BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı humanitar minatəmizləmə fəaliyyətinə dəstək vermək niyyətindədir
Bu xəbəri paylaş
İşğaldan azad edilmiş Qarabağ bölgəsində həyata keçirilən genişmiqyaslı minatəmizləmə əməliyyatları, eyni zamanda dağıdılmış infrastrukturun bərpası üzrə görülən işlər olduqca təqdirəlayiqdir. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMTQAK) ölkəmizdəki nümayəndəsi Quido Ambroso Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə görüş zamanı qeyd edib.
Nümayəndəyə Agentliyin fəaliyyət tarixçəsi, eləcə də Qarabağda hal-hazırda icra edilən humanitar minatəmizləmə əməliyyatları barədə məlumat verilib.
Görüş zamanı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışının təmin edilməsi məqsədilə ANAMA ilə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Humanitar təşkilat olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən minatəmizləmə fəaliyyətinin prioritet istiqamətləri üzrə dəstək göstərmək niyyətində olduğu qeyd edilib.
Bir müddət öncə ANAMA mütəxəssisləri tərəfindən BMTQAK əməkdaşları üçün keçirilən “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” təliminin yüksək səviyyədə təşkilinə görə cənab Quido Ambroso öz təşəkkürünü ifadə edib. Həmçinin Agentliyin bu sahədə icra etdiyi tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)