Adil Əliyev: "Mehriban xanım Əliyevanın əməyi sayəsində Novruz bayramı milli hüdudlardan və folklor müstəvisindən dünya səviyyəsinə yüksəlib"
Bu xəbəri paylaş
Novruz bayramı əsrlər boyu qeyd edilən qədim və adət-ənənələrlə dolu bir bayramdır. Buna baxmayaraq, Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması, təbliği və qeyd edilməsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehribanın xanım Əliyevanın adı ilə sıx bağlıdır. Onun təşəbbüsü və ardıcıl səyləri nəticəsində UNESCO Novruz bayramını Qeyri-maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edib. Bu əlamətdar hadisə 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyası zamanı baş verib.
Eyni zamanda, həmin sessiyada qəbul edilən müvafiq qərara əsasən, Novruz bayramı qeyd edilən siyahıya çoxmillətli nominasiya kimi daxil edilib. Çoxmillətli dedikdə, Azərbaycanla yanaşı, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan kimi ölkələrdə də Novruz bayramının qeyd edildiyi nəzərdə tutulur.
Daha sonra isə 29 noyabr – 2 dekabr 2016-cı ildə Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu dövlətlərdən bir neçəsinin böyük ölkə və uzun müddətdən bəri müstəqil dövlət olmasına baxmayaraq, məhz Azərbaycanın və xüsusən də Mehriban xanım Əliyevanın təşəbbüskar səyləri sayəsində Novruz bayramı beynəlxalq səviyyədə tanınıb və 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü iclasında 21 mart Beynəlxalq Novruz Günü elan edilib.
Başqa sözlə desək, Mehriban xanım Əliyeva Novruz bayramını milli hüdudlardan və folklor müstəvisindən dünya səviyyəsinə yüksəldib. Bu həm də o deməkdir ki, Novruz milli birlik və həmrəylik bayramı olmaqla bərabər, beynəlxalq birlik, sülh və həmrəylik rəmzinə çevrilib. Belə yanaşma isə Ulu öndər, Ümummilli lider, mərhum Heydər Əliyevin Novruz bayramı ilə bağlı dediyi aşağıdakı fikrə əsaslanır: “Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”
Novruz bayramı tarix boyu Azərbaycan xalqının mənəvi birliyini əks etdirən, onun ruhunu yaşadan, onu millət kimi formalaşdıran bir dəyər rolunda çıxış edib. Təsadüfi deyildir ki, 28 il ərzində Azərbaycan xalqının ən ülvi arzularından biri Novruz tonqalını Şuşada, Cıdır düzündə qalamaq və bayramı orada qeyd etmək olub. Bu arzu xalqımızın birliyinin torpaqlarımızın işğalı dövründə də qorunub saxlanmasına kömək edib. Nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində böyük Zəfərimizdən sonra bu arzumuz çin oldu. 2021-ci ildə Novruz bayramı günü Prezident İlham Əliyev Şuşa şəhərində Cıdır düzündə Novruz tonqalını qaladı. Bu tonqal Azərbaycan xalqının heç bir çətinliyə baxmadan səbir, təmkin və mətanətlə gələcəyə doğru addımlamasının, bu yolda özünə inamının daha da yüksəlməsinin, onun milli-mənəvi birliyinin daha da möhkəmlənməsinin və Vətən sevgisinin rəmzi idi.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)