Masallıda Beynəlxalq Qadınlar Günü münasibətilə qadın mədəniyyət işçilərilə görüş Akif Ağayev (AZpress.AZ)

 Masallıda Beynəlxalq Qadınlar Günü münasibətilə qadın mədəniyyət işçilərilə görüş

 

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin təşəbbüsü ilə rayonda mədəniyyət sahəsində fəaliyyət göstərən bir qrup qadın mədəniyyət işçisilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə görüş keçirilib.

Əvvəlcə, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qadınların cəmiyyətimizdə artan müsbət rolundan bəhs edib, bu amili ölkəmizdə sivil və dünyəvi prinsiplərin mövcudluğu, habelə ölkə rəhbərliyinin məsələyə olan diqqət və həssas münasibətilə əlaqələndirib. O, ölkədə qadınlara layiqli şəraitin yaradıldığını, müxtəlif ictimai sahələrdə uğurla fəaliyyət göstərən qadınların nailiyyətlərinə sevindiyini bildirib.

B.Qılıncov mədəniyyət sahəsində çalışan bütün qadınları əlamətdar gün münasibətilə təbrik edib, onlara həyat və fəaliyyətlərində müvəffəqiyyət arzulayıb.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin sədri Vəkil İsmailov rayonda mədəniyyət sahəsində çalışan qadınların əmək hüquqlarının qorunması, onların sosial cəhətdən dəstəklənməsi və qeyd olunan sahələr üzrə görülmüş digər işlərdən söz açıb. O, eyni zamanda, qadınların cəmiyyət həyatında fəal iştirakı və potensiallarını reallaşdırmaları üçün ölkədə uyğun mühitin olduğunu vurğulayıb.

Görüşün sonunda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın mədəniyyət işçilərinə hədiyyələr təqdim olunub.

 

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020