Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib - FOTO

16 mart tarixində Şamaxı rayonunda Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib.


Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən təşkil olunub.


Görüşdə dövlət qurumlarının  nümayəndələri, həmçinin digər aidiyyatı şəxslər iştirak ediblər.


Görüşdə Dövlət Agentliyinin sədr müavini, Elektron Hökumət üzrə İcra Qrupunun rəhbəri Ceyhun Salmanov rəqəmsal hökumət ekosisteminin qarşısında duran çağırışlar, bu istiqamətdə atılan addımlar və gələcəyə baxış,  dövlət informasiya sistemləri və xidmət dizaynı üzrə standartlar, data əsaslı xidmət konsepsiyasının yaradılması, İKT sahəsində kadr hazırlığı və digər məsələlər haqqında danışıb.


Görüşdə təqdimatla çıxış edən Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov elektron hökumət ekosistemi, Mərkəzin strateji hədəfləri, son dövrdə həyata keçirilmiş layihələr, bu layihələr üzrə standartların tətbiqi və risk analizi, 2021-ci il üzrə layihələrin artım dinamikası  və gələcəyə olan planlar haqda məlumat verib.


Tədbirdə, həmçinin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron  xidmətlərin vahid reyestrinin təşkili, Elektron Hökumətin İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı taktiki addımlar, dövlət informasiya sistemlərinə aid verilənlər bazasında mövcud olan məlumatların yenidən strukturlaşdırılması, “ASAN Bridge” Milli Məlubat Mübadiləsi Sistemi, kibertəhlükəsizlik alt qrupunun hesabatı ətrafında məruzələr edilib, geniş fikir mübadiləsi aparılıb.


Elektron Hökumət üzrə İcra Qrupunun sayca 5-ci, pandemiyadan sonra isə keçirilən ilk görüşünün rəsmi tərəfdaşı “BestComp Group” MMC olub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020