti #BeynəlxalqQulaqvəeşitməSağlamlığıgünü

#MərkəziGömrükHospitalı #CentralCustomsHospital

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020