ƏLİ ƏLƏMİ - 74 yaş
Bu xəbəri paylaş
ƏLİ ƏLƏMİ - 74 yaş
Bu gün Azərbaycan ədəbiyyatında tanınmış simalardan biri olan Əli Ələmi (Əmirov) 1948-ci ildə mart ayının 12-də Hacıqabul rayonunda anadan olub. 1970-ci ildə Azərbaycan Neft və Kimya institutunu bitirib, ixtisasca "avtomatika və telemexanika" üzrə mühəndisdir.
Əmək fəaliyyətinə 1970-ci ildə Sumqayıt şəhərində, tanınmış elm ocağı olan "Neftkimyaavtomat" ETLİ-də (indiki "Neftqazavtomat" EİM) başlamışdır. 1983-cü ildə Ukrayna EA "Elektrodinamika" institutunda dissertasiya işini müdafiə etmişdir, texnika üzrə fəlsəfə doktorudur.
1986-87-ci illərdə "Neftqazavtomat" EİB-in tabeliyində olan Əli-Bayramlı "Cihazlar" zavodunda direktor vəzifəsində işləmiş, 1994-cü ildən başlayaraq isə 25 il ərzində "Neftqazavtomat" EİM-ə rəhbərlik etmişdir..
2020-ci ildən Azərbaycan Milli Aerokosmik Agentliyində şöbə rəisi və eyni zamanda Azərbaycan Texniki Universitetində dossent vəzifələrində işləyir.
Əli Əmirovun rəhbərliyi altında neft, qaz, neftkimya və energetika sənaye sahələri üçün çox sayda avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemləri, cihaz və qurğuları yaradılaraq, Respublikamızda və xaricdə geniş surətdə tətbiq edilmişdir. Eyni zamanda, onun rəhbərliyi ilə müdafiə sənayesi sahəsində bir sıra xüsusi təyinatlı məmulatlar yaradılmış, seriyalı istehsala buraxılmış və silahlı qüvvələrimizin istifadəsinə verilmişdir.
O, ixtiraçı-alimdir, bir çox elmi məqalələrin və ixtiraların müəllifidir.
Əli Əmirov bu xidətlərinə görə Azərbaycan Respublikasının Əməkdar mühəndisi fəxri adına və “Tərəqqi” medalına layiq görülmüşdür.
O, Ələmi təxəllüsü ilə həm də bədii yaradıcılıqla məşğul olur, şair-qəzəlxandır, yüzlərlə qəzəlin, o cümlədən, iki şeirlər kitabının müəllifidir. Əli Ələmi Azərbaycan Yazıçılar Birliyinin, “Məcməüş-Şüəra” və “Vahid” ədəbi məclislərinin fəal üzvüdür.
Əli Ələmi “Azərbaycan əruzunda rəqəmsal modelləşdirmə” nəzəriyyəsinin müəllifidir. Riyaziyyatın ədəbiyyata tətbiqinə əsaslanmış bu nəzəriyyə klassik əruz vəznini daha asan mənimsəməyə və onu müasir kompüter texnologiyası vasitəsilə geniş surətdə tədqiq etməyə imkan verir.
Əli Ələminin yaradıcılığından bəzi şeir nümunələrini oxucuların diqqətinə təqdim edirik:
ƏLİ ƏLƏMİ
BİR YERDƏ
Qovuşaq arzulara, bizdən uzaq bir yerdə!
Dolaşaq birgə xəyallarda, azaq bir yerdə!
Çəkilək qeybə, pıçıltıyla qəzəllər oxuyaq,
Bir gözəl beytə dönək, sonra yazaq bir yerdə.
Kimi kim çox sevir, ey nazlı mələk, mərcə gələk,
Gah udaq mərci, gülüm, gah uduzaq bir yerdə.
Göylərin gəl yaxasından qoşa ulduz qoparaq,
Eşqə dair nəsə bir rəsm cızaq bir yerdə.
Tanrıdan təb' alaraq, vəcdə gələk, ruhə dönək,
İsidib qəlblimizi, orda qızaq bir yerdə.
Can ataq vəslə, əzizim, bu ömür dəftərinə,
Yazaq eşqin sözünü, hicri pozaq bir yerdə.
Çəksə hicranımız heyrətlə bu dəm son nəfəsin,
Sən çiçək topla, məzarınsa qazaq bir yerdə.
Yenə de, göydən enəndə Ələmi bəxtəvərə:
Qovuşaq arzulara, bizdən uzaq bir yerdə?!
Əbülhəsən Raciyə nəzirə
İki zar ayrı düşmüşdür, o biçarə, bu biçarə!
