Günel Həsənova: İslahatlar siyasətinin davamı
Bu xəbəri paylaş
Son illərdə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar bütün sahələri əhatə edir. Belə ki, iqtisadi, sosial, siyasi və digər sahələrdə aparılan islahatlar Azərbaycanın dinamik inkişafını təmin edir. Əminliklə demək olar ki, yeni tərkibdə formalaşmış parlament də qanunvericilik sahəsində islahatların aparılmasına böyük töhfələr verməkdədir.
2020-ci ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. Məlum olduğu kimi, altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edən Prezident cənab İlham Əliyev geniş çıxış edərək, söylədiyi nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi, eyni zamanda Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı təhlillər apardı. Qeyd edim ki, cənab İlham Əliyevin ətraflı və dolğun çıxışı Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.
Dövlət başçısının parlamentdə dərin məzmunlu çıxışında qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması təqdirəlayiqdir. Bildirdi ki, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirildi.
Qeyd edim ki, ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır. Bu, çox mühüm məsələdir və bir daha göstərir ki, Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Bir sözlə, Milli Məclisin çoxpartiyalılıq əsasında formalaşması ölkədə sabitliyi, əmin-amanlığı təcəssüm etdirir.
Prezident cənab İlham Əliyev gənclər siyasəti ilə bağlı fikilərini bildirərkən ölkəmizdə əhalinin mütləq əksəriyyətinin gənclər, demoqrafik mənzərənin çox müsbət olduğunu qeyd edib. Çıxışında gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, könüllülər hərəkatından, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə bir sıra addımlar atılmağını vurğulamışdır. “Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründəki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsidir,” – deyən dövlətimizin başçısı ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amilin mövcud olmadığını, lakin anti-Azərbaycan qüvvələrin ölkəmizin xaricində bu amilləri yaratmaq istədiklərini diqqətə çatdırıb. Qeyd edib ki, həmin qüvvələrin özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qrup¬laşmadan artıq əlləri üzülüb və onlara heç inam da qalmayıb. Buna görə də yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Gənc nəslin vətənpərvər, Vətənə bağlı, milli köklərə bağlı olduğunu vurğulayan Prezident İlham Əliyev gənclərin milli ruhda tərbiyə almasının vacibliyini bir daha xatırladıb. Eyni zamanda, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlərin həyata keçirilməli olduğunu, Milli Məclisin və onun müvafiq komitələrinin bu işlə məş¬ğul olub konkret təkliflər irəli sürəcəklərinə ümid bəslədiyini bildirmişdir.
Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir. Dövlət başçısı beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına da toxunaraq, beynəlxalq təmsilçilik məsələləri barədə də ətraflı çıxış etmişdir.
Parlamentin sosial sahə ilə bağlı məsələlərdə daha fəal olmasının vacibliyindən danışarkən Prezident İlham Əliyev bu sahənin, həmişəki tək, prioritetliyini diqqətə çatdırıb, ötən illərdə önəmli addımlar atıldığını və bunun davam etdiriləcəyini bildirmişdir.
Sonda qeyd etmək istəyirəm ki, biz gənclər inanırıq və əminik ki, altıncı çağırış Milli Məclis yeni tərkibdə və yeni müstəvidə bundan sonra da uğurla fəaliyyət göstərəcək və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verəcək. Parlament xüsusilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini quracaq və normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atacaqdır.
Günel Həsənova, Binəqədi Gənclər Evi SXM-in direktoru
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)