Tehranda Azərbaycan ilə İran arasındakı diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub - FOTO

Tehranda Azərbaycan ilə İran arasındakı diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub - FOTO

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Tehranda rəsmi qəbul təşkil olunub.


İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəiyyət İnstitutunun mərasim zalında təşkil olunmuş tədbirdə İran Parlamentinin, Xarici İşlər Nazirliyinin, İran Silahlı Qüvvələrinin və digər dövlət qurumlarının rəsmi şəxsləri, xarici ölkələrin İrandakı səfirləri və diplomatları, ziyalılar, sənət adamları, Tehranda yaşayan azərbaycanlılar, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib.


Dövlət himnlərinin səsləndirilməsi ilə başlanan rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə, Azərbaycan - İran əlaqələrinin ötən 30 il ərzində möhkəmləndiyini və inkişaf etdiyini bildirib. Səfir Azərbaycan Respublikası Prezidentinin Azərbaycan-İran sərhədini dostluq və qardaşlıq sərhədi adlandırdığını, əsrlər boyu tarixi, mədəni, mənəvi dəyərlərlə bir-birinə bağlı olan qardaş xalqlarımızın ürəyinin həmişə bir döyündüyünü qeyd edib.


Əli Əlizadə bu 30 il ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyən İran İslam Respublikasının dövlət rəsmilərinin və hökümətinin Azərbaycan ərazilərinin işğaldan azad edilməsi münasibətilə təbriklərinin  Azərbaycan xalqı və dövləti tərəfindən məmnunluqla qarşılandığını vurğulayıb. Səfir bildirib ki, iki ölkə Prezidentlərinin ötən ilin noyabr ayında səmimi görüşü və iki ölkə arasında əməkdaşlığın daha da artırılmasına dair qərarları münasibətlərimizin daha da inkişafına və keyfiyyətcə yeni mərhələyə daxil olmasına öz tövhəsini verib. Hazırda iki ölkə arasında mövcüd olan Dövlət Komissiyasının, parlamentlərarası dostluq qruplarının, müxtəlif sahələrdə birgə işçi qruplarının səmərəli fəaliyyəti davam edir və qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir, ölkələrimiz müxtəlif platformalarda, regional və beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər.


Əli Əlizadə, hər iki ölkənin qardaş xalqlarının iradəsindən qaynaqlan Azərbaycan-İran münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə, qarşılıqlı səmərəli əməkdaşlığın regionda davamlı sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edərək diplomatik əlaqələrin yaradılmasının 30 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.


İran İslam Şurası Məclisinin təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü, millət vəkili Mahmud Abbaszadə Meşkini çıxış edərək İran Parlamenti və dövlətinin təbriklərini çatdırıb. İranın Azərbaycanla əlaqələrə verdiyi önəmdən, iqtisadi-ticari əlaqələrin artmasından bəhs edən millət vəkili, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin İran xalqını və dövlətini sevindirdiyini bildirib. Mahmud Abbaszadə Meşkini iki ölkə arasında möhkəm bağlara toxunaraq, dahi Şəhriyarın şeirlərindən misralar səsləndirib, İran-Azərbaycan xalqı kimi heç bir xalqın bu qədər yaxın olmadığını bildirib və 44 günlük vətən müharibəsində İran xalqının Azərbaycanla eyni kədəri və sevinci yaşadığını qeyd edib.

 
Tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri də çıxış edərək Azərbaycan və İranın regional əməkdaşlığa verdiyi xüsusi töhfənin əhəmiyyətini vurğulayıb və hər iki ölkəni diplomatik əlaqələrin yaradılmasının 30 illik yubileyi münasibətilə təbrik edib.


Mərasim çərçiəsində, İƏT Mədəniyyət İnstitutunun foyesində Səfirlik tərəfindən “ECO Art” brendi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan-İran xalçalarının sərgisi təşkil olunub. Sərgidə Azərbaycanın Qarabağ bölgəsinin də xalçaları nümayiş olunub və sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.


Rəsmi qəbul, ziyafətin verilməsi və musiqi qrupunun “Sarı Gəlin”, “Ayrılıq”, “Küçələrə su səpmişəm” və digər bu kimi Azərbaycan xalq mahnılarının ifası, eləcə də Azərbaycana aid müxtəlif videoçarxların nümayişi ilə davam etdirilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020