Milli peşəkar teatrımızın 149 yaşı tamam olur +FOTO=9
Bu xəbəri paylaş
Milli peşəkar teatrımızın 149 yaşı tamam olur
Bu gün Milli peşəkar teatrımızın 149 yaşı tamam olur. Xalq oyunlarının meydan tamaşalarının tarixi kökləri qədimdir. Təsadüfi deyil ki, elə ilk peşəkar teatrımızın da özülündə yer tutan "Sərgüzəşti -Vəziri xan Lənkəran" komediyası meydan - məzhəkə oyun üslubunda qurulmuşdu.
149 ildir Azərbaycanda teatr adlı cazibədar bir sənət tamaşaçılarının yoluna işıq salır. Ayrı-ayrı bölgələrdə, müxtəlif janrlar üzrə ixtisaslaşmış sənət ocaqları fəaliyyət göstərir.
Sumqayıt Dövlət Dram teatrı da elə milli teatr bayramı ərəfəsində 1968-ci ildə yaranıb. Bu gün teatr həm milli teatr bayramını, həm də özünün ad gününü qeyd edir. Və bu ikiqat bayram Sumqayıt Teatrında maraqlı bir formada qeyd olundu. Öncə dəvət olunmuş şəhər ictimaiyyəti, ziyalılar, qonaqlar teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmovun quruluşunda Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah "komediyasına baxdılar. Qeyd edək ki, əsərin səhnə həlli, uğurlu eksperiment diqqət çəkdi. Tamaşada Əməkdar artistlər Fəranə Musayeva, İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, İlham Səfərli, Vəfa Qurbanova, Yeganə Məmmədvəliyeva, Məryəm Hûseynli, Ceyhun Məhərrəmov, Habil Xanlarov və Etibar Əmirov rol alır.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov qonaqları salamladı, teatr sənətinin mədəni-ictimai, sosial həyatda tutduğu önəmli yeri diqqətə çatdırdı. Diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə, şəhər rəhbərliyinə, habelə şəhərin müvafiq qurumlarına minnətdarlıq bildirdi.
Direktor bildirdi ki, bu il teatrın bayramına Sumqayıt şəhər Gənclər və idman idarəsi də kreativ layihə ilə qoşulub. Təşkilat bir qrup yaradıcı gənci mükafatlandıracaqdır.
Teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov Sumqayıt teatrının keçdiyi şərəfli yolu xatırlatdı və qeyd etdi ki, bu sənət ocağı hər zaman yaradıcılıq konsepsiyası, üslub zənginliyi və repertuar siyasəti ilə seçilib.
Sumqayıt Gənclər və idman idarəsinin rəisi Elgün Hümbətov dövlətimizin gənclər siyasətindən danışdı, bütün sferalarda, o cümlədən mədəniyyət sektorunda da gənclərin özlərini təsdiqi üçün gərəkən şəraitin və qayğının yaradıldığını dedi.
Digər çıxış edənlər ümummilli Lider Heydər Əliyevin teatra doğma münasibətini xatırladılar. Prezodent İlham Əliyevin və 1-ci Vitse- prezident Mehriban Əliyevanın mədəniyyət sahəsinə əlahiddə qayğısından söz açdılar. Vurğulandı ki, bu gün Sumqayıt Dövlət Dram Teatrı peşəkar heyəti ilə şəhər ictimaiyyətinin rəğbətini qazanıb. Kollektivdə istedadlı gənclər çalışırlar.
Sonda Sumqayıt Dövlət Dram Teatrının rejissoru Fuad Kazımov, aktyorlar İlqar İbrahimov və Etibar Əmirov Milli Teatr günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Anar Kərimovun imzaladığı Fəxri Fərmana layiq görüldülər. Habelə Sumqayıt Gənclər və idman idarəsinin rəhbərliyi tərəfindən aktyor oyununda məharət göstərmiş bir qrup truppa üzvü- Əməkdar artistlər Fəranə Musayeva, İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Vəfa Qurbanova, Yeganə Məmmədvəloyeva, Məryəm Hüseynli, Aynur Hümmətova, Oktay Mehdiyev, İlham Səfərli, Akif Mirzəyev, Habil Xanlarov, Ceyhun Məhərrəmov, Ümid Abbaszadə, Elmir Mehtiyev, Şəmistan Süleymanlı, Kamran Muradlı və Etibar Əmirov fəxri-fərmanla təltif olundu.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)