Deyən çoxdur nədir çarə: o bir çarə, bu bir çarə!
Əgər qismət deyilsə vəsl, içib hicran şərabından,
Olur Fərhad, Məcnun tək o, avarə, bu, avarə.
Deyil hər aşiqə asan, bu yol sonsuz, çətin yoldur,
Nə xeyri var, bu səhradə o yalvarə, bu yalvarə?!
Ona nisbət de varmı, yox, diləndim çöllərə düşdüm,
Baxıb dərd ilə yalvardım o dildarə, bu dildarə.
Niqabın açmadı neynim, bulud saçlım, nədən bilməm,
Baxır, baxsın mənə gizli, o məhparə, bu məhparə.
Nədir axı günahım bəs, neçün məni qəbul etmir,
Açır hər gün ki dərgahın o zəvvarə, bu zəvvarə?
Ələmi şe'r yazdıqca vərəqlər od tutub yandı,
Yazır ta binəva indi o divarə, bu divarə.
AÇILAR XEYRƏ SABAHIM
Mey süzmədin, ey saqi, mənə, nəydi günahım,
Mən badəyə təşnə, səni tutmazmı, de, ahım?!
Küncündə bu meyxanənin, ey pir, aman ver,
Baş qoymağa, məst olmağa, yox özgə pənahım.
Səhradə qəra bəxtimi dandım, səni andım,
Ağ gün mənə bəxş eylə, gəl, ey zülfi siyahım!
De, qəlbinə mən bəs nə təhər yol tapım, ey şux!
Ram etməyə biganələri sözdü silahım!
Ol dilbəri də sən kimi sevdim niyə, bilməm,
Nöqsanmı mənə, qisməti sən verdin, İlahım!
Dikdim gözümü göylərə, ümmid ilə baxdım,
Sandım ki, gülümsündü o, - lütf eylədi Mahım!
Saqi, Ələmi nuş edəcək, süz, o meyindən!
Etdim sənə səcdə, açılar xeyrə sabahım!
NƏ SƏNLİKDİR, NƏ MƏNLİK
Gülür güllük, çəmənlik,.. nə sənlikdir, nə mənlik!
Kim üçündür bu şənlik? Nə sənlikdir, nə mənlik!
Mənim qəlbimdə sənsən, sənin könlündə mən, ta,
O səhra, dağ, düzənlik, nə sənlikdir, nə mənlik!
Dedim ki, yasəməndir saçın, bilməm, nədənsə
Küsübdür yasəmənlik, nə sənlikdir, nə mənlik!
Nə gördüm, nə görüşdük, sənə vuruldum əmma,
Nə lazım üzgörənlik? Nə sənlikdir, nə mənlik!
Köçər fatehlər,.. onda, düşər dünya gözündən,
Deyər: "bu - bir kəfənlik, nə sənlikdir, nə mənlik!"
Oxu, bülbül, mənimlə, oyandı bəlkə yarım,
Əzizim, sözkəsənlik, nə sənlikdir, nə mənlik!
"Ələmi, kim sevər çox, de, mənmi, sənmi?"- sordun,
İki məchullu tənlik, nə sənlikdir, nə mənlik!
QOCALANDA
Gülməzsən, əzizim, nə olar, mən qocalanda,
Olluq ki, gülüş mənbəyi bəzən, qocalanda.
Yaş üstə gəlir yaş, elə gəl-gəl deyirik biz,
Ağırdı bu yük, düşməyək əldən qocalanda.
Düzdür bu, deyiblər, uzun olsa nə qədər də,
Axır doğanaqdan keçər örkən, qocalanda.
Ey dil, yenə də gülşəni ahəstə dolan, gəz,
Gül qoxla, əyil, ləzzət al hərdən, qocalanda.
Bəh-bəh, hələ bülbül kimi sən dil-dil ötərsən,
Gülgün ola güllər, deyər, əhsən, qocalanda.
Ağır oturub, batman olaq, söylədik, ey pir,
Yüngül görünərsən, demə, çəksən qocalanda.
Bir yaxşı qocalmaq hamıya kaş ola qismət,
Ləzzət eləməz heç kimə, erkən qocalanda.
Mən bilməyəcəm, üzdə qırış olsa da, canan,
Çün ki, düşəcək gözlərimə çən qocalanda.
Əl tutmaq Əlidən ki qalıb, gəl tut əlimdən,
Bir gün, görəcəksən axı təksən qocalanda.
Bir vaxt qayıq sahilə dönməz, bil, əzizim,
Yellərlə tapar dil, özü yelkən, qocalanda.
Nolub, Ələmi, hey qocalıqdan söz açırsan,
Az idi, deyərsən, hələ səksən qocalanda.
MƏNİ
Soyunub paltarın ağaclar yenə,
Alıb ağuşuna xəzəllər məni.
Vurğunam ürəkdən bu gözəlliyə,
Bəlkə də qısqanar gözəllər məni.
Necə sevimlidir bu dağ, bu meşə,
Çağırır qoynuna məni həmişə,
Düzü inanmazdım, yadına düşə,
Tanıdı, görmüşdü əzəllər məni.
Boylanır göbələk gizlin xəzəldən,
Özünə xəzəldən evcik düzəldən,
Deyir ki, dadlıyam hər bir gözəldən,
Dadımı bilməkçün üzə(r)llər məni.
Ələmi deyir ki, ehiyat elə,
Əşşi, bu yaşında düşərsən dilə.
Bir gözəl mənimlə tutsa əl-ələ,
Qurtarar əlindən qəzəllər məni!
UŞAĞAM
Mənə yaxın düşmə,.. düşmə əlimə,
Bir azca dələduz, şuluq uşağam.
Aldanma ağarmış əzik telimə,
Kəkili həminki yoluq uşağam.
Düşdüsə beyninə ilham pərisi,
Soyulsun şairin gərək dərisi…
O su pərisinin yoxmu gerisi?
Mən onu axtaran balıq uşağam.
Gah coşub, alışıb, ulduza dönən,
Gah küsüb, üşüyüb, sal buza dönən,
Ələmi, qələmsiz yalqıza dönən,
Sakit, səs-səmirsiz ilıq uşağam.
SUMQAYITDA
Möcüzə yaradıb əməlləriylə,
Can qoyub ər oğlu ər Sumqayıtda!
Səpilib torpağa tər gilə-gilə,
Güllərə çevrilib tər Sumqayıtda!
"Sumqayıt kiçik bir Azərbaycandı",
Ulu Öndərimiz deyib haçandı!
Burda gör, insanlar nə mehribandı,
Yığışaq, süfrəni sər Sumqayıtda!
Tanrım sığal çəkib bu gözəl yurda!
Zikr edən burdadır, şükr edən burda!
Bir zərrə payım var böyük uğurda,
Hər zərrə sayılır zər Sumqayıtda!
Bir zaman dünyanı gəzdi bəd xəbər,
Düşmən hiyləsinə tuş gəldi şəhər,
Şükr olsun, xeyirlə açıldı səhər,
Yenildi xeyirə şər Sumqayıtda!
Gəldi bu şəhərin gözəl çağları,
Bizimçün bəzənib, gəzək bulvarı!
Ələmi, bir gül ver, sevindir yarı,
Güllər gözəlini dər Sumqayıtda!
BİLİNİR
Axır vaxtlar bu kişi çox süst olub,
Fikir, fikir çaşmağından bilinir.
Bəlkə də o, gül qoxlayıb məst olub,
Sağa, sola aşmağından bilinir!
Söz deyirsən, deyir: "sözün qısası",
Hirslənəndə qalxır əldə əsası!
Tanış gəlir onun səbir kasası,
Hərdən dolub-daşmağından bilinir.
Haray çəkir, kimsə yetmir hayına,
Gözləməzdi dostlar ondan yayına!
O da düşüb bir dünyalıq oyuna,
Hamı kimi, yaşmağından bilinir!
Nə bəladır, dünya qopur - cəng olub?
Bəlkə sondur, İsrafildən zəng olub?
Neçə aydır evdə qalıb, ləng olub,
O darıxan başmağından bilinir!
Əldən verməz, hələ gəncdir qələmi!
Qafiyədən duyuq düşdüz, eləmi?
Kim olar o? Ələmidir, Ələmi!
Şer yazıb, coşmağından bilinir!
SƏRBƏST ŞEİRLƏR
sən oksigensən...
qiymətlisən...həyat üçün...
sənin qiymətini vermirlər...
mənisə qiymətləndirirlər...
ölürlər mənim üçün...
bilirlər axı mən oksidləşmirəm
***
qonşumuz oksigen xanımın
iki ekiz uşağı var hidrogen adında
hərəsi bir əlindən tutub
gəzişirlər
su kimi şirindilər
***
uran oğlu uran yüngüllük eləmə...
ağırlaş bir az...
zənginləş...
yoxsa kimə lazımsan...
xeyirəmi yarayacaqsan şərəmi ...
özün fikirləş
***
özünü gümüş yerinə qoyur
bığı boz Aiümınum kişi
parıldayır danışanda gümüşü dişi
dözümlüdür yaxşı keçirir
cərəyan xəstəliyini
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)